Məhkəmə qərarları › İş №2(001)-3146/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3146/2020

22.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3146/2020 22.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 (Abonent kodu: **********00670) ünvanına hesablanmış 951 manat məbləğində cərimə borcunun silinməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus ünvan 1 ünvanında ailəsi ilə yaşayır. “xxxxxxxx” ASC-nin əməkdaşları yerində baxış keçirərək əlavə xəttin olmasını əsas gətirib, işıq xəttini sayğacdan ayıracaqlarını bildiriblər. Aktlaşdırılıb 951 manat cərimə yazıblar. Halbuki, onun ünvanına aid olmayan əlavə xəttə görə işıq xəttini sayğacdan ayırmaq və cərimə yazmaq qanunsuzdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, aktın tərtib edilməsinə əsas olmuş xətt hazırda da onun yaşayış yerində, istifadəsiz olmaqla, sallanıqlı vəziyyətdədir. O, həmin xəttdən heç vaxt istifadə etməmişdir. Təhlükəli olduğundan həmin xətti özü ləğv edə bilmir. Bununla bağlı dəfələrlə cavabdehə ərazi üzrə müraciət etmiş, lakin bunun bir nəticəsi olmamışdır. Həmin xətti ləğv etmək əvəzinə cavabdeh onun barəsində əsassız olaraq aktlar tərtib edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 67 saylı ev iddiaçının istifadə və sahibliyindədir. “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən həmin fərdi yaşayış evində olan işıq sayğacına xx.xx.2020-ci il tarixdə baxış keçirilmişdir. Nəticədə evə sayğacdan kənar xəttin daxil olması və qanunsuz olaraq elektrik enerjisindən istifadə edilməsi, bununla da ziyanın vurulması əsası ilə akt tərtib edilmişdir. Aktda ümumi ziyan həcminin 8.870 kvts, məbləğinin isə 951,70 manat (600 kvts 0,07 manatdan, 8.270 kvts isə 0,11 manatdan hesablamaqla) olduğu göstərilmiş və həmin məbləğdə pulun ondan tutulması barədə qərar qəbul edilmişdir. İddiaçı həmin xəttdən istifadə etmədiyini, təhlükəli olduğundan həmin xətti özü ləğv edə bilmədiyini və bu xəttin hazırda da havada olduğunu bildirir və 951 manat məbləğində pulun əsassız olaraq hesablandığını iddia edir və bu cərimə məbləğinin silinməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadəedilməsiyolverilməzdi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.1-ci bəndinə əsasən yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir; 1.3-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi elektrik enerjisinin alğı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmalıdır; 7.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır; 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 8.4-cü bəndinə görə Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir; 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda iddiaçı tərəfindən onun istifadə və sahibliyində olan ünvan 1 (Abonent kodu: **********00670) ünvanında yerləşən evdə elektrik sayğacından kənar elektrik xəttinin istifadə edildiyi göstərilmişdir. Lakin həmin aktın tərtib edilməsində cəmi iki şəxs iştirak etmiş və iddiaçı, habelə həmin ünvanda yaşayan hər hansı şəxs bu prosesə cəlb edilməmişdir. Halbuki, yuxarıda göstərilən Qaydaların 8.33-cü bəndinin tələbləri baxımından qeyd edilən halla bağlı akt 4 nəfərin, o cümlədən enerjitəchizatı müəssisəsinin nümayəndəsinin, pozuntuya yol vermiş şəxsin (iddiaçının) və iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilməlidir. Bu qaydanın pozulması artıq həmin aktda göstərilənlərin həqiqiliyini və ümumilikdə aktın düzgünlüyünü şübhə altına alır və onun etibarsız olmasına dəlalət edir. Digər tərəfdən akt üzrə xəttdən kənar qoşulma ilə bağlı zərər məbləği 60 gün üçün hesablanmışdır. Bundan əvvəl xx.xx.2017-ci il tarixdə də eyni əsasla belə bir akt tərtib edilmiş və 108 gün üçün zərər məbləği hesablanmışdır və bu aktda kənar xəttin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə sayğacın göstəriciləri barədə hər ay istehlakçıya məlumat (hesab) təqdim edilməlidir. Bu da o deməkdir ki, elektrik sayğacına hər ay baxış keçirilməlidir. Bu hal da, elektrik sayğacından kənar elektrik xəttinin belə uzun müddət ərzində (birinci dəfə 108 gün, ikinci dəfə 60 gün) istifadə edilməsini istisna edir və iddiaçının həqiqətdə belə bir xəttdən ümumiyyətlə istifadə etmədiyi qənaətinə gəlməyə əsas verir. Elektrik enerjisinin sərfiyyatını əks etdirən abunə haqqında məlumatlardan da, iddiaçının 60 gün ərzində zərər məbləği həcmində elektrik enerjisindən sərf etməsinin qeyri-mümkün olduğu açıq şəkildə görünür. Məhkəmə o halı da nəzərə alır ki, xx.xx.2017-ci il tarixli aktda kənar xəttin ləğv edilməsi barədə qərar qəbul edilsə də, ötən 3 ilə yaxın müddət ərzində həmin xətt ləğv edilməmiş və xx.xx.2020-ci il tarixli aktın tərtib edilməsi üçün əsas olmuşdur. Bu aktda da qeyd edilən xəttin yenidən ləğv edilməsi qərara alınmışdır. Büna baxmayaraq, xətt yenə də ləğv edilməmiş, hazırda da öz yerindədir və iddiaçı özü də bu vəziyyətdən şikayətlənir. Hər bir halda, onun ləğv edilməsi iddiaçı tərəfindən deyil, bu sahədə xüsusi bilik, təcrübə və səriştəyə malik olan iddiaçının mütəxəsisləri tərəfindən həyata keçirilməlidir. Lakin həyata keçirilməmişdir və bu vəziyyət iddiaçı barəsində yenə də əsassız olaraq elektrik sayğacından kənar elektrik xəttindən istifadə edilməsi əsası ilə aktın tərtib edilməsinə və nəticədə əsassız olaraq, zərər məbləğinin tutulmasına şərait yaradır. Başqa sözlə, cavabdeh nəinki bu halı aradan qaldırmır, hətta buna görə iddiaçıya maliyyə sanksiyası tətbiq edir. Qeyd olunanlar cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın etibarsız hesab edilməsini şərtləndirir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli və həmin akt əsasında zərər məbləği kimi hesablanmış 951 manat pul silinməldir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməli, ünvan 1 (Abonent kodu: **********00670) ünvanında yerləşən fərdi yaşayış evindəelektrik sayğacından kənar elektrik xəttindən istifadəyə görə “xxxxxxxx” ASC tərəfindən hesablanmış 951 manat məbləğində borc silinməlidir. İddianın qiyməti nəzərə alınmaqla hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və İddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdeh “xxxxxxxx” ASC-dən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 (Abonent kodu: **********00670) ünvanında yerləşən fərdi yaşayış evindəelektrik sayğacından kənar elektrik xəttindən istifadəyə görə “xxxxxxxx” ASC tərəfindən hesablanmış 951 (doqquz yüz əlli bir) manat məbləğində borc silinsin. İddiaçı ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh “xxxxxxxx” ASC-dən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar