Məhkəmə qərarları › İş №2(001)-293/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-293/2021

22.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-293/2021 22.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh1 nümayəndəsi və vəkili, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 2-də yerləşən 3 saylı evdən istifadə hüquqlarına 7000 manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin həmin evdən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddia tələbində göstərilən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Hazırki iş üzrə cavabdehlərdən Firuzə iddiaçının mərhum oğlunun arvadı, digər cavabdehlər isə nəvələridir. İddiaçının oğlu X6 xx xxxxxxxx 1991-ci ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından Gülbacı, Rəhimə və Fatimə adlı uşaqları doğulmuşdur. Hazırda hər 3 uşaq yetkinlik yaşına çatmışlar. 1998-ci il təvəllüdlü Cavabdeh4 ailə quraraq ərinin evinə yerləşmişdir. 2017-ci ildə iddiaçının oğlu Yaqub vəfat etmiş, bundan sonra iddiaçının cavabdehlərlə aralarında mübahisələr başlamışdır. Belə ki, Cavabdeh1 gecə evə 2-3 radələrində gəlmiş, bəzən ümumiyyətlə gəlməmiş, Gülbacı və Fatimə adlı qızlar da anaları kimi evə gec gəlmiş, milli-mənəvi dəyərlərə uyğun olmayan hərəkətlər etmələri nəticəsində iddiaçını özündən çıxarmış, onun iradlarına əhəmiyyət verməmişlər. Mənzildaxili münaqiləşərdən əlavə, cavabdehlər evə dair kommunal xərclərin ödənilməsində də iştirak etmirlər. İddiaçı təqaüdçüdür, işləmir, buna görə də, cavabdehlərə təqdim edə biləcəyi kompensasiyanın məbləği 7000 manatdır. İddia tələbində göstərilən ünvan ətrafındakı eyni şəraitli kirayə mənzillərin dəyəri 150 manat təşkil edir. Sonda Ş.A.Nağıyeva məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirib nümayəndəsinin izahatına uyğun izahat verib əlavə olaraq bildirdi ki, məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın keçirilməsinə o maneçilik törətmiş, eksperti evə buraxmamışdır. Çünki, o, evi satmaq fikri yoxdur, belə olan halda evinin qiymətləndirilməsinə razı deyildir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdehlər arasında ailədaxili münaqişələr olmuş, iddiaçı bir çox süni maneələr yaradaraq cavabdehlərin sözügedən mənzildə yaşamalarına çətinliklər yaşatmış, bütün bunlar barədə həm polisə, həm də icra hakimiyyətinə müraciət olunmuş, qanuni tədbirlər görülmüşdür. Hazırda cavabdehlər iddiaçıya məxsus mənzildə yaşaya bilmirlər, çünki iddiaçı onlara bu imkanı vermir. İddia tələbində göstərilən kompensasiya məbləği isə azdır. Ümumiyyətlə, iddianın həmin məlbəği hansı əsasla təklif etməsi məlum deyil. Məhkəmənin qərardadı ilə kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı evin qiymətləndirilməsi ekspertizası təyin edilsə də, iddiaçı ekspertlərə mənzilə daxil olmağa icazə vermədiyindən ekspertizanın keçirilməsi də mümkün olmamışdır. Belə olan halda iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X3 anasıdır. - Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X7 ilə Cavabdeh1 xx xxxxxxxx 1991-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. - “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, cavabdehlər ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə mülki iş materiallarını tədqiq etməklə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İddia tələbində göstərilən mənzilin real bazar dəyərinin müəyyən olunması məqsədi ilə məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-2685/2020 saylı qərardadına əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsə də, ekspertizanın keçirilməsi həvalə olunmuş “xxxx” MMC-dən məhkəməyə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli məktubda göstərilmişdir ki, ekspertizanın keçirilməsinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bununla yanaşı, mülki qanunvericilik mülkiyyət hüququ ilə yanaşı əmlakdan qanuni əsaslarla istifadə edən şəxsin də hüquqları qanunvericiliklə tanınır və həm əmlakın mülkiyyətçisindən, həm də üçüncü şəxslərin müdaxiləsindən qorunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinin məzmununa görə, girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar əmlak hüquqları hesab edilir. Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir.Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğun deyil. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehə təklif edilən 7.000 (yeddi min) manat məbləğində pul cavabdehə və övladlarına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkan verilməsi üçün kifayət hesab edilə bilməz. Həmçinin məhkəmə, hesab edir ki, mübahisəli fərdi yaşayış evinin dəyərinə və yerləşdiyi yerinə görə kompensasiyanın cavabdehə 7.000 (yeddi min) manat məbləğində təklif edilməsini ağlabatan və reallığa uyğun deyil. Buna görə də iddia əsaslı olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar