Məhkəmə qərarları › İş №2(001)-31/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-31/2023

31.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-31/2023 31.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 776 D saylı bağ sahəsində cavabdehlər tərəfindən inşa edilən qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 775 A ünvanında yaşayır. Həmin bağ sahəsinin qonşuluğunda, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 776 D ünvanında yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 AR Şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş ara məsafəsi saxlanılmadan qanunsuz tikinti işləri aparmışdır. Belə ki, tikinti işləri zamanı razılaşdırılmış tikinti layihəsinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq 2,80 metr ara məsafəsi saxlanılmalı olduğu halda, faktiki olaraq 1 metr ara məsafəsi saxlanılmışdır. Bu səbəbdən də iddiaçı qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı, digər Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi-vəkili məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 776D saylı bağ sahəsində yerləşən torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir və bu hüquq ona xx.xx.2020-ci il tarixdə verilərək qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 776D saylı bağ sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikiliyə aparılmış baxış zamanı müəyyən olunmuşdur ki, təsdiq olunmuş layihədə nəzərdə tutulan və qanunvericiliklə təsbit olunmuş ara məsafəsi pozulmaqla yanaşı, tikinti obyektinin quruluşu parametrlərindən kənarlaşmalara yol verilmişdir. Belə ki, tikilinin şərq fasadı boyunca əlavə artırmalar inşa olunmuşdur ki, bu da Şəhərsalma və Tikinti Məcəlləsinin tikintiyə icazənin verilməsi üzrə icraat, məlumatlandırma icraatı ilə bağlı müddəalarına, eləcə də şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə riayət edilməməsi anlamına gəlir. Cavabdeh2 məxsus təsdiq olunmuş layihənin Baş plan hissəsində hasarla tikili arasında olan ara məsafəsi 3.1 m. göstərilmişdir. Lakin müəyyən olunmuşdur ki, məsafə kəskin azaldılaraq tikintinin hasarla ara məsafəsinin ən yaxın hissəsi 1.16 m. təşkil edir. Həmçinin, Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq hündürlüyü 7.40 metr olan fərdi yaşayış evindən hasara qədər olan ara məsafəsi ən azı 2.22 metr olmalı halda, tikili ilə hasar arasındakı ara məsafəsi 1.16 metr təşkil edir. Bu isə tikilinin hasara 1.06 metr daha yaxın tikildiyini göstərir. Tikintisi aparılmış fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4, 69.5.2-1-cu maddəsinə, Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqini təmin etmək məqsədi ilə hazırlanmış və Nazirlər Kabinetinin 2014-cü ilin 11 mart tarixli, 72 nömrəli qərarı ilə təstiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”, Şəhərsalma və Tikinti Məcəlləsinin tikintiyə icazənin verilməsi üzrə icraat, məlumatlandırma icraatı ilə bağlı müddəaları, eləcə də şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşa edilməmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8283 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 776D saylı bağ sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş eni 10 metr, uzunluğu 11 metr, hündürdülü isə 6.6 metr olan tikiliyə dair “X3”nin hazırlandığını və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqləndiyini nəzərə alaraq cavabdehlər tərəfindən inşa edilən tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin tələblərinə uyğun olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə görə hündürlüyü 6.6 metr olan bağ evi ilə, həmin evin yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan ara məsafəsi 1.98 metr müəyyən edilmişdir. Faktiki vəziyyətdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikili ilə, həmin tikilinin inşa olunduğu torpaq sahəsinin sərhədinə qədər olan məsafənin 1.3 metr, digər tərəfdən 1.5 metr olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur. Belə ki, Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Məcəllənin 14.2-ci maddəsində sadalanmışdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur. Mülki Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Beləliklə, mülki iş materiallarından müəyyən edilir ki, cavabdehlər tərəfindən inşa olunmuş bağ evinə dair "xxxx" X5 MMC tərəfindən, ünvan 3 ünvanda X4 məxsus bağ evinin X3 (məlumatlandırma icraatı) hazırlanmış, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə təqdim olunmuşdur. Bundan sonra sözügedən layihə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli məktubu ilə təsdiqlənmişdir, (i.v. 52) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi maddə 80. Məlumatlandırma icraatı: 80.1. -Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq- planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Ekspert rəyindən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mişar daşından iki mərtəbəli fərdi yaşayış evi inşa olunmuşdur. Ölçü işləri aparılan zaman, fərdi yaşayış evinin eninin ölçüləri mülki iş materiallarında mövcud olan həmin evə dair tərtib olunmuş “X3’’nin göstəriciləri ilə uyğun olduğu müəyyən olunmuşdur. Tədqiq olunan fərdi yaşayış evi ilə istifadəsində olan torpaq sahəsinin sərhəddinə qədər olan məsafə bir tərəfdən 1.3 metr, digər tərəfdən isə 1.5 metrdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4, 69.5, 69.5.1, 69.5.2-1 bəndlərində göstərilir: 69.4 bəndi - ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini müəyyən edilir: 69.5 bəndi – divar hündürlüyünün 0.6 hissəsi. 69.5.2-1 bəndi – bu məcəllənin 80-cı maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi. Yuxarıda göstərilənləri nəzərə alaraq qeyd olunur ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində qonşu tikililər və ərazilər arasındakı məsafə deyil, inşa olunan tikilinin yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə nəzərdə tutulmuşdur. Beləliklə, Cavabdeh2 məxsus ünvan 3 saylı bağ sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş eni 10 metr, uzunluğu 11 metr, hündürlüyü isə 6.6 metr olan tikiliyə dair olunmuş “X3’’nin hazırlandığı və Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən təstiqləndiyini nəzərə alaraq cavabdehlər tərəfindən inşa edilən tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin tələblərinə uyğun olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə görə, hündürlüyü 6.6 metr olan bağ evi ilə, həmin evin yerləşdiyi torpaq sahəsinin sərhəddinə qədər olan ara məsafəsi 1.98 metr və faktiki vəziyyətdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikili ilə, həmin tikilinin torpaq sahəsinin sərhəddinə qədər olan məsafə bir tərəfdən 1.3 metr, digər tərəfdən 1.5 metr olduğu müəyyən olunur. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı cavabdehlərə qarşı mövcud iddia tələbini göstərilən obyektin tikintisinin cavabdeh tərəfindən zəruri icazə alınmadan aparılmasına, qeyd edilən tikilinin özbaşına (qanunsuz) tikili olmasına və bu tikilinin onun tikintisi üçün səlahiyyətli orqanların sərəncamı olmadan tikilməsi ilə əsaslandırmışdır. Lakin, işin həqiqi halları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, “776 D” saylı bağ sahəsi iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilmiş və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli tarixli məktubu ilə təsdiqlənmişdir. Mülki iş materiallarından görünür ki, AR ƏMDK-nin DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən “776 D” saylı bağ sahəsində yerləşən torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir və bu hüquq ona xx.xx.2020-ci il tarixdə verilərək qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən “776 D” saylı bağ sahəsi özbaşına tikil deyil, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli tarixli məktubu əsasında tikildiyindən, o cümlədən, qeyd edilən tikili iş üzrə İddiaçı tərəfindən deyil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edildiyindən, mövcud iddia tələbi əsassızdır. Həmçinin Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlər tərəfindən inşa edilmiş tikilinin onun hansı hüquq və qanunla qorunan maraqlarını pozması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratması barədə hər-hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 227 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə texniki-tikinti ekspertiza tədqiqatlarının dəyərini təşkil 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar