Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3140/2023 18.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, **********00000 saylı abonent kodu olan sayğac Binəqədi rayonu, Xocəsən qəsbəsi, Həmid Sultanov küçəsində yaşamış 26.01,2023-cü il tarixində rəhmətə gedən X1 məxsusdur. İddiaçı isə onun oğludur. Atasının 40 mərasimindən sonra qaz sayğacının anasının adına keçirilməsi üçün Asan Kommunal Mərkəzinə yaxınlaşmışdır. Orada onlara 2022-ci ilin fevral ayından 518,40 manat cərimə borcunun olması barədə məlumat verilmişdir. Həmin borcu ödəmək üçün öhdəlik götürülməsi barədə ərizə yazmağı bildirilmişdir. Cərimə barədə heç bir bildiriş olmadığı onların nəzərinə çatdırılmışdır. Asan Kommunal Mərkəzinin əməkdaşı heç bir sübut olmadan yazılmış cərimə borcunu sistemə yerləşdirmişdir. İddiaçı onlara bununla əlaqədar irad tutduqda Bakı X2 Departamentinə müraciət etməyini bildirmişlər. Bununla əlaqədar İddiaçı Bakı X2 Departamentinə ərizə ilə müraciət etmişdir. İki həftə sonra ona məktub və aktın surətini təqdim etmişlər. Bu 1 il ərzində cərimə borcu barədə heç bir bildiriş təqdim olunmamışdır. Hər ay nəzarətçi tərəfindən qaz sərfi barədə bildiriş verilərkən həmin cərimə borcu barədə bildirişdə qeydlər olmamışdır. Hətta hər ay ödəniş terminallarında ödəniş edilən zaman həmin cərimə borcu barədə bildiriş qeyd edilməmişdir. Cari ilin fevral ayının bildirişində də cərimə olmadığı barədə öz əksini tapmışdır. Sayğac dəyişilərkən müəyyən müddət öncə bu barədə abonentə bildiriş məktubu göndərilməlidir. Halbuki, sayğac onların xəbəri olmadan dəyişdirilmişdir. Sayğac dəyişdirilərkən abonentin və qonşunun şahidliyi ilə videokamera görüntüləri çəkilməlidir. Lakin bu barəcə heç bir sübut təqdim olunmamışdır Sayğaca müdaxilə aşkar edildikdə videokamera görüntüləri çəkilməli, akt tərtib olunarkən atası laboratoriyaya dəvət olunmalı və hər iki tərəf aktları imzladıqdan sonra bir nüsxəsi atasına təqdim olunmalı idi. Lakin atası laboratoriyaya dəvət olunmayıb və aktın bir nüsxəsi təqdim edilməmişdir. Sayğacın plombu olub və heç bir müdaxilə atası tərəfindən edilməmişdir. Sayğacda deşik olmuşdusa niyə atasının iştirakı olmadan sökülüb aparılmışdır. Əməkdaşlar özləri sayğacı aparan zaman yolda deşə bilərdilər. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində olan G-4 markalı qaz sayğacına “Azıriqaz” İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən deşildiyi müəyyən edilmişdir. Bununla əlaqədar sayğac çıxarılmış və yoxlanılması üçün Metrologiya Departamentinə göndərilmişdir. Həmin sayğaca baxış keçirilən zaman sayğaca həqiqətən də müdaxilə olunduğu müəyyən edilmişdir. Bunun nəticəsində Birlik tərəfindən itirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək ümumilikdə istehlakçıya qanunsuz qazdan istifadəyə görə dəymiş ziyanın bərpa edilməsi məqsədi ilə abonentə 518,40 manat dəyərində dəymiş ziyan hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, abonent kodu 10**********000 olan Elşən Babayevə məxsus ünvanda quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən deşilib. İş materiallarında olan Cavabdeh Bakı X2 Departamentinin məktubundan görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu qoruyucu şüşəsi alt hissədən deşilməsinə görə cəmi 4320 m³ itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. İş materiallarında olan abonent kodu 10**********000 olan Elşən Babayevin saldosundan görünür ki, abonentin ünvanında xx.xx.2022-ci il tarixdə Zenner G4T mexaniki qaz sayğacı quraşdırılmış və onun “qalıq və aktlar” üzrə 518,40 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə görə, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə müvafiq olaraq, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsiüçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-ci bəndinə əsasən, qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə müvafiq olaraq, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir Həmin Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-4-cü bəndinə müvafiq olaraq isə, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. Beləliklə, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlı-vaxtında baxış keçirilməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Cavabdeh isə etirazında bir sıra xüsusatlara istinad etsə də, ərizəsinə hər hansı sübut əlavə etməmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, aktın etibarsızlığına dair isə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində İddiaçı istifadəsində olan ünvana (abonent kodu: 10**********000) əsassız hesablanmış 518,40 manat məbləğində borc silinməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində İddiaçı istifadəsində olan ünvana (abonent kodu: 10**********000) əsassız hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3140/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3140/2023
18.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver