Məhkəmə qərarları › İş №2(001)-3159/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3159/2021

27.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3159/2021 27.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış cərimə borcunun silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsasız hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-yi tərəfindən qanunsuz olaraq Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Fizuli küçəsi, ev 73 (abonent kodu **********00000) hesablanmış 216 manat məbləğində cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ona məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Fizuli küçəsi, ev 73 (abonent kodu **********00000) ünvanda yaşayır. “Azəriqaz” İB tərəfindən qaz sayğacı dəyişdirilmiş və yeni smartkart tipli qaz sayğacı quraşdırılmışdır. İB-nin əməkdaşları özləri plombu sındırıb qaz sayğacını dəyişmişlər. Sonradan akttərtib olunmuşdur ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü və element yuvasının qapağı alt hissədən çatlayıb, sayğacın klapanı sınıqdır. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində Alarm-1 rejimi aşkar olunmayıb. Xətalar normadan artıqdır. Qaz sayğaçı bayırda quraşdırılıb. Onu yad təsirlərdən qorumaq mümkün deyil. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, sayğaca hər hansı kənar təsir olmamışdır. Sayğacı dəyişmək üçün götürdükdən sonra ona baxış keçirilmiş və borc yazılmışdır. Sayğac evdə yox bayırda yerləşir. Axırıncı dəfə 14 manat ödənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, sayğac çıxarıldıqdan sonra yoxlanması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyada müəyyən edilmişdir ki, sayğaca müdaxilə edilmiş və qaz itkisi baş vermişdir. Nəticədə itirilmiş qazın hesablanması barədə akt tərtib edilmiş və borc məbləği hesablanmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Azəriqaz” İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, İddiaçı ünvanında İtron tipli, G-4 markalı, 1002AQ**********1 nömrəli sayğac yeni sayğazla əvəz edilmişdir. Dəyişdirilən zaman sayğacın stuçeri açılmamış, sayğacın klapanının rezini yerində aşkar edilməmişdir . Sayğacın 2 ədəd stuçeri dəyişdirilmişdir. BRQSD-nin Binəqədi rayon üzrə qrup rəhbəri E.İmamverdiyev, mühəndis F.Mirzəyev və çilingər H.Dadaşov tərəfindən tərtib edilən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 26.12.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı məxsus ünvanda yerləşən 1002AQ**********1 nömrəli sayğacda 03.10.2011-ci ildə Alarm-1 rejimi aşkar olunmuşdur. Sayğac kipliyə yararsızdır. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilən 26 dekabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbmamədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən və abonent kodu **********00000 olan sayğacda Sənayə və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 12.12.2019-cu il tarixli 29/1710-03238-1 №-li aktına əsasən G-4 markalı 1002AQ**********1 №-li sayğacıın yivli birləşmələri korroziyaya uğrayıb. Alarm-1 rejimi aşkar olunmuşdur. Dəymiş ziyanın həcmi 2160 kub.m müəyyən edilmişdir. Bakı Regional Qazın Satısı Departamentinin rəis müavini Hicran Abbasov tərəfindən İddiaçı müraciətinə verilən cavabdan görünür ki, evini təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı, smart tipli, 1002A********** nömrəli qaz sayğacı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 29.10.2019-cu il tarixli ******* saylı akt tərtib edilməklə yeni Smart tipli G-4 markalı **********8 nömrəli qaz sayğacı ilə əvəzlənərək yoxlamaya göndərildiyi müəyyən olunmuşdur. “Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasının 12.12.2019-cu il tarixli, MSK29/1710-03238-1 saylı aktında”Sayğaca ümumi baxış keçirildi, sayğacın hesablama mexaizminin qoruyucu örtüyü və element yuvasının qapağı alt hissədən çatlayıb, sayğacın klapanı sınıqdır, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıdır, sayğacın yaddaş arxivi oxundu, sayğacda istismar müddətində Alarm-1 rejimi aşkar olunmayıb, xətalar normadan artıqdır.” Qeyd edilmişdir. Bu səbəbdən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26.12.2019-cu il tarixli ******* nömrəli akt tərtib olunaraq 216 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Nəzərinə çatdırılmışdır ki, 17.12.2020-ci il tarixinə istehlakçı hesabında mövcud olan 197,80 manat borc ödənilməlidir. Abonent saldosunda görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********00000 olan İddiaçı qaz sərfiyyatına görə 2020-ci il üçün 209,80 manat qalıq borcu vardır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Əvəzləşdirilmə zamanı dəyişdirilən qaz sayğacının klapanının rezini yerində aşkar edilməmiş və yivli birləşmələrinin korroziyaya uğramışdır. Həmçinin Buna görə cavabdeh tərəfindən iddiaçıya qazdan istifadəyə görə 216 manat borc hesablanmışdır. Hazırda iddiaçı həmin borcun əsassız olaraq hesablandığını, sayğacın kənar təsirlərdən mühafizəsinin onun tərəfindən mümkün olmamasını iddia edərək, ona hesablanan 216 manat borcun abonent hesabından silinməsini tələb edir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısınınsayğacın işlək vəziyyətdə olduğunu təsdiq edənplombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 216 manat məbləğində borc hesablamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd edilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin cavabdehin əməkdaşları tərəfindən akt tərtib edilən zaman sayğacın klapanında rezinin olmaması, yivli birləşmələrində yeyintinin olması aşkar edilsə də, zədənin abonentin təqsirli hərəkətləri nəticəsində əmələ gəlmiş olmasına dair hər hansı xəbərdarlıq edilməmiş, sadəcə müşahidə edilmiş faktı təsdiq etmişlər. Lakin sonradan həmin zədənin nəticəsi olaraq, sanki abonentin təqsirinin sübuta yetirildiyinə görə ona cərimə borcu hesablamışlar. Məhkəmə araşdırması zamanı sübutetmə yükünün bölgüsü baxımından AKT-ın doğruluğunu, abonentin təqsirliliyini sübut etmə vəzifəsinin cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Buna görə də sayğacın zədələnməsində və bunun nəticəsində qaz itkisinin baş verməsində istehlakçının təqsiri müəyyən edilmədiyindən hesablanmış borc əsassız hesab edilməli və İddiaçı qazdan istifadəyə görə hesablanmış həmin borc cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir.Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 26.12.2019-cu il tarixli, ******* nömrəli AKT-a əsasən hesablanmış 216 manat məbləğində cərimə borcu İddiaçı abonent hesabından (abonent kodu **********00000) silinməli və istehlakçının ödəməkdən azad olduğu 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 26.12.2019-cu il tarixli, ******* nömrəli AKT-a əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində cərimə borcu İddiaçı abonent hesabından (abonent kodu **********00000) silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar