Məhkəmə qərarları › İş №2(001)-300/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-300/2022

30.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-300/2022 30.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X1rşı əsassız hesablanmış borca görə 321 manatın silinməsinə, vurulmuş maddi ziyana görə 60 manatın, mənəvi ziyana görə 300 manatın tutulmasına, mənzilinə quraşdırılmış mexaniki sayğacın Smart sayğacı ilə əvəz olunmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı əsassız hesablanmış borca görə 321 manatın silinməsinə, vurulmuş maddi ziyana görə 60 manatın, mənəvi ziyana görə 300 manatın tutulmasına, mənzilinə quraşdırılmış mexaniki sayğacın Smart sayğacı ilə əvəz olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış smart kart tipli qaz sayğacı 23.09.2020-ci il tarixdə çıxarılmış və əvəzinə yeni mexaniki qaz sayğacı quraşdırılmışdır. Həmin vaxt onlar evdə olmamış, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməmiş, ümumiyyətlə ona məlumat vermədən və onun xəbəri olmadan qaz sayğacı dəyişdirilmişdir. Halbuki qanunvericiliyin tələblərinə uyğun olaraq ona məlumat verilməli, iştirakı və razılığı ilə sayğac dəyişdilməli və bu barədə onunla müqavilə bağlanmalı idi. Cavabdehin əməkdaşları küçədə sakitcə sayğacı dəyişərək getmişlər. Əvvəlki sayğac normal işləmiş, hər ay 7-8 manat civarında qaz sərfıyyatı ilə bağlı göstərici olmuş, soyuq havalarda isə kombidən istifadə etdikləri təqdirdə 70-80 manat civarında ödənişlər etmişlər. Lakin yeni quraşdırılmış sayğac həddindən artıq çox sərfiyyat göstərir, çox yazır və düzgün hesablama aparmır. Ona məxsus evdə kombi uzun müddət işləməmiş, kombi işlədiyi təqdirdə, dekabr ayının 12-dən işləməyə başlamış, hər ay 200 manat pul yazmış, bu qədər qaz sərfıyyatı işlədilməsi absurddur. O, yaşadığı evin yalnız üç otağından istifadə edir, qalan 6 otaqdan istifadə edilmir. Sayğac 4 ay ərzində, dekabr, yanvar, fevral və mart ayında hər ay 200 manat göstərici ilə 120 manat əlavə yazmışdır, halbuki əvvəlki sayğacda bu göstərici 320 manatdan çox olmamışdır. Abonentin saldosundan da aydın görünür ki, sayğac dəyişildikdən sonra həddindən artıq fərq yaranmışdır. 2020-ci ilin dekabr ayında qalıq borc 87 manat qeyd edilmişdir, artıq 2021-ci ilin yanvar ayından qalıq borc məbləği şişirdilərək 642 manata çatdırılmışdır. Bununla bağlı o, narazılığını bildirmiş, sayğacın dəyişdirilməsini tələb etmiş, lakin tədbir görülməmiş, onun müraciəti əsasında evinə verilən qaz 15.04.2021-ci il tarixdə dayandırılaraq xətt bağlanmışdır. Buna baxmayaraq qazdan istifadə edilmədiyi halda 04.05.2021-ci il tarixdə qalıq borc 597 manat, 04.06.2021-ci il tarixdə isə qalıq borc 642 manat göstərilmişdir. Qaz xətti bağlı olduğu təqdirdə artıq bir ay uçun 45 manat əsassız borc məbləği yazmışdır. Bununla onun istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə tərəfindən təyin olunan ekspertizanın və istifadəsində olan sayğacın yoxlamadan keçirilməsində onun iştirakı təmin edilmişdir. Azəriqaz İB-nin qaz sayğacının yoxlanması barədə MKS-29/1710-01249- 1 saylı 29.03.2022-ci il tarixli rəyi ilə o, razıdır. Belə ki, sayğac onun iştirakı ilə çıxarılaraq yoxlanılmış, bu barədə müvafiq rəy və akt tərtib edilmiş, sənədlərin surəti ona da təqdim olunmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən hesablanmış 321 manat əsassız borc məbləği silinməli, qaz olmadığı üçün qaz balonundan istifadə etdiyinə, elektrik enerjisindən artq istifadə etdiyinə görə ona dəyən maddi ziyana görə 60 manat, cavabdehin təqsiri üzündən keçirdiyi stresə, əsəb gərgirliyinə məruz qalması səbəbindən vurulmuş mənəvi zərərə görə 300 manat cavabdehdən onun xeyrinə tutulmalı, mənzilinə quraşdırılmış mexaniki sayğac Smart tipli sayğacla əvəz edilməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının mülkiyyətində olan evə 23.09.2020-ci il tarixdə yeni mexaniki sayğac quraşdırılmışdır. Bundan sonra iddiaçı qazdan istifadə etsə də, dəyərini ödəməmişdir. Hal-hazırda iddiaçının silinməsini tələb etdiyi borc təbii qazdan istifadə etdiyi sərfiyyatın dəyəridir. İddiaçı evində quraşdırılan mexaniki sayğacın yoxlama zamanı yararlı olması öz təsdiqini tapdığından həmin sayğacın dəyişdirilməsinə, sayğacın qaz sərfiyyatını düzgün hesablamamasına dair iddiaçının tələbləri əsassızdır. Cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi ziyan vurulmamışdır. İddiaçı özü müraciət edərək qazın dayandırılmasını xahiş etmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26.07.2006-cı il tarixli MH seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi döngə 8-də istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 9 otaqlı 194,8 m2 yaşayış 139,7 m2 köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1576 saylı vərəqində qeydiyyata alınmışdır. X2 tərtib etdiyi 18.06.2021-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, abonent İddiaçı aktlar üzrə borcu yoxdur, qaz sərfiyyatına görə ayın sonuna borcu 642,30 manat təşkil edir. X2 tərtib etdiyi 26.08.2021-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, abonent İddiaçı yaşadığı evə 23.09.2020-ci il tarixdə Zenner G 4T mekaniki sayğacı quraşdırılmış, aktlar üzrə borcu yoxdur, qaz sərfiyyatına görə 2020-ci ilin oktyabr ayından 2021-ci ilin may ayınadək borcu 642,30 manat təşkil edir. Bakı Regional Qazın Satışı Departamentinin 17.01.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, ünvan 2 ünvanında istismarda olan G-4 markalı **********4 nömrəli qaz sayğacının növbədənkənar yoxlamasından keçirilməsi üçün Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən müvafiq qaydada çıxarılmasına və qeyd edilən ünvanda istismarda qaz cihazlarının inventar edilməsinə İddiaçı tərəfindən razılıq verilməmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Bakı Regional Qazın Satışı Departamentinin mühəndisi Ş.Tağıyev və İddiaçı tərəfindən tərtib olunan 07.01.2022-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı ünvan 2 ünvanında müvəqqəti mexaniki sayğac qoyulmasına etiraz etmiş, mənzilə Smart tipli sayğac quraşdırılmasını tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.11.2021-ci il tarixli 10\4786 saylı rəyindən müəyyən olunur ki, baxış zamanı ünvan 2 ünvanında mexaniki qaz sayğacından, PQ-4 və kombi cihazından istifadə olunması müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacı evin küçəyə tərəf divarının üzərinə yerdən 1,7 metr hündürlükdə bərkidilmişdir. Sayğaca qaz xətti 15 mm-lik polad qaz borusu vasitəsi ilə 84 mm-lik polad qaz borusundan çəkilmişdir. Sayğac **********4 nömrəlidir. Elektron tabloda göstəricisi 4325 m3-dir. Sayğac üzərində plomb nömrəsi 10981306-dır. Baxış zamanı evin qaz sayğacına daxil olan giriş xəttinin həmçinin Azəriqaz İB-yə məxsus 84 mm-lik ümumi paylayıcı xəttin üzərində kənar qoşulmalar və yaxud qaynaq izləri aşkar edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Azəriqaz İB-nin Metralogiya Departamentinin baş mühəndisi E.Quliyevin, Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi E.Əfəndiyevin, Metrologiya Departamenti SML rəis müavini M.Həsənovun, Metrologiya Departamenti SEŞ-nin rəisi E.Zeynalovun və abonent İddiaçı iştirakı ilə tərtib olunan 29.03.2022-ci il tarixli 51/03-22 saylı aktdan müəyyən olunur ki, Metrologiya Departamentinə Dövlət yoxlamasından keçirilməsi (vizual baxış və sınaq qurğusunda yoxlanması) məqsədi ilə təqdim olunan Zenner G4 mexaniki tipli **********4 nömrəli qaz sayğacına vizual baxış olunmuş, sayğac normal vəziyyətdədir, sayğac nisbi xətalarının yoxlanılması üçün sınaq qurğusuna quraşdırıldı. Sınaq qurğusunun nəticələri aşağıdakılardır. **********4 nömrəli qaz sayğacının nisbi xəta göstəriciləri Qmax (0,20), Qnom (-0,04), Qmm (-0,82) sayğac istismara yararlıdır. Sınaq qurğularının nəticələri (sertifikat) Azərbaycan Metrologiya institutunun nümayəndəsi E.Əfəndiyevə və abonentə təqdim olundu. Azəriqaz İB-nin qaz sayğacının yoxlanması barədə MKS-29/1710-01249-1 saylı 29.03.2022-ci il tarixli arayışından müəyyən olunur ki, 28.03.2022-ci il tarixdə BRQS Departamentindən Dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğacına 29.03.2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş zavod nömrəsi **********4, markası G-4, sayğac tipi Zenner, mexanika göstəricisi 04384 olan qaz sayğacının yararlı olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsi döngə 8-də istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 9 otaqlı 194,8 m2 yaşayış 139,7 m2 köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evində cavabdeh tərəfindən quraşdırılan zavod nömrəsi **********4, markası G-4 olan Zenner tipli mexaniki sayğacın yararsız olması səbəbindən qaz sərfiyyatının düzgün hesablamadığını, bunun nəticəsində ona əsassız borc hesablandığını, cavabdehin əməkdaşlarının hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı iddiaçının iddia ərizəsində istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının özünün iştirakı ilə keçirilən sayğacın yoxlanması zamanı iddiaçının istifadəsində olan mexaniki tipli qaz sayğacının yararlı olması öz təsdiqini tapmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırıması zamanı iddiaçının mülkiyyətində olan evə quraşdırılan mexaniki sayğacın yararlı olması öz təsdiqini tapdığından, iddiaçı cavabdehdən evinə verilən qazın dayandırılmasını xahiş etdiyi üçün ona vurulması mümkün olan maddi və mənəvi ziyana görə cavabdeh məsuliyyət daşımadığından, istifadəsində olan sayğac yararlı olduğu üçün onun dəyişdirilməsinə ehtiyac olmadığından iddia tələbləri əsassızdır, ona görə də tam həcmdə təmin edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyi üçün iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı X1rşı əsassız hesablanmış borca görə 321 manatın silinməsinə, vurulmuş maddi ziyana görə 60 manatın, mənəvi ziyana görə 300 manatın tutulmasına, mənzilinə quraşdırılmış mexaniki sayğacın Smart tipli sayğacla əvəz olunmasına dair iddia ərizəsi təmin edilməsin. İddiaçı ekspertiza tədqiqatının dəyərinə görə 102 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar