Məhkəmə qərarları › İş №2(001)-3099/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3099/2021

13.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3099/2021 13.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi Ərizəçi iştirakı ilə, 25 yanvar 1994-cü il tarixdə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə 13 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızı- 25 yanvar 1994-cü il tarixdə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, X3 25 yanvar 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qızı uzun müddətdir ki xəstədir və kəmağıllıq xəstəliyindən əziyyət çəkir. Dəfələrlə müalicə olmuşdur, lakin nəticəsi olmamışdır və ona “ağır kəmağıllıq” diaqnozu qoyulmuşdur, uzun müddətli müalicələrdə olsa da yaxşılaşma halı baş verməmişdir. Qızına müddətsiz birinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Qızı özünü, hərəkətlərini idarə edə bilmir, hərəkətlərinin nəticəsini, mütəmadi olaraq kənar şəxsin qulluğuna ehtiyacı vardır. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilsə də, maraqlı şəxs öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnaməinin surətindən görünür ki, Ərizəçi X1 anasıdır. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X2 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), nitq və davranış pozuntuları ilə (F72) qeyd olunur. X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3, həmçinin, birinci dərəcəli əlildir. - 26 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, X3 Bakı şəhəri, Binəqədi rayonu 9 saylı şəhər poliklinikasının psixiatriya kabinetində 2009-cu ildən qeydiyyatdadır. Arayışdan görünür ki, 1 qrup əlildir, ağır kəmağıllıq, nitq və davranış pozuntuları xəstəliklərindən əziyyət çəkir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq R.İ.Sultanovun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ambulator məhkəmə - psixatrik ekspertizasının 19 iyul 2021-ci il tarixli, 1486 saylı rəyində qeyd olunmuşdur ki, X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. 25 yanvar 1994-cü il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar