Məhkəmə qərarları › İş №2(001)-3037/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3037/2021

08.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3037/2021 08.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanan 216 manat cərimənin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı əsassız hesablanan 216 manat cərimənin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehin əməkdaşları tərəfindən 15.10.2020-ci il tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmiş və Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi döngə 9-da yerləşən və faktiki olaraq ona məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Çıxarılmış sayğac dövlət yoxlamasına göndərilmiş və 25.01.2021-ci il tarixdə qaz sayğacının yoxlanılması barədə akt tərtib edilmişdir. Tərtib edilmiş aktda sayğacın plastmas borusunun deşilməsi göstərilərək sayğaca müdaxilə edilməsi bildirilmiş, dəymiş ziyanın bərpasına dair tələbnamədə 2160 m3 qaz itkisi hesablanmışdır və ona 216 manat cərimə edilməsi bildirilmişdir. Lakin onun qaz sayğacının dövlət yoxlamasına verilməsi, rəy verilməsi, barəsində akt tərtib edilməsindən məlumatı olmamış, aktın surəti ona göndərilməmişdir. O, istifadəsində olan sayğaca müdaxilə etməmiş, istifadə etdiyi qazın dəyərini vaxtında ödəmişdir. Sayğaca vaxtında baxış keçirilməməsi birbaşa cavabdehin səhlənkarlığıdır və baş vermiş halların da aradan qaldırılması birbaşa cavabdehin borcudur. Ona görə də Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi döngə 9-da yerləşən və faktiki olaraq ona məxsus fərdi yaşayış evinə əvvəl quraşdırılmış və sökülmüş qaz sayğacı ilə bağlı əsassız hesablanmış 216 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 15.10.2020-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsində qaz sayğacı yenisi ilə əvəz edilmiş, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış, heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir və abonentə təhvil verilmişdir. Akt İddiaçı tərəfindən imzalanmamışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan qaz sayğacının yoxlanılması barədə 23.01.2021-ci il tarixli MSK-29/1710-04590/1 saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh İB-nin Socar **********30991710X04590 saylı 11.12.2020-ci il tarixli telefonoqramına əsasən 11.01.2021-ci il tarixdə əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş 1202AQ**********8 saylı sayğaca baxış zamanı sayğacın klapanı işlək yivli birləşmələrin korroziyaya uğraması, sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 29.01.2021-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsinə baxış keçirilən zaman akt № MSK-29/1710-04590/1 saylı rəyinə əsasən 1202AQ**********8 saylı sayğacın çıxış plasmas borusunun deşilməsi aşkar olunmuş, dəymiş ziyanın hesablanması qərara alınmış, İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh 29.01.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dait tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş 29.01.2021-ci il tarixli ******* saylı akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta gündəlik iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə cəmi 2160 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 216 manat ziyan hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 216 manat ziyan hesablamışdır. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 216 manat silinsin. Cavabdehndən dövlət rüsumuna görə 10 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar