Məhkəmə qərarları › İş №2(001)-3153/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3153/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3153/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-nin Cavabdeh barəsində məhkəmə əmrinin verilməsinə dair ərizəsi Binəqədi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(001)-3153/2020 saylı məhkəmə əmri ilə təmin edilərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1860 manat borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu Cavabdeh xx.xx.2020-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin sözügedən məhkəmə əmrinə etiraz verərək, məhkəmə əmrinin ləğv edilib işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək materiallara iddia icraatı qaydasında baxılmasına qərar verilmişdir. İşə iddia icraatı qaydasında baxılarkən iddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 2559 manat olan məişət avadanlığını əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1860 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən Cavabdeh 1860 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1880 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx xxx 2018-ci il tarixdə bağlanmış SRFK492154 saylı müqavilədən görünür ki, İddiaçı Cavabdeh 2559 manatlıq məişət avadanlığını 699 manat ilkin ödəniş etməklə qalan 1860 manatı 12 (on iki) ay müddətinə aylıq 155 manat ödəmək şərti ilə sahibliyinə vermişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixində bağlanmış SRFK492154 saylı müqavilə üzrə ödənilməmiş 1860 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçıilə Cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Eyni Məcəllənin 1000.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 1000.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx xxx 2018-ci il tarixli SRFK492154 saylı Borc müqviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdeh dəyəri 2559 manat olan məişət avadanlığı almış, lakin sonradan borcunu ödəməkdən yayınmışdır. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçıilə bağlanmış xx xxx 2018-ci il tarixli SRFK492154 saylı müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh xx xxx 2018-ci il tarixli müqavilə üzrə 1860 manat borc alınaraq İddiaçınə verilməlidir. “Dövlət rüsumu” haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 30 manatdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya verilməli, dövlət rüsumunun qalıq qalmış 10 (on) manat məbləğində hissəsi cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1860 (bir min səkkiz yüz altmış) manat borc və 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 1880 (bir min səkkiz yüz səksən) manat alınıb İddiaçınə, həmçinin 10 (on) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar