Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3004/2022 11.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 28 dekabr 2017-ci il tarixli, 005 saylı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 5-ci blok, 5-ci mərtəbə 294 nömrəli mənzilinİddiaçı sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; -39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. -151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. -152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki iş materiallarından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Mübahisə predmetini təşkil edən mənzil isə Abşeron rayonu, Xırdalan şəhərində yerləşir. İddiaçı isə iddia tələbi ilə faktiki olaraq cavabdehin qeydiyyat ünvanı üzrə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında Cəmiyyətin ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 5-cü blok, 5-ci mərtəbəsində, izolə olunmuş 3 otaqdan ibaret 294 No-li menzilin tikintisi haqqinda 28 dekabr 2017-ci il tarixli, 005 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı (iddiaçı)" FAM-88 MMC Abşeron rayon İH başçısının 14.03.2016-ci il tarixli, 38 saylı sərəncamı ilə ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 5-ci blok, 5-ci mərtəbəsində, izole olunmuş 3 otaqdan ibarət 294 No-li mənzil, pay kimi "Payçı"-ya verməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh adına guya onun həmin mənzilin dəyərinin, yəni 78448 (yetmiş səkkiz min dörd yüz qırx səkkiz) manat ödənilməsi barədə maliyyə arayışı verilsədə "xxxx" MMC-nin xeyrinə faktiki olaraq heç bir ödəniş edilməmişdir. Belə ki, Cavabdeh adına 294 saylı mənzili rəsmiləşdirmiş və bunun müqabində "xxxx" MMC-yə tikinti materialları, yəni kərpic verməsi barədə öhdəlik götürmüş və buna görə də "xxxx" MMC sözü gedən mənzilə dair müqavilə baglamış və sonunda Cavabdeh isə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, müqavilə "xxxx" MMC ile bağlansada sözügedən mənzilə dair "xxxx" MMC-yə heç bir ödəniş edilməmişdir. İddia tələbinə nəzər saldıqda görünür ki, tələb iki hissədən ibarətdir: İ tələb müqavilənin etibarsızlığı, İİ tələb isə əmlakın sahibliyə qaytarılması. Hesab edirəm ki, iddia tələbi müstəsna aidiyyətin təsir dairəsinə düşür. Belə ki, hazırda iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən həmin müqavilənin etibarsızlığını və müqavilə predmetinin onun sahibliyinə qaytarılmasını xahiş edir. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Odur ki, idia ərizəsində cavabdehə qarşı yönələn tələblərdən biri daşınmaz əmlakla bağlı sahiblik hüququnun müdafiəsi ilə bağlı olduğundan və daşınmaz əmlak Abşeron rayonu ərazisində yerləşdiyinə görə məhkəmə hesab edir ki, iddiaya Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır və iddiaçıya izah olunmalıdır ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq məhkəməyə müraciət edilməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35,36, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçınə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3004/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3004/2022
11.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver