Məhkəmə qərarları › İş №2(001)-2936/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2936/2021

19.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2936/2021 19.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə (İB) qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbi barədə mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh” İB tərəfindən ona məxsus ünvan 1 ünvanına (abonent kodu – **********00000) hesablanmış 374 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi, həmin borca görə ödənişlərindən tutulmuş 52 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddia ərizəsində göstərilən fərdi yaşayış evi ona məxsusdur. Evə təbii qazın verilməsi ilə bağlı xx xxxxxx 2011-ci il tarixdə cavabdehlə aralarında 8593 saylı müqavilə bağlanmışdır. Həmçiin, xx xxxxxx 2012-ci il tarixdə 9370 nömrəli müqavilə bağlanmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2012-ci il tarixdə akt tərtib edilmişdir. 2021-ci ilin yanvar ayından başlayaraq karta yüklənmiş məbləğdən 2-5 manat arası qalıq borc çıxılmağa başlanmışdır. O, bununla bağlı cavabdeh müəssisəyə müraciət etdikdə ona 2013-cü ildən 394 manat qalıq borcunun olması, müəyyən hissənin tutulduğu, hazırda 324 manat borcun qaldığı bildirilmişdir. O, müraciət edərək abonentin saldosunu, 2012-ci ildən bugünədən ödənişləri barədə çıxarışı əldə etmiş və müəyyən etmişdir ki, 2012-ci ilin 7-ci ayında borcu olmamış, həmin ilin 8-ci ayında artıq 374 manat borcu və qalıq borcun olması göstərilmişdir. Lakin, 2013-cü ilin 4cü ayından 2021-ci ilin yanvar ayınadək heç bir qalıq borc tutulmamışdır. Borcun necə yaranması ona olmadığından o, məsələnin araşdırılması ilə bağlı cavabdehə müraciət etsə də, müsbət cavab almadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçıya təyin olunmuş borc 2010-cu ilin mart ayında sərfiyyata görə yaranmış, oktyabr ayında artıq 353 manat olmuşdur. Həmin borc digər proqrama keçmiş, 2012-ci ilin 11-ci ayından tutmalar başlamış, 2013-cü ilin aprel ayınadək aparılmışdır. Sonradan dayandırılmış və 2021-ci ildən yenidən başlanmışdır. Sonda S.İ.Qasımova məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - 0x xxxx 2012-ci il tarixli, 194384 nömrəli “sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı evinə quraşdırılmış “Actaris” tipli, “G-4” markalı sayğac yeni, “İtron” tipli, “G-4” markalı sayğacla əvəz edilmiş, dəyişdirilmə səbəbi kimi “kütləvi əvəz etmə” göstərilmişdir. - Abonentin saldosundan görünür ki, 2012-ci ilin 7-ci ayına İddiaçı məxsus ünvan üzrə borc olmadığı halda, həmin ilin 8-ci ayı üçün 374 manat borc hesablanmışdır. Həmçinin həmin ilin 11-ci ayından etibarən borcun olmadığı göstərilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, əsaslı olduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübuta yetirməlidir. Hazırki iş üzrə iddiaçıya, yəni təbii qaz üzrə istehlakçıya hansı əsasla borcun hesablanmasını sübut etmə yükü istehsalçının, yəni cavabdeh “Cavabdeh” İB-nin üzərinə düşür. Cavabdehin nümayəndəsi izahatında mövcud borcun 2010-cu ildə yarandığını bildirmiş, buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, iş materiallarında olan abonentin saldosunda İddiaçı 374 manat borcun 2012-ci ilin avqust ayında hesablandığı göstərilmişdir. Beləliklə, cavabdeh iddiaçının borcunun yaranma əsasları barədə məhkəməyə sübut təqdim etmədiyindən borc əsassız hesab edilməli, həmin borca görə iddiaçıdan tutulmuş 52 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı və iddia təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5 – ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu – **********00000) “Cavabdeh” İstehsalat Birliyi tərəfindən hesablanmış 374 manat məbləğində borc əsassız hesab edilərək silinsin. Həmin borca görə İddiaçı tutulmuş 52 manat məbləğində pul vəsaiti “Cavabdeh” İstehsalat Birliyindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar