Məhkəmə qərarları › İş №2(001)-3088/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3088/2024

21.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3088/2024 21.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ə.ünvan 1 iddiaçıya məxsusdur və o, həmin mənzili 2015-ci ildə müqavilə əsasında X1 almış, sayğac da hal-hazırda həmin şəxsin adınadır. xx.xx.2022-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqda” ******* saylı karta əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ə.ünvan 1 ünvan üzrə qaz sayğacı ZENNER G4T SMART tipli yeni sayğacı ilə əvəz edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”sinə əsasən istehlakçıya məxsus abonent koduna (**********80880) itirilmiş qazın bərpası üzrə 25920 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış 3110,40 manat məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. “Abonent saldosu”ndan görününr ki, X2 məxsus **********80880 saylı abonent hesabına 02/2024-cü il tarixə borc 3065,40 manat təşkil edir. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ə.ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus mənzilə aid sayğacdan qanuna uyğun istifadə edib. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Cavabdehin nümayəndələri tərəfindən sayğac çıxarıldıqdan xeyli müddət sonra akt tərtib edilərək, iddiaçıya heç bir məlumat verilmədən borc yazılmış, ona görə də, əsassız hesablanmış borcun silinməsi zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MTK tərəfindən verilən xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ə.Naxçıvani küçəsi, məhəllə 3068, ev 1, blok 2, mərtəbə 10, 132.96 kv.m 3 otaqlı, 88 saylı mənzili almışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, **********80880 abonent kodu üzrə sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməmiş, sayğacın elementi bitmiş, müvəqqəti element quraşdırılmış, xx.xx.2020-ci il tarixə elektron göstəricisinin 8056 m3 olması aktlaşdırılmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdə 25920 m3 qaz itkisi hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent kodu **********80880 üzrə 2023-cü ilin may ayına 3110,40 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. "İstehlakçıların hüquqlarının müdafıəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə müvafiq olaraq, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.11-ci bəndinə əsasən, qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. Beləliklə, küçədə yerləşən qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlıvaxtında baxış keçirilməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Hesablanmış borc silinməsi tələb edilən borcdan artıq olsa da, məhkəmə irəli sürülmüş tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh abonent kodu: **********80880 üzrə əsassız hesablanmış 3065,40 manat məbləğində borc silinməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən **********80880 abonent kodu üzrə (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ə.ünvan 1) əsassız hesablanmış 3065,40 (üç min altmış beş manat qırx qəpik) manat məbləğində borc silinsin. 50,65 (əlli manat almış beş qəpik) manat məbləğində ödənilməli olan dövlət rüsumu Cavabdehndən dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar