Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3069/2021 28.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” İB tərəfindən tərtib edilmiş ******* saylı, 30.12.2020-ci il tarixli akt əsasında əsassız hesablanmış 958 manat cərimənin silinməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ******* saylı, 31.10.2018-ci il tarixli aktın ləğv edilməsi və onun barəsində “Cavabdeh” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 972 manat məbləğində cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin və tələbinin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13 aprel 2021-ci il tarixli məhkəmə iclasında cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X3 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edildiyi müəyyən edildiyindən bu barədə akt tərtib edilmiş və iddiaçıya cərimə yazılmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evi iddiaçının istifadə və sahibliyindədir. “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən həmin evdə olan G-4 markalı, 1202AQ**********9 nömrəli qaz sayğacına (abonent kodu **********00000) keçirilmiş baxış nəticəsində sayğacda nasazlığın olduğu (mexanikasının ilişdiyi) müəyyən edilmiş və bununla bağlı tərtib edilmiş 31.10.2018-ci il tarixli aktda bu barədə qeyd aparılmaqla sayğac çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Həmin sayğac üzərində aparılmış müayinə zamanı sayğacın yivli birləşmələrinin deformasiyaya və korroziyaya uğraması, sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilmiş və itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 9.720 m3 həcmində ziyanın vurulması əsası ilə akt tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən 972 manat məbləğində pulun iddiaçıdan tutulması barədə qərar qəbul edilmişdir. Bu məbləğ də iddiaçıdan tələb edilir və ötən dövr ərzində onun tərəfindən aparılmış ödənişlərdən 13,40 manat hissəsi məhz bu borcdan (hesablanmış cərimədən) silinmişdir. İddiaçı da sayğacın onun evindən kənarda yerləşdiyini, sayğaca hər hansı müdaxilə etmədiyini, belə bir müdaxilənin olduğu halda da buna görə məsuliyyət daşımadığını, müdaxilə əsası ilə cərimənin qanunsuz hesablandığını iddia edir və cavabdeh tərəfindən tərtib edilmiş ******* saylı, 31.10.2018-ci il tarixli aktın ləğv edilməsini və onun barəsində əsassız hesablanmış 972 manat cərimənin silinməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edildiyi müəyyən edildiyindən bu barədə akt tərtib edildiyini və iddiaçıya cərimə yazıldığını bildirir, bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.2-ci maddəsinə əsasən istehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış və hazırda iddiaçıdan tələb edilən 972 manat məbləğində pul vəsaiti əsassız olaraq hesablanmış kimi qiymətləndirilməli, bu səbəbdən həmin məbləğin ziyan kimi hesablanması üçün əsas olmuş “Cavabdeh” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 31.10.2018-ci il tarixli aktı ləğv edilməli və 972 manat məbləğində borc silinməlidir. Məhkəmə qeyd edir ki, hesablanmış 972 manat cərimə məbləğinin 13,40 manat hissəsi maye qazın alınması üçün ödənilmiş məbləğdən artıq tutulmuşdur. Lakin məhkəmənin qənaəti nəzərə alınmaqla bu məbləğ də əsassız olaraq tutulmuş məbləğdir. Bu səbəbdən həmin məbləğ də iddiaçı tərəfindən silinməli olan məbləğ kimi nəzərə alınmalı və əvəzləşdirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində qaz sərfiyyətinə görə (abonent kodu **********00000) cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 31.10.2018-ci il tarixli akt ləğv edilməli və həmin akt əsasında “Cavabdeh” İstehsalat Birliyi tərəfindən hesablanmış 972 manat məbləğində borc silinməlidir. İddianın qiyməti nəzərə alınmaqla hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və İddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində qaz sərfiyyətinə görə (abonent kodu **********00000) cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 31.10.2018-ci il tarixli akt ləğv edilsin və həmin akt əsasında “Cavabdeh” İstehsalat Birliyi tərəfindən hesablanmış 972 (doqquz yüz yetmiş iki) manat məbləğində borc silinsin. İddiaçı ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq dövlət mədaxilinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-3069/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3069/2021
28.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver