Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3025/2024 29.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil, Maraqlı şəxsin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı Tağıyeva Mehriban İbrahim qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Tağıyeva Mehriban İbrahim qızı 12 sentyabr 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Daun sindromu ilə dünyaya gələn övladında həmin sindrom üçün xarakterik olan əlamətlər (uşaq yaşlarından etibarən əqli gerilik və zehni qavramda pozğunluq, nitq inkişafında geriləmə və s.) müşahidə olunur. Xüsusi qulluq və müalicə tələb edən daun sindromundan əziyyət çəkən Mehriban öz hərəkətlərinə rəhbərlik edə bilmir və çox zaman onların mənasını başa düşmür. Ərizəyə əlavə edilən tibbi arayış və 2 Nömrəli X1 həkim psixiatr komissiyasının rəyi də övladının daun sindromundan əziyyət çəkdiyini təsdiq edir. Belə ki, 21 saylı Şəhər Uşaq Poliklinikasından verilən tibbi arayışda göstərilir ki, qızı Tağıyeva Mehriban İbrahim qızı daun sindromu, psixi-fiziki inkişafın geriliyi diaqnozu ilə dispanser qeydiyyatındadır. 2 Nömrəli X1 həkim psixiatr komissiyasının rəyinin qərar hissəsində isə, ağır kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları, nitq inkişafının spesifik pozuntusu ilə bağlı qeydlər aparılmışdır. Eyni zamanda qızının səhhəti ilə əlaqədar olaraq, sosial müavinətin təyin olunması üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 855294 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Tağıyeva Mehriban İbrahim qızının atası X4, anası Ərizəçidır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli arayışının surətindən görünür ki, Tağıyeva Mehriban İbrahim qızına 2 il müddətinə anadangəlmə irsi xəstəlik, daun sindromu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-də sonuncu müayinəyə dair məlumat vərəqəsinin surətindən görünür ki, Tağıyeva Mehriban İbrahim qızı sağlamlıq imkanları məhdud uşaqdır. Diaqnoz anadangəlmə irsi xəstəlik, daun sindromu, yüngül kəmağıllılıq nitq və davranış pozuntusu. 21 saylı şəhər Uşaq Poliklinikası tərəfindən verilmiş arayışın surətindən görünür ki, Tağıyeva Mehriban İbrahim qızı həkim nevropotoloqda daun sindromu, psixi fiziki inkişafın geriliyi diaqnozu ilə qeydiyyatdadır. 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli həkim psixiatr komissiyasının rəyinin surətindən görünür ki, Tağıyeva Mehriban İbrahim qızına ağır kəmağıllıq, qulluq və müalicə tələb edən davranış pozuntuları diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1506 saylı rəyindən görünür ki, Tağıyeva Mehriban İbrahim qızında daun sindromlu şəxsdə orta dərəcəli əqli gerilik müəyyən edilir. Tağıyeva Mehriban İbrahim qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında malik deyil. Tağıyeva Mehriban İbrahim qızı tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Daun sindromlu şəxsdə orta dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, xx.xx.2006-cı il təvəllüdlü Tağıyeva Mehriban İbrahim qızının öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik ekspertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü Tağıyeva Mehriban İbrahim qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü Tağıyeva Mehriban İbrahim qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3025/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3025/2024
29.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver