Məhkəmə qərarları › İş №2(001)-3081/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3081/2022

25.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3081/2022 25.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən istifadə edilmiş qazın dəyəri qismində ondan tələb edilən 432 manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi və ödənilmiş 125 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında faktiki olaraq o, yaşayır. Həmin fərdi yaşayış evini 30 sentyabr 2021-ci il tarixdə X1 almışdır. Evi aldıqdan sonra kommunal xidmətlərlə bağlı müqavilə bağlamış, həmçinin cavabdehlə 22 oktyabr 2021-ci il tarixdə qaz alqı-satqı müqaviləsi bağlamışdır. Evi aldıqdan sonra evin əvvəlki sahibi Novruz Ağayev qaz sayğacının 13 oktyabr 2021-ci il tarixdə əvəz edildiyini və bu barədə akt tərtib edildiyini bildirərək aktın surətini ona təqdim etmişdir. Dekabr ayında qaz üçün 125 manat pul yükləyərkən məlum oldu ki, həmin pul borca silinmişdir. Məsələni aydınlaşdırmaq üçün cavabdehin Binəqədi rayon şöbəsinə yaxınlaşdıqda şöbənin əməkdaşı ona bildirmişdir ki, sayğacın dəyişdirilməsi nəticəsində onun qaz pulu olaraq 432 manat borcu vardır, ödədiyi 125 manat da həmin borca çıxılmışdır, o, heç bir borcunun olmadığını bildirsə də əhəmiyyət verən olmamışdır. Sonda məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaya yazılı etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçının iddiası əsassızdır, belə ki, 13 oktyabr 2021-ci il tarixdə çıxarılmış smart tipli sayğac üzrə sayğaca müdaxilə nəticəsində yaranmış qaz itkisinə görə hesablanmış 432.00 manat borc həmin dövrdə istehlakçı olmuş X3 “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında yazılmışdır. Buna görə də iddiaçı həmin borcun silinməsi tələbini deyil, borcun ona aid edilməməsi tələbini qoya bilərdi. Həmçinin, iddaçının 125 manat pulun ondan tutulması tələbi də tam əsassızdır. 13 oktyabr 2021-ci il tarixdə “Zenner G4T Mexanika” tipli sayğac quraşdırılmış, həmin sayğac üzrə borca görə tutma mümkün deyildir. İstehlakçının ödəmiş olduğu 400.74 manat məbləğ isə sayğacın mexaniki göstəriciləri üzrə yaranan 387.50 manat sərfiyyat borcuna görə və 35.44 manat limitdən artıq istifadəyə görə hesablanmış borc məbləği üçün edilmiş ödənişdir. (387.50 + 35.44) - 400.74 = 22.20 manat, 432.00 (akta görə hesablanmış borc) + 22.20 = 454.20. Göründüyü kimi, iddiaçının ödənişləri debitor borca görə həyata keçirilmiş, bu günə həmin hissədən hətta 22.20 manat borcu da qalmışdır. Bir sözlə iddiaçının ödənişindən heç bir çıxma və ya tutma aparılmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iş üzrə bütün sübutları məhkəməyə təqdim etdiyini, iddiasını müdafiə etdiyini, iş qrafiki ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsini müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 30 sentyabr 2021-ci il tarixdə X4 (birinci tərəf) ilə X5 (ikinci tərəf) arasında bağlanmış podrat müqaviləsinin surətindən görünür ki, birinci tərəf X4 ünvan 2 ünvanında 115.34 kv.m-dən ibarət 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsi, təmir edilməsi və sifariçiyə təhvil verilməsi müqabilində ikinci tərəf ilə nəzərdə tutulan işi icra etmək üçün 61.000 manata razılaşmışlar. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi barədə 13 oktyabr 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Novruz Ağayevə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsi, 73-cü korpus ünvanındakı sayğacda elektron lövhə işləmir, sayğacın giriş bağlayıcı klapanı aşkar edilməmişdir. Sayğac yenisi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 yanvar 2022-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı 18 oktyabr 2021-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh ilə İddiaçı arasında 22 oktyabr 2021-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər; **********04261 nömrəli abonent saldosundan görünür ki, onun 2021-ci ili üçün akt üzrə olan borcu 432 manat təşkil edir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşmış, o cümlədən “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmiş mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin hallarından da göründüyü kimi, iddiaçının “432 manat məbləğində borcun silinməsi” tələbi üzrə subyektiv hüququ yoxdur. Belə ki, iddiaçının hazırda mübahisələndirdiyi 432 manat məbləğində borc 13 oktyabr 2021-ci il tarixdə həmin dövrdə istehlakçı olmuş X3 “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında yazılmışdır. Həmin tarixdən sonra isə Cavabdeh ilə İddiaçı arasında 22 oktyabr 2021-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” yeni müqavilə bağlanılmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı istehlakçı kimi istifadə etdiyi qaz sərfiyyatına görə ödədiyi 125 manat məbləğində pulun borca çıxıldığını bildirsə də, işdə olan sənədlərdən görünür ki, 2021-ci ilin aktlar üçün olan borc 432 manat məbləğindədir, yəni 432 manatdan hər hansı məbləğdə pulun çıxılması, borc məbləğinin azaldılması müəyyən edilməmişdir ki, cavabdehin nümayəndəsi də məhkəmə iclasında qeyd edilənləri öz izahatı ilə təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə iddianın bu hissəsini də əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar