Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3092/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq istehlakçı kimi hüquqlarının bərpa edilməsi, hesablanmış 2592 manat məbləğində cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsində (Lunaçarski) yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə uzun müddətdir yaşayır. xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən Elektron qaz sayğacı mexaniki qaz sayğacı ilə əvəz olunmuş və ******* nömrəli Akt tərtib edilmişdir. Aktda əsasən “ QAZ xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılması və heç bir sızma aşkar edilməməsi və quraşdırlan qaz sayğacı texniki qaydalara cavab verməsi” bildirilmişdir. Bildirir ki, həmin akt 10 noyabr 2022-ci il tarixində olmasına baxmayaraq həmin vaxt belə evdə o olmamışdır. Sözügedən akt tərtib edilərkən övladı iştirak etmiş və sənədlərdən baş açmadığına görə həmin şəraitdən istifadə edilmişdir. Belə ki, 10 noyabr 2022-ci il tarixli aktda həm qaz xəttində sayğacda heç bir problemin olmadığı və yoxlanılıb tərəfə təhvil verilməsi bildirilsə də, həmin aktın qeyd hissəsində “qaz sərfiyyatının qəbul etməməsi qeyd edilmişdir. Həmin dövrdə qaz sərfıyyatında problem olmadığından və həmin dövrlərdə qaz borcunun yaranmadığı təqdirdə nə üçün həmin aktda belə məlumat yazılmalıdır? Bu haqda yazılan Akt nə qədər qanuni ola bilər? kimi suallar yaranmışdır. Təbii ki, belə qənaətə gəlmək olar ki bu akt Binəqədi Rayon Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən qanunsuz tərtib edilmişdir. Həm də bu haqda xəbərdarlıq etmədən, bu şişirdilmiş məbləğdə cərimənin tərtibinin heç bir əsası yoxdur. ASAN Xidmət mərkəzindən verilən Abonent Saldosundan da göründüyü kimi 2023-cü ilin əvvəlinə kimi heç bir borcunun olmaması, lakin 2023-cü ilin yanvar ayından etibrən 1036 və fevral ayı üçün 1555 manat qanunsuz borc yazılmış və bu günə kimi 2592 manat borc (cərimə ) tərtib edilmişdir. Hazırda həmin akt belə rəsmi qaydada tərtib edilsə də ona borcunun olması barədə xüsusi Akt tərtib edilməmişdir. Bilinən problemi isə 11 noyabr 2022-ci il tarixində qeydlər hissəsində qaz sərfıyyatının qəbul edilməməsi bildirilmişdir. Lakin qeyd edir ki, bu haqda ona akt tərtib edilib xəbərdarlıq edilməli və yaranan mübahisənin səbəbini ona ətraflı bildirməli idilər. Buna, baxmayaraq heç bir akt tərtib edilməmişdir. Bu səbəbdən həmin borcun qanunsuz olduğu qənaətinə gələrək məhkəməyə müraciət etmək qararına gəlmişdir. Bildirir ki, heç bir xəbərdarlıq etmədən ona tərtib edilmiş akt məntiqsiz və ağlabatan deyil. Özlərinə bu haqda xəbərdarlıq etməyinə baxmayaraq, məhəl qoyulmamış və qaz xəttini borcu ödəmədiyinə görə kəsmişlər. Aktın qanunsuz olmasını düşünərək məhkəməyə müraciət etmək qərarına gəmişdir. İstehlakçı kimi hüquqlarımın bərpa edilməsi və hesablanmış 2592 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh İB etirazla məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçının "Azəriqaz" İB-yə qarşı iddiasını qəbul etmirlər və hesab edirlər ki, iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçının istifadəsində olan qaz sayğacı əməkdaşları tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı, yəni istehlakçının kənar təsir nəticəsində sayğacın çıxış plastmas borusunu deşməklə istifadə olunan qaz sərfiyyatının qeydə alınmadığı aşkar olunmuşdur. Bu barədə istehlakçının iştirakı ilə xx.xx.2022-ci ildə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" Akt tərtib olunmuş və aşkar olunan nöqsanlar iddiaçının diqqətinə çatdırımışdır. Bunun nəticəsində Birlik tərəfindən itirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək 2592 manat dəyərində faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin etiraz ilə əlaqədar isə bildirmişdir ki, o, akta imza çəkməmiş, onun övladının imza çəkdiyi akt sayğacın yeni sayğacla əvəz edilməsi ilə bağlı olmuşdur. Sayğac dəyişdirilən zaman sayğacda qüsur olduğu bildirilməmişdir. Akta imza çəkiləndə aktda sayğacın yeni sayğacla əvəz edilməsi qeyd edilmiş, digər yazılar qeyd edilməmişdir. Sonradan əlavə edilmişdir. Əgər sayğacda qüsur olsaydı ona dərhal bildirilərdi. Lakin belə qüsur olmamışdır. Olsa belə buna cavabdehin özü məsuliyyət daşıyır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 10 noyabr 2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktın surətindən görünür ki, İddiaçı yaşayış ünvanına məxsus Zenner tipli qaz sayğacı yeni Zenner tipli qaz sayğacı ilə əvəz edilmişdir. Aktın tərtib edilməsində İddiaçı iştirakı təmin edilməmişdir; sayğacın çıxarılma səbəbi kimi sərfiyyatı qeyd etməməsi göstərilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı yaşayış ünvanına (abonent kodu **********00000) quraşdırılmış sayğaca baxış keçirilmiş və aşkar edilmişdir ki, sayğacın çıxış plasmas borusu deşilib. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh tərəfindən tərtib edilmiş 27 fevral 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı yaşayış ünvanına (abonent kodu **********00000) quraşdırılmış sayğaca baxış keçirilmiş və aşkar edilmişdir ki, sayğacın çıxış plasmas borusu deşilib. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 yanvar 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 1 ünvanında (abonent kodu **********00000) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 8640 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 fevral 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı ünvan 1 ünvanında (abonent kodu **********00000) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 12960 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; **********00000 nömrəli abonent İddiaçı məxsus abonentin saldosundan görünür ki, onun 2023-cü ilin yanvar ayının sonuna 1036,8 manat, fevral ayının sonuna 1555,2 manat olmaqla, ümumi qalıq borcu akt üzrə 2592 manat təşkil edir; “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat(hesab) təqdim etməlidir(göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi iddiaçının yaşadığı evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən xx.xx.2023-cü il tarixli, ******* saylı və 27 fevral 2023-cü il tarixli, ******* nömrəli aktlar tərtib etmişdir. Lakin həmin aktların tərtib edilməsində istehlakçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Belə olan halda, xx.xx.2023-cü il tarixli, ******* saylı və 27 fevral 2023cü il tarixli, ******* nömrəli aktlar etibarlı olmadığından məhkəmə hesab edir ki, həmin akt əsasında İddiaçı (Abonent kodu: **********00000) hesablanmış 2592 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 2592 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 45,92 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı (Abonent kodu: **********00000) hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 45,92 (qırx beş manat 92 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3092/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3092/2023
07.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver