Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3141/2024 10.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi, akta görə yazılmış borcun silinməsi və borca görə tutulmuş vəsaitin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi, akta görə yazılmış borcun silinməsi və borca görə tutulmuş vəsaitin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 777.6 manat borcun silinməsi və ondan əsassız olaraq tutulmuş 138 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin əməkdaşları yaşadığı mənzilə (Bakı şəhəri, Binəqədi rayonu, Vorovski qəsəbəsi, Cəfər Xəndan 3203-cü məhəllə, "xxxx" MTK bina 1D, mənzil 41) avqust ayında gələrək qaz sayğacının dəyişməli olduqlarını bildirmişlər. Şəxsən özü evdə olmasa da ailə üzvləri həmin şəxslərə şərait yaradıblar ki, qaz sayğacını dəyişmək üçün lazımlı tədbirlər görsünlər. Lakin qaz sayağacı dəyişdirildikdən sonra ona məlumat verildi ki, bəs guyaki köhnə qaz sayağacında nöqsan aşkarlanıb və buna görədə o, 750 manatdan çox məbləğdə cərimələnir. Qanunsuz və əsassız olaraq tərtib edilmiş Aktda qeyd olunub ki, guya qaz sayağacının çıxış plastmas borusu sınıb. Bu zaman ortaya sual çıxır - Əgər nöqsan qaz sayağacının çıxış borusundadırsa o zaman bunun sərfiyyata necə mənfi təsiri ola bilər ki? (yəniki onsuzda sınıq çıxış borusundadırsa deməli artıq sızan qaza görə istehlakçı ödəniş etməli olacaq və bunu etmək heç də istehlakçının marağında belə ola bilməz qətiyyən). Hər ay vaxtıvaxtında qaza görə ödənişlərini də icra etmiş və heç bir problemdə yaranmamışdır. Beləliklə də ona aydın olmayan səbəblərə və naməlum şəraitdə qanunsuz əsaslara görə o nədənsə təqsirli bilinərək cərimələnmişdir. Birincisi, qaz sayağacında aşkar edilmiş nöqsan onun iştirakı ilə qeydə alınmayıb. İkincisi, hətta qaz sayağacında hər hansı nöqsan aşkarlanmış olsa belə bunun səbəbkarının məhz o və ya hər hansı ailə üzvünün olmasına dairdə heç bir sübut yoxdur (nöqsan istehsakçıya da aid ola bilər və sonradan da üzə çıxa bilər.) Bütün bunları araşdırmadan cavabdeh qanunsuz və əsassız akt tərtib edərək onu nədəsə günahlandırması düzgün deyil. Əlavə olaraq qanunsuz olan aktın tərtib edilməsi qaydaları da pozulmuşdur. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir. Belə ki, İddiaçı uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə Cavabdehnə 777,60 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşları tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına 2023-cü ilin noyabr ayında yoxlama aparılmış və aşkar olmuşdur ki, iddiaçı qaz sayğacına müdaxilə etməklə Cavabdehnə 777,60 manat həcmində ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda qeyd olunanları müdafiə edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, 3203-cü məhəllə, ev 1D, mənzil 41 ünvanına xüsusi mülkiyyət hüququ İddiaçı qeydiyyata alınmışdır; Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus ünvanda sayğaca ümumi baxış keçirilmiş, sayğacın çıxış plasmas borusunun sındığı aşkar edilmişdir. Xətalar normadan artıqdır. Tələb kimi dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd edilmişdir. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 6480 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; **********50410 nömrəli abonent İddiaçı məxsus abonentin saldosundan görünür ki, istehlakçıya 2023-cü ilin noyabr ayına 777.6 manat akt borcu yazılmış, istehlakçı tərəfindən təbii qazdan istifadəyə görə ödənilmiş vəsaitlərdən 138 manat akta görə borcdan çıxılmış, nəticə etibarilə may ayının sonuna akta görə borc 639.6 manat qalmışdır. Cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə ünvanladığı məktubun surətindən görünür ki, məktuba əlavə edilmiş cədvəldə adları qeyd olunan istehlakçıların qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə tədbirlər görülməsi barədə aidiyyəti üzrə müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Cədvəldə İddiaçı da adı qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8-1-ci maddəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qeyd olunan maddə xx.xx.2022-ci il tarixdə Qanuna əlavə edilmiş və həmin maddə 2022-ci ilin may ayının 1-dən qüvvəyə minmişdir. Mübahisəli aktda 2023-cü ilin noyabr ayında tərtib edilmişdir. Göründüyü kimi, cavabdehin qaz xəttinə müdaxiləsi ilə bağlı təqsiri müvafiq icra hakimiyyətinin və ya məhkəmə qərarı ilə müəyyən edilməməsi halı artıq həmin aktın etibarsızlığına dəlalət edir. Belə olan halda, etibarlı olmayan akta görə istehlakçıya hesablanmış 777.6 manat məbləğində borc silinməli və həmin akta görə cavabdehdən tutulmuş 138 manat pul iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 1.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt etibarsız hesab edilsin və həmin akta görə İddiaçı (Abonent kodu: **********50410) hesablanmış 777.6 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc Cavabdeh tərəfindən silinsin. İddiaçı əsassız olaraq tutulmuş 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı qaytarılsın. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3141/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3141/2024
10.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver