Məhkəmə qərarları › İş №2(001)-307/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-307/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-307/2022 29.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialına qarşı öhdəliyin icrasına və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialına qarşı öhdəliyin icrasına və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onunla sifarişçi SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2013-cü il tarixdə işlərin icrası üzrə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən onun tərəfindən Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri yerinə yetirilmişdir. İcraçı kimi o, həmişə öz üzərinə düşən müqavilə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirmiş, lakin, sifarişçi tərəfindən görülən işlərin bir hissəsinin dəyəri ödənilsə də, müqavilə öhdəlikləri tam yerinə yetirilməmiş və görülmüş bir çox işin dəyəri ödənilməmişdir. Nəticədə o, borc götürməli, mülkiyyətində olan əmlakları satmalı olmuşdur. Dəfələrlə şifahi müraciət etməsinə baxmayaraq sifarişçinin rəhbəri olan Qanuni nümayəndə borcunu ödəyəcəyini, Akkordun hələ qəbul etdiyi işlərin pulunu vermədiyini, gözləməsini ona demişdir. Müqavilə üzrə görülmüş işlərlə bağlı bütün sənədlər tərtib olunaraq sifarişçiyə vermiş, şifarişçi həmin sənədləri Akkorda təhvil vermişdir. Hal-hazırda yerinə yetirilmiş işlərə görə sifarişçinin ona 340000 manat ödənilməmiş əsas borcu qalmışdır. Borcun ödənilməsi ona 7 ildən çoxdur ki, gecikdirilir. Cavabdehin iddia müddətinin təbiqi ilə bağlı ərizəsinə münasibət bildirərək qeyd edir ki, müqavilənin icrası ilə bağlı işi görən işçilər SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialını məhkəməyə verib pullarını tələb edərkən Qanuni nümayəndə ondan məhkəməyə getməməsini, ona olan borcunu Akkordan pul aldıqdan sonra ödəcəyini demiş, bu müddət ərzində o, Samirin sözlərinə inanıb gözləmişdir. Daha sonra onlar birlikdə Qanuni nümayəndə məxsus Qala restoranının ofisində akt tərtib etmişlər. xx.xx.2018-ci il tarixli üzləşmə aktına əsasən Qanuni nümayəndə ona 384000 manat borcunun olmasını etiraf etmişdir. Həmin akta əsasən cavabdeh görülən işlərə görə fiziki şəxs olaraq ona 384000 manat borcu olduğunu etiraf etmişdir. Bu hərəkəti ilə cavabdeh iddia müddətinin axımını kəsmişdir. Bu səbəbdən SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialının iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır. Bir müddət əvvəl ona Akkord tərəfindən pulun cavabdehə ödənilməsi, cavabdeh tərəfindən isə ona olan borcun ödənilməməsi məlum olmuşdur. Bundan sonra o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, xx.xx.2013-cü il tarixli işlərin icrasına dair müqavilə üzrə əsas borca görə 340000 manat, cərimə faizinə görə 119000 manat olmaqla cəmi 459000 manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialından onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı iddia ərizəsini təqdim edərkən ərizəsində tələb olunan digər sənədlərin məhkəmədə təqdim olunacağını göstərmişdir. Məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə daxil olmuş və iddiaçı həmin ərizədən sonra məhkəməyə xx.xx.2018-ci il tarixli aktı təqdim etmişdir. Bu hərəkətlərdən görünür ki, həmin akt saxtakarlıq yolu ilə əldə edilmişdir. Belə ki, aktın yuxarı hissəsində xx.xx.2013-cü il tarixdə direktor Qanuni nümayəndəla müqavilə bağlanıldığı göstərilsə də həmin tarixdə o, direktor olmamışdır. Aktın bağlandığı yer, aktın bağlanmasında tərəflərin şəxsiyyət vəsiqəsi məlumatları, akt bağlanmasında hər hansı şəxsin iştirakı göstərilməmişdir. İddiaçı adını İddiaçı qeyd etsədə öz şəxsiyyətini təsdiq edən məlumatları şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və fin kodunu göstərməmişdir. Aktın tarixi 01 oktyabr 2018-ci il tarix göstərilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2013-cü il tarixli müqavilənin 2.1ci bəndində göstərilmişdir ki, icraçı, sifarişçinin sifarişi əsasında Şəmkir şəhərinin Su Təchizatı və Kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin görülməsini və sifarişçiyə təqdim edilməsini, sifarişçi isə bunun müqabilində xidmətin dəyərinin təhvil təslim aktı imzalandıqdan sonra icraçıya ödənilməsini öhdəsinə götürür. Bu bənddən görünür ki, görülən işlər üzrə icraçı, yəni İddiaçı sifarişçiyə yəni SP X25 X3 2 təqdim etməli və bunun müqabilində tərəflər arasında görülən işlərin siyahısı təqdim edilərək təhviltəslim aktı tərtib edilməlidir. Lakin, iddiaçı 2013-cü və 2014-cü illər üçün iddia etdiyi işlərin görülməsi barədə hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən əsasən, sifarişçiyə görəcəyi işin məbləği (dəyəri) müqavilənin 4.1-ci bəndində göstərilən müddət üçün görülmüş və qarşılıqlı imzalanmış təhvil təslim aktına əsasən görülmüş iş həcminə əsasən ödəniləcək. Bu bənddən də göründüyü kimi İddiaçı 2013-2014-cü illər üzrə görülmüş işlər barədə təhvil təslim aktını məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçının müqavilə təqdim etməsinə baxmayaraq, müqavilənin göstərilən tələbləri həyata keçirilməmiş həmin dövrlər üzrə tərəflər arasında hər hansı öhdəliklər yaranmamışdır. Hazırki, iddia ərizəsində qeyd olunur ki, cavabdeh tərəfindən görülən işlərin bir hissəsi dəyəri ödənilmiş, bir çox hisəsi ödənilməmişdir. Bu halı təsdiq edən sübutlar iddia ərizəsinə əlavə olunmamışdır. Cavabdeh tərəfindən də bu hallar təsdiq edilməmişdir. Qeyd edilən müqavilənin 4.1-ci bəndinə əsasən icraçı görüləcək işlərini xx.xx.2014-cü il tarixdə təhvil verilməli, 6.1-ci bəndinə əsasən sifarişçi icraçıya müqavilədə nəzərdə tutulmuş müddəti ərzində xidmət haqqı olaraq hər təhvil verilmiş iş üzrə imzalanmış təhvil-təslim aktına qiymətin razılaşdırılması protokolu ilə birgə təqdim edir. Heç bir nöqsan aşkar olunmazsa və ya aşkar olunan nöqsanlar aradan qaldırıldıqdan sonra sifarişçi protokola əsasən 10 iş günü ərzində həmin məbləği ödəməyi öhdəsinə götürür. 6.2-ci bəndə əsasən, icraçı ödəniləcək məbləğdən 14 % ÖMV manat çıxdıqdan sonra qalan məbləği iş və xidmətin dəyərini almağa razılıq verir. 6.3-cü bəndə əsasən, sifarişçi tərəfindən tutulan ödəmə mənbəyində vergi dövlət büdcəsinə ödənilir. Göründüyü kimi müqavilənin qüvvədə olma müddəti 1 il göstərilmişdir. Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi xx.xx.2021-ci ildə daxil olmuşdur. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir. İddiaçının nümayəndəsi məhkəmədən əlavə vaxt istəyərək sübutun olduğunun bildirmişdir. Növbəti məhkəmə iclasında iddiaçı xx.xx.2018-ci il tarixli akt təqdim etmişdir. Belə olan halda iddia ərizəsinə həmin akt əlavə olunmamış və məhkəmə araşdırması zamanı iddia ərizəsi ilə bağlı iddiaçı tərəfindən sübubtetmə vəzifəsində yaranmış çatışmazlıqları aradan qaldırılması üçün onda möhürün olması güman edilir ki, həmin möhürlə cavabdehin adından müvafiq sənədlərə təsdiq edərək məhkəməyə təqdim edir. Lakin, təqdim etdiyi müqvailədə və aktda göstərilənlər məhkəmə araşdırmasında sübut olunmur. Çünki, müqavilədə hansı işlərin görülməsi, görəcəyi işlərin dəyəri və sifarişçinin görülən işlər müqavilində hansı məbləğdə pulun ödənilməsi öhdəliyi göstərilməmişdir. İddia ərizəsində qeyd olunr ki, İddiaçı Şəmkir şəhərinin Su Təchizatı və Kanalizasiya sistemlərinin yenidən qurulması işlərini yerinə yetirmiş və görülmüş bir çox işlərin dəyəri ödənilməmişdir. İddia tələbində isə cavabdehdən 450000 manat pul tələb edir. Məhkəməyə təqdim etdiyi xx.xx.2018-ci il tarixli aktda Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layhəsində layihəyə uyğun material təminatı və texnika, yanacaq-sürtgü yağları ilə təmin edilməsində cavabdehin 384000 manat öhdəliynin yaranması göstərmişdir. Məhkəmə araşdırmasında sürtgü yağlarının alınaraq istifadə olunması barədə ödənilmiş qəbz, material təminatı ilə bağlı hansı materialların alınaraq istiafdə olunması barədə qəbz, hansı texnikanın istifadə olunması barədə sənədlər, yəni texnika idarə edən şəxslərlə bağlı müqavilə və 2013-2014-cü illər üzrə bu qeyd olunanların istifadə olunması ilə bağlı hər ay üçün təhvil-təslim aktı, həmin işlərin görülməsi ilə bağlı forma 2 məhkəməyə təqdim edilməmişdir. İddiaçı Dövlət Vergi Xidmətində fiziki şəxs kimi vergi ödəyicisi olaraq qeydiyatdan keçməmişdir. xx.xx.2013-cü il tarixli müqavilədə göstərilmişdir ki, icraçı yəni İddiaçı işlərin müqabilində almış olduğu məbləğdən 14% vergi öhdəliyini üzərinə götürmüşdür. İddiaçı isə heç bir vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır. Müqvavilənin 7.3-cü maddəsinə əsasən icraçı lahiyyənin maddi (əmək haqlarını ödənilməsi material alınması daşınar və daşınmaz əmlakın icarə öhdəlikləri və bütün xərclərlə bağlı ödənişlər) məsuliyyətini öz üzərinə götürür və cavabdehlik daşıyır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlrədən görünür ki, işçilərə ödənilmiş əmək haqqı cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı həmin işçiləri işlətmiş olsaydı əmək haqqı onun tərəfindən ödənilmiş olardı. Məhkəmə iclasında İddiaçı təqdim etdiyi aktda göstərilən sürtgü yağları, material təminatı və onların dəyəri 384000 manat məbləğin haradan yaranması sübut olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-9271 /2017 saylı qətnaməsində göstərilmişdir ki, SP Euro Salda X1 direktoru X12 yəni sifarişçi arasında bağlanılmış işlərin icrası üzrə xx.xx.2013-cü il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, icraçı sifarişçinin sifarişi əsasında müqavilənin 2-ci bəndində göstərilmiş işləri icra etməyi, sifarişçi isə bu xidməti qəbul edib işlərin düzgün aparılmasını yoxladıqdan sonra nöqsan aşkar etmədiyi halda görülən işlərin dəyərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli aktda ekspertiza rəyi olmasına baxmayaraq, İddiaçı saxta sənəd hazırlama dələduzluq cinayətləri üzrə məhkum olduğundan məhkəməni, eksperti yanıltmaq üçün saxta yolla, yəni X8 imzasını və SP Euro Salda X1 möhürünü foto-montaj etməklə saxtalaşdırmışdır. İddiaçı əvvəllər saxta diplom və tələbə hazırlanmasına görə dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bu barədə hökmlər məhkəməyə təqdim edilmişdir. Mülki qanunvericiliyə əsasən iddiaçı iddia müddətini ötürməklə yanaşı təqdim etdiyi müqavilədə hər hansı pul öhdəliyi cavabdeh tərəfindən qəbul edilməmişdir. İddiaçı tərəfindən müqavilə üzrə hər hansı işlər görülməmişdir. Ona görə də İddiaçı cavabdeh SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialına qarşı öhdəliyin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialının direktoru Qanuni nümayəndə iddia ərizəsini qəbul etməyib, Vəkil2 izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, onun Aydınla heç bir müqaviləsi olmamış, bir səhifəlik müqavilə ilə Aydın heç bir iş görməmiş, müqaviləyə əsasən görülən işlərə görə forma 2 tərtib olunmamış, iddiaçının heç bir sübutu yoxdur. O, aktı imzalamamış, iddiaçının müxtəlif sənədləri düzəldib məhkəməyə təqdim etmək bacarığı vardır. O, direktor təyin olunduqdan sonra Aydınla tanış olmuş, lakin onun düz işləmədiyini görüb ondan ayrılmışdır. Aydın onlar üçün heç bir iş görməmiş, o, Aydınla oturub hesablama aparmamış, borc qalığını müəyyən etməmiş, akt tərtib etməmiş, aktın neçə tərtib olunmasını bilmir, əgər akt var idisə iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilərdi. Cavabdeh SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialına mülki iş üzrə xx.xx.2022-ci il tarixinə təyin olunan məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sifarişçi SP Euro Salda MMY Azərbaycan Respublikası Filialı ilə fiziki şəxs olan icraçı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli işlərin icrası üzrə müqavilənin 2.1ci bəndindən müəyyən olunur ki, bu müqaviləyə əsasən, icraçı sifarişçinin sifarişi əsasında Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin görülməsini və sifarişçiyə təqdim edilməsini, sifarişçi isə bunun müqabilində xidmətin dəyərinin təhvil təslim aktı imzalandıqdan sonra icraçıya ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndindən müəyyən olunur ki, sifarişçi müqavilə üzrə görülmüş işin qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndindən müəyyən olunur ki, xx.xx.2013-cü il tarixli işlərin icrası üzrə müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilənin müddəti xx.xx.2014-cü il tarixinə qədər qüvvədədir. Sifarişçi SP Euro Salda MMY Azərbaycan Respublikası Filialı ilə fiziki şəxs olan icraçı İddiaçı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilə müəyyən olunur ki, şifarişçi Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi işinin icrası üzrə işlərin görülməsini, danışıqların aparılmasını, əmək haqlarının paylanmasını, materialların alınmasını, daşınar və daşınmaz əmlakın icarə haqlarının ödənilməsini və digər xərclərlə bağlı ödənişlərin aparılmasını icraçıya etibar etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-1209/2016 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçılar X5, Əsgərov Abış Bəhmən oğlunun və X2 cavabdehlər SP Euro Salda MMY-nin Azərbaycan Respublikasındakı Filialına və Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə qarşı pul tələbi barədə iddiaları qismən təmin edilərək, xx.xx.2013-cü il tarixli 9 saylı müqavilə üzrə 11480 manat pul məbləğinin cavabdeh SP Euro Salda MMY-dən tutularaq iddiaçı X9 ödənilməsi, xx.xx.2013-cü il tarixli 10 saylı müqavilə üzrə 76289 manat pul məbləğinin cavabdeh SP Euro Salda MMY-dən tutularaq iddiaçı Əsgərov Abış Bəhmən oğluna, xx.xx.2013-cü il tarixli 7 saylı müqavilə üzrə 46060 manat pul məbləğinin cavabdeh SP Euro Salda MMYdən tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-2720/2017 saylı qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi iddiaçı Əsgərov Abış Bəhmən oğluna aid hissədə ləğv edilərək yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-9271/2017 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-1209/2016 saylı qətnaməsinin iddiaçı Əsgərov Abış Bəhmən oğluna aid hissədə ləğv edilərək iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-1734/2018 saylı qərarından müəyyən olunur ki, iddiaçı Əsgərov Abış Bəhmən oğlunun və vəkili Vəkil1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-9271/2017-ci il saylı qətnaməsi iddiaçı Əsgərov Abış Bəhmən oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardan daha sonra müəyyən olunur ki, “işə apaellyasiya qaydasında baxılarkən “Filial”ın nümayəndəsi Kənan Şirinzadə tərəfindən təqdim olunan “Filial”ın direktoru X20 Cəfərov arasında bağlanmış “işlərin icrasına dair” xx.xx.2013-cü il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “Filial”ın sifarişi əsasında sözügedən müqavilənin 2-ci bəndində göstərilmiş işləri icra etməyi, “Filial” isə bu xidməti qəbul edib işlərin düzgün aparılmasını yoxladıqdan sonra nöqsan aşkar edilmədiyi halda görülən işlərin dəyərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür.” SP Euro Saldo MMY Azərbaycan Respublikası Filialının direktoru Qanuni nümayəndə ilə fiziki şəxs A.Q. Cəfərov arasında xx.xx.2013-cü il tarixdə bağlanılmış müqaviləyə əsasən, tərtib olunmaqla imzalanan 3 nömrəli xx.xx.2018-ci il tarixli üzləşmə aktından müəyyən olunur ki, Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsində layihəyə uyğun material təminatı və texnika, yanacaqsürtgü yağları ilə təmin edilməsində SP Euro Salda MMY Azərbaycan Respublikası Filialının İddiaçı xx.xx.2018-ci il tarixinə qədər olan ödənilməmiş yekun borcun 384000 manat olması təsdiq edilərək Qanuni nümayəndə və İddiaçı imzaları ilə təsdiq edilmişdir. İcraçı İddiaçı şifarişçi SP Euro Salda MMY Azərbaycan Respublikası Filialına ünvanladığı xx.xx.2021-ci il tarixli müraciətdən müəyyən olunur ki, icraçı xx.xx.2013-cü il tarixli işlərin icrası üzrə müqaviləyə əsasən, görülən işlərin bir hissəsinin dəyərinin ona ödənildiyini, görülən işlərin dəyərinin bir hissəsinin şifahi formada dəfələrlə dəfələrlə müraciət edilsə də sifarişçi tərəfindən ona ödənilmədiyini bildirib, əsas borca görə 340000 manat və 7 il gecikdirməyə görə 5% olmaqla 119000 manat cərimə faizi ilə birlikdə cəmi 459000 manatın ona ödənilməsini tələb edərək, əks halda məhkəməyə müraciət edəcəyi barədə şifarişçiyə xəbərdarlıq etmişdir. SP Euro Salda MMY Azərbaycan Respublikası Filialının təmsilçisi Qanuni nümayəndə məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, qanuni təmsilçisi olduğu SP Euro Salda MMY Azərbaycan Respublikası Filialı ilə İddiaçı arasında heç bir öhdəlik razılaşması olmamış, iddiaçının tələb etdiyi 459000 manat pul məbləği onun sözdə olan mülahizələrindən ibarətdir, heç bir əsası, faktı və sübutu yoxdur. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2013-cü il tarixli müqaviləsinin 2.1-ci bəndindən görünür ki, icraçı sifarişçinin sifarişi əsasında Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən quqrulması layihəsinin görülməsini və şifarişçiyə təqdim etməsini, şifarişçi isə bunun müqabilində xidmətin dəyərinin təhvil təslim aktı imzalandıqdan sonra icraçıya ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin müddəti xx.xx.2014-cü il tarixədək qüvvədə olsa da, 7 il keçdikdən sonra heç bir hüquqi əsası olmayan müqaviləyə görə iddiaçı iddia müddətini ötürmüşdür. Həmin müqavilə üzrə təhvil-təslim aktı və yaxud da işlərin iddiaçı tərəfindən görülməsinə dair heç bir sübutu yoxdur. Görünür iddiaçının hazırkı iddia ərizəsini məhkəməyə təqdim etməkdə onun başqa şəxslərə borcu olmasından irəli gəlir ki, bu iddia tələbi ilə həmin şəxslərdən müəyyən vaxt imkanları əldə edir. Mülki qanunvericiliyə əsasən iddiaçı iddia müddətini ötürməklə yanaşı təqdim etdiyi xx.xx.2013cü il tarixli müqavilə üzrə hər hansı pul öhdəliyi cavabdeh tərəfindən qəbul edilməmiş, iddiaçı tərəfindən hər hansı işlər görülməmişdir. Ona görə də, İddiaçı SP Euro Salda MMY Azərbaycan Respublikası Filialına qarşı pul tələbinə dair iddia ərizəsinin iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 4/1526-5/1189 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 148-ci vərəqəsində olan sifarişçi SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialı ilə icraçı İddiaçı arasında olan xx.xx.2013-cü il tarixli işlərin icrası üzrə müqavilənin “Sifarişçi Direktor N.Q.Rəhimov” qrafasındakı imza X12 tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 107ci vərəqəsində olan sifarişçi SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialının direktoru Qanuni nümayəndəla fiziki şəxs İddiaçı arasında olan xx.xx.2018-ci il tarixli aktda “SP Euro Salda MMY AR Fialının direktoru Qanuni nümayəndə” qrafasındakı imza - Qanuni nümayəndə tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, tədqiqata təqdim edilmiş mülki işin 107 və 148-ci vərəqələrində olan SP Euro Saldo MMY AR Filialının xx.xx.2018-ci il tarixli 3 nömrəli aktında və xx.xx.2013-cü il tarixli işlərin icrası üzrə müqavilədə olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, tədqiqata təqdim edilmiş mülki işin 107 və 148-ci vərəqələrində olan SP Euro Saldo MMY AR Filialının xx.xx.2018-ci il tarixli 3 nömrəli aktında və xx.xx.2013-cü il tarixli işlərin icrası üzrə müqavilədə olan möhür əksləri ekspertizaya təqdim edilmiş edilmiş SP Euro Salda X1 Respublikasındakı Azərbaycan Respublikasındakı Filialının möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 5/520-5/529 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş SP Euro Saldo X1 Azərbaycan Respublikasındakı Filialının direktoru Qanuni nümayəndəla İddiaçı arasında tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 03 nömrəli aktın blankı SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialının 2018-ci ilinə dair blankının sərbəst nümunəsi ilə eynilik təşkil etmir. Rəydən daha sonra müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli, 03 nömrəli aktın üzərində olan möhür əksi relyef klişedən sənədin üzərinə bir başa vurulmuşdur. Həmin möhür əksi ekspertizaya təqdim edilmiş SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialının 2018-ci ilinə dair sənədlərdəki X1 Azərbaycan Respublikasındakı Filialı SP Euro Salda məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edir, eyni klişe ilə vurulmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, təqdim edilmiş xx.xx.2018-ci il tarixli, 03 nömrəli aktın üzərində Qanuni nümayəndə mətninin qarşısında olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli, 03 nömrəli aktın vərəqinə ilkin olaraq imza və möhür əksi icra edilmiş, sonradan aktın mətni çap edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, tədqiqata təqdim edilmiş SP Euro Salda MMY-nin Azərbaycan Respublikası Filialının direktoru Qanuni nümayəndəla İddiaçı arasında tərtib olunmuş xx.xx.2018-ci il tarixli 03 nömrəli aktın üzərində olan möhür əksinin rəngləyicisi ilə sərbəst nümunə qismində təqdim edilmiş SP Euro Salda MMY Azərbaycan Respublikası Filialının xx.xx.2018-ci il tarixli arayışda və xx.xx.2018-ci il tarixli məktubda olan möhür əkslərinin rəngləyiciləri kimyəvi tərkibinə görə fərqlənirlər. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/653 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş xx.xx.2018-ci il tarixli aktda Qanuni nümayəndə imza yazısının qarşısındakı imza Qanuni nümayəndə tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil edir. Məhkəmə iclasında şahid Əsgərov Abış Bəhmən oğlu ifadəsində göstərmişdir ki, o, subpodrat müqaviləsinə əsasən İddiaçı tapşırdığı Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərini yerinə yetirmiş, Aydın ondan başqa Zakir və digər işçiləri dəvət etmiş, şirkət isə onları işə götürmüşdü. O, görülmüş işlərin pulunu almaq üçün SP Euro Salda X1 Azərbaycan Respublikasındakı filialını məhkəməyə vermiş, lakin məhkəmə aktları ilə işi ona İddiaçı tapşırdığından pulu da ondan tələb etməli olması izah edilmişdir. İşlədiyi vaxt tikinti materialını, bornu, yanacağı ona İddiaçı vermiş, Samir, Elnur onlara ancaq əmək haqqı vermişdir. Məhkəmə qərarlarından sonra o, Aydına müraciət etmiş, Aydın ona 2018-ci ildə akt tərtib edildiyini, SP Euro Salda X1 Azərbaycan Respublikasındakı filialının rəhbərinin ona pul verəcəyini, bundan sonra borcunu verəcəyini demişdir. Samir isə ona Akkord pul ödəməlidir, ödəsin pulunuzu verəcəyəm demişdir. Samir ona 10000 manat borcunun olması barədə qəbz vermişdir. Ona gördüyü işlərə görə 30000-31000 manat ödənilmiş, 76289 manat borc qalmışdır. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə Şəmkirdə sukanalizasiya xətlərinin çəkilməsində briqada rəhbəri olaraq işləmiş, onlar Sərxanlı kəndindən Şəmkirdən çıxanadək olan ərazidə su-kanalizasiya xətləri çəkmişlər. Tikintiyə texnikanı o, ya da Aydın gətirmişdir. Aydının onlara 46000 manat borcu qalmışdır. Aydın SP Euro Saldodan pulu alıb verəcəyini ona demişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonunda 2013- 2014-cü illərdə su kanalizasiya işlərinin görüldüyü vaxt ərazini tanıdığı üçün İddiaçı müraciəti əsasında həmin sahəyə Kamaz, traktor və sair texnikaları göndərmiş, texnikaların sahibləri ilə müqavilə bağlanmamış, tikintidə 80 nəfərin pulu verilməmiş, İddiaçı texnikaya görə ona 40000 manat borcu qalmışdır. X24, Aydının sözlərindən pulun bir hissəsi ilə bağlı üzləşmə aktının 2018-ci ildə tərtib olunması məlumdur. Məhkəmə iclasında şahid X18 ifadəsində göstərmişdir ki, o, İddiaçı 2013-cü ildən əvvəl tanıyır. Aydın ona Şəmkirdəki görülməli olan işlərin lahiyəsi, smetası barədə danışmış, o, sənədlərlə tanış olmuş, layihəyə əsasən Şəmkirdə su-konalizasiya xətti çəkilməli idi. O, 2013-cü ildə işə başlayarkən iş barədə Aydınla, Samirlə, Elçinlə danışmış, birinci direktor olan Həsənov Natiqin heç bir səlahiyyəti olmamış, bütün işləri, sərəncamları, göstərişləri Elçin və Samir vermiş, Natiqin həmin vaxt yalnız imza səlahiyyəti olmuşdur. 12 000 000 manatlıq smeta və lahiyə tərtib olunmuş, smetanı Akkord təsdiq etmişdir. Samir bütün işləri onlara tapşırmış, o, işləri icra etmiş, 2013-cü ilin sentyabr ayınadək işləmiş, pul verilmədiyi üçün o, getmiş, Aydın isə qalmışdır. Razılığa əsasən gəlirin 40% SP Euro Salda, 60% ona və Aydına verilməli idi. O, Elçin, Samir, Aydın ilə birlikdə işlərin necə qurulacağı barədə müzakirə aparmış, materialı, sürtgü yağını o, Aydınla birlikdə almış, çəkdiyikləri xərci çıxandan sonra yerdə qalan gəlirin 60% ona və Aydına, 40% Samirə və Elçinə aid idi. Onlar işləməyə başlayanda 23500 manat əmək haqqı borcu olmuşdur. Onlar STP-dən, Sumqayıt texnika parkından texnika, alətlər almış, görülən işlərə görə forma 2 tərtib etmiş, forma 2 onlardan Akkord tələb etmişdir. Onlar forma 2 SP Euro Salda vermiş, SP Euro Salda isə Akkroda vermişdir. 23500 manat əmək haqqı borcu onlara verilməmişdir. 2013-cü ildə SP Euro Salda ilk dəfə iyul ayında, sonra payız onlara pul vermiş, hər dəfə də 40% götürülmüşdür. Görülməli işə görə o, Aydın dəfələrlə borc götürmüşlər. Aydından o, Tovuzda olan qohumları verdikləri borcu tələb etmişlər. O, bu barədə Samirlə danışanda Samir onu hədələmiş, aralarında mübahisə düşmüşdür. X10pısı adlı restoranında 2018-ci ildə Samirlə Aydın arasında hesablaşma aparılmış, Samir 384000 manat borcunun olmasını etiraf etmiş, həmin hesablaşmaya görə Samir 384000 manatı Aydına verməli idi. Həmin vaxt o, Aydın, Abış, Samir orada olmuşlar. Bu barədə akt tərtib olunmuşdur. Başqa yolu olmadığından o, da həmin məbləğlə razılaşmalı olmuşdur. Daha sonra ona Samirin pulu Akkorddan alıb onlara vermədiyini bilmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, o, SP Euro Saldoda mexanik işləmiş, Aydını SP Euro Saldodan tanıyır, iki aylıq əmək haqqını, hər ay 800 manat olmaqla SP Euro Salda ona ödəməmişdir. Şəmkirdə su-konalizasiya xətlərinin çəkilişində görülən işlərə görə onlara əmək haqqını Samir paylamışdır. Aydın onların işinə rəhbərlik edir, işi materialla, texnika ilə təchiz etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iclasında cavabdehin nümayəndələri iddia ərizəsinə qarşı etirazlarında SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialı ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli işlərin icrası üzrə müqavilənin bağlanmadığını bildirsələrdə iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə həmin müqavilənin cavabdehin direktoru X12 tərəfindən imzalanması, müqavilədəki möhürün cavabdehə aid olması öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla daha sonra müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)- 1209/2016 saylı mülki işə baxılarkən cavabdeh SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi tərəfindən xx.xx.2013-cü il tarixli müqavilənin surəti məhkəməyə təqdim edilmişdir. Ona görə də məhkəmə cavabdehin etirazında xx.xx.2013-cü il tarixli müqavilənin SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialı tərəfindən bağlanmamasına dair dəlilini əsassız hesab edib qəbul etmir. Məhkəmə arşdırması zamanı cavabdehin nümayəndələri xx.xx.2013-cü il tarixli müqavilə üzrə icraçı İddiaçı heç bir iş görmədiyini, müqavilə şərtinə əsasən, görülmüş işlər barədə akt tərtib edilmədiyini, sifarişçi xidmətin dəyərini təhvil təslim aktı imzalandıqdan sonra icraçıya ödəməli olmasını bildirsələr də, etirazın bu dəlilləridə sübuta yetirilməmişdir. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, SP Euro Saldo MMY Azərbaycan Respublikası Filialının direktoru Qanuni nümayəndə ilə fiziki şəxs İddiaçı arasında xx.xx.2013-cü il tarixdə bağlanılmış müqaviləyə əsasən, görülmüş işlər üzrə ödənilməmiş qalan borca görə xx.xx.2018-ci il tarixli üzləşmə aktı tərtib olunmuşdur. Bu aktın mətnində tərəflər Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsində layihəyə uyğun material təminatı və texnika, yanacaq-sürtgü yağları ilə təmin edilməsində SP Euro Salda MMY Azərbaycan Respublikası Filialının İddiaçı xx.xx.2018-ci il tarixinə qədər olan ödənilməmiş yekun borcun 384000 manat olması aydın qeyd edilmişdir. Cavabdehin nümayəndələri aktdakı imzanın Qanuni nümayəndə, möhürün cavabdehə aid olmadığını bildirsələrdə, bu hal iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə öz təsdiqini tapmamışdır. Məhkəmə ekspert rəyində aktın 2018-ci ildə cavabdehin istifadə etmədiyi blankda tərtib edilməsinə, aktın vərəqinə ilkin olaraq imza və möhür əksi icra edilməsinə, sonradan aktın mətninin çap edilməsinə, möhür əkslərinin rəngləyicilərinin kimyəvi tərkibinə görə fərqlənməsinə dair qeyd olunan xüsusatlara münasibət bildirərək qeyd edir ki, aktın etibarlı və ya etibarsız olması tərtib edildiyi blankla, ona vurulan möhürün kimyəvi tərkibi ilə müəyyən edilmədiyindən, ekspert aktda olan imzaların icra edilməsi, möhürün vurulması ilə aktın mətnin çap edilməsinin hansı vaxt kəsimində baş verməsini müəyyən etmədiyindən, iddiaçının vəsatəti ilə dindirilən şahid ifadələri ilə aktın 2018-ci ildə tərtib edilməsi, akt tərtib edilərkən şahid X14 danışıqlarda iştirak etməsi, ekspertiza tədqiqatı ilə aktdakı möhürün cavabdehə, imzanın cavabdehin səlahiyyətli şəxsinə aid olması müəyyən olunduğundan rəyin istinad olunan bu xüsusatları tədqiq olunan aktın qanunu pozmaqla əldə edilmiş sübut olması qənatəinə gəlinməsi üçün əsas ola bilməz. Ona görə də məhkəmə iddiaçının bu sübutunu mötəbər sübut növü olaraq qiymətləndirir. Məhkəmə bağladığı müqaviləni, tərtib etdiyi aktı qəbul etməyən cavabdehin iddia tələbinə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirib qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1.-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2.-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya xx.xx.2018-ci il tarixinə qədər olan, ödənilməmiş qalan yekun borcunun 384000 manat olmasını xx.xx.2018-ci il tarixdə etiraf etməklə iddia müddətinin axımını kəsdiyindən, bu tələb üzrə xx.xx.2021-ci il tarixədək tələb hüququ olan iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. Ona görə də məhkəmə cavabdehin iddia tələbinə iddia müddətinin təbiqinə dair ərizəsini əsassız hesab edib qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli işlərin icrası üzrə müqaviləyə əsasən, şifarişçinin icraçıya 340000 manat borcunun qalması öz təsdiqini tapdığından iddia ərizəsi bu hissədə əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə iddiaçının faiz tələbi ilə bağlı qeyd edir ki, cavabdehin vəzifəli şəxsinə etibar edib vaxtında öz hüquqlarından istifadə etməyən iddiaçının hazırda cavabdehə qarşı faiz tələbi irəli sürməsi hüquqdan suistifadə olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu, iş üzrə keçirilən ekspertiza tədqiqatlarının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialından xx.xx.2013-cü il tarixli işlərin icrası üzrə müqaviləyə əsasən, 340000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 340030 manat İddiaçı xeyrinə tutulsun. SP Euro Salda X1 Azərbaycan Respublikasındakı Filialından ekspertiza tədqiqatlarının dəyərinə görə 403 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar