Məhkəmə qərarları › İş №2(001)-3158/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3158/2025

10.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3158/2025 10.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsi, 4 saylı evin həyətində Cavabdeh tərəfindən qanunsuz tikilən mətbəxin, ayaqyolunun, anbarın onun hesabına sökülməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsi, 4 saylı evin 4/8 hissəsindən qalan hissə onun mülkiyyətindədir, 4/8 hissəsindən 48 kv.metri isə cavabdehin mülkiyyətindədir. Həmin sahəni o, xx.xx.2022-сi il tarixdə alqı-satqı müqaviləsi ilə cavabdehə satmışdır. Onlardan başqa həmin evdə iki nəfər də paylı mülkiyyətçi vardır. Lakin cavabdeh onun icazəsi olmadan qanusuz olaraq özbaşına həmin evin həyətində mətbəx, ayaqyolu, anbar tikmişdir. Dəfələrlə cavbdehə bildirmişdir ki, qanunsuz tikililəri söksün, lakin cavabdeh onun tələbinə əhəmiyyət verməmişdir. Ona görə də o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməyi qərara almışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. Buna baxmayaraq orada qanunsuz olaraq tikililər inşa etmişlər. Cavabdeh tərəfindən inşa edilən tikili anbardan ibarətdir. Digər tikililər qanunsuz tikilidir və ümumi istifadədə olan torpaq sahəsində inşa edilmişdir. Ona görə də hesab edir ki, bütün tikililər sökülməlidir. Onun əri tərəfindən həyətə münbit torpaq tökülmüş və torpaq sahəsində ağaclar əkmişlər, torpaq sahəsindən bağ kimi istifadə etmişdir. Cavabdeh onun əkdiyi 3 müxtəlif növlü meyvə ağaclarını kəsmiş və yerində anbar inşa etmişdir. Bununla da ümumi istifadədə olan torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən maneçəlik törədilməklə onun maraqları pozulmuşdur. Cavabdeh tikilinin inşasına başladığı vaxtdan, yəni 2022-ci ildən orqanlara müraciət etmiş və həmin tikili ilə bağlı öz etirazını bildirmişdir. Müraciəti şifahi olmuş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, o, mənzili aldığı vaxtı mətbəx və ayaqyolu kimi istifadə edilən tikililər mövcud olmuşdur və həmin tikililərin ona aidiyyəti yoxdur. O, yalnız həyətdə anbar inşa etmiş, əşyalarını yığmaq üçün anbar inşa etmişdir. Anbarın ümumi istifadədə olan torpaq sahəsində inşa etdiyini anlayır. Lakin həmin anbarın tikintisi üçün digər sakinlərlə birlikdə iddiaçının da razılığı olmuş və mənzili aldıqdan 2 ay sonra həmin tikilini inşa etmişdir. Həmin tikili heç kimin maraqlarına zidd deyil. Bu səbəbdən anbarın sökülməsinə etiraz edir.

5. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə ünvan 1 ünvanı yerində müayinə edilmişdir. Yerində müayinə zamanı torpaq sahəsinin giriş qapısından solda qırmızı kərpiclə tikilmiş yarımtikili inşa edildiyi, tikilinin daxilində cavabdehə məxsus təmir-tikinti əşyaları, materialları, o cümlədən ailə üzvlərinə məxsus olan digər əşyaların yerləşdirildiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş və iş materiallarında olan sübutlar:

6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinən çıxarışın surətindən görünür ki, 0.018810 ha torpaq sahəsi (dövlət mülkiyyəti) olan, ümumi sahəsi 257.70 kv.metr olan Bakı şəhəri, Binəqədi ryonu, M.Ə.Rəsulzadə qəsəbi, 8 Mart küçəsində yerləşən 4 saylı ev paylı mülkiyyətdədir. Bu evin İddiaçı 4/8 hissədən qalan hissəsi, X1 4/8 hissədən A tikilisi İ mərtəbədə 2; 4; 11; 12; 13 saylı sahələr və B tikilisi, 4/8 hissədən A tikilisi zirzəmidə y/s 23,3 kv.m və 15,9 kv.m, k/s 11,5 kv.m və Cavabdeh 4/8 hissədən 48 kv.m hissəsi məxsusdur.

7. Fotoşəkillərdən görünür ki, mübahisə predmetinə daxil olan torpaq sahəsində müxtəlif növ meyvə ağacları, gül kolları vardır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində yerləşən 4 nömrəli fərdi yaşayış evi iş üzrə tərəflərin və başqa iki şəxsin paylı mülkiyyətindədir. Bu evin yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyaına aid olmaqla dövlət mülkiyyətindədir və torpaq sahəsi üzərində istifadə hüququ nəzərdə tutulmuşdur.

9. Sökülməsi tələb olunan tikililərdən yalnız anbar (qırmızı kərpicdən inşa edilmiş yarım tikili) iş üzrə cavabdeh tərəfindən inşa olunmuş və hazırdada onun tərəfindən istifadə olunur. Tətbiq edilən maddi hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

12. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

13. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

14. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

15. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

16. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

17. 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzəktamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır.

18. 226.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir.

19. 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

20. 238.3-cü maddəsinə torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.

21. 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.

22. 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.

23. 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Tətbiq edilən prosessual normalar:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

28. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

29. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən tərəfindən inşa edilmiş anbarın (qırmızı kərpicdən inşa edilmiş yarım tikilinin) sökülməsini tələb etməkdə haqlıdır. Belə ki, iş üzrə müəyyən olunduğu kimi həmin tikilinin yerləşdiyi torpaq sahəsi, dövlət mülkiyyətində olmaqla ümumi istifadədə olan torpaq sahəsidir. Həmin tikilinin inşası üçün müvafiq dövlət orqanından cavabdeh tərəfindən icazə alınmamış və özbaşına inşa edilmişdir. Eyni zamanda həmin tikilinin torpaq sahəsində yerləşən daşınmaz əmlakın paylı mülkiyyətçilərin, həmçinin iddiaçının da razılığı ilə inşa edildiyi cavabdeh tərəfindən dəlil gətirilsə də, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

30. Həmçinin iş materiallarından və tərəflərin izahatından görünür ki, ümumi istifadədə olan torpaq sahəsində meyvə ağacları, gül kolları əkilmişdir. İddiaçının iddia tələbinin əsası məhz torpaq sahəsindən bağ kimi istifadə edir və cavabdeh tərəfindən inşa edilmiş həmin tikili, bu hala maneəçilik törədir. Məhkəmə, iddiaçının bu dəlilini əsaslı və qanuni hesab edir. Belə ki, müvafiq qaydada icazə alınmadan və torpaq sahəsindən istifadə hüquqları olan şəxslərin razılığı olmadan burada cavabdeh tərəfindən tikili inşa edilmişdir və bu hal ümumi istifadədə olan torpaq sahəsinin istifadəsini məhdudlaşdırmışdır. Ona görədə məhkəmə hesab edir ki, cavabdehin bu hərəkəti iddiaçının maraqlarına zidd olmaqla ümumi istifadədə olan torpaq sahəsindən istifadə hüququnu pozmuşdur. Bu səbəbdən iddia tələbinin bu hissəsi əsaslı hesab edilərək təmin olunmalıdır.

31. Məhkəmə, iddia tələbinin cavabdeh tərəfindən qanunsuz tikilən mətbəxin, sanitar qovşağın (ayaqyolun) onun öz hesabına sökülməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.

32. Belə ki, iddiaçı həmin tikililərin qanunsuz olaraq və ümumi istifadədə olan torpaq sahəsində inşa edildiyini əsas gətirməklə cavabdeh tərəfindən sökülməsini tələb edir. İşin hallarından isə müəyyən olunur ki (eyni zamanda iddiaçının özü də bu halı inkar etmir), həmin tikililər cavabdeh tərəfindən inşa edilməmiş və hər hansı bir formada cavabdehə aidiyyəti yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə əsassız olaraq əsl cavabdehə qarşı irəli sürülməmişdir. Nəticə:

33. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin torpaq sahəsində qırmızı kərpiclə inşa edilmiş yarımtikili (anbar) cavabdehin öz hesabına sökülməli, iddia qalan hissədə təmin edilməməlidir.

34. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsində qırmızı kərpiclə inşa edilmiş yarımtikili (anbar) Cavabdeh öz hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar