Məhkəmə qərarları › İş №2(001)-3142/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3142/2023

19.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3142/2023 19.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə İddiaçı "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq şəkildə keçirilən məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli 43- 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsində “TopAz” kimi fəaliyyət göstərən obyektə hesablanmış 1000 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, məhkəmənin hazırlıq iclası 19 may 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi hazırlıq mərhələsində baxılmamış saxlanmalıdır. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 24-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 149-cu maddəsinə əsasən, iddia ərizəsində ... iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki halda iddiaçı işlətdiyi “TopAz” məntəqəsinə cavabdeh tərəfindən hesablanmış borcun silinməsini tələb edir və qanunvericinin yuxarıda göstərilən mövqeyinə görə, iddiaçı bu halda fiziki şəxs kimi istehlakçı hesab edilə bilməz, elektrik enerjisindən istifadə etməsi onun şəxsi tələbatını ödəmək məqsədi daşımadığından mübahisəyə mülki məhkəmədə baxıla bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçının qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tələblə aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququ var. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar