Məhkəmə qərarları › İş №2(001)-3167/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3167/2020

10.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3167/2020 10.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, SOCAR-ın «Neft Kəmərləri» İdarəsinin Cavabdeh qarşı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: SOCAR-ın «Neft Kəmərləri» İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 117,4-cü km-də, kəmərdən 20 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 1, yeni yaşayış massivi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, cavabdehin həmin ünvanda hər-hansı hüquq müəyyənedici sənədlər olmadan tikinti-quraşdırma işlərinin aparılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmədə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik yerüstü magistral neft kəmərinin 117,4-cü km-də, kəmərdən 20 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 1, yeni yaşayış massivi ünvanında Cavabdeh tərəfindən qanunsuz tikili (çardağ) aparılması faktı aşkar olunmuşdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər, ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Azərbaycan Respublikası Sənayə və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx xxxxxx 2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrə ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən, “Neft Kəmərləri” İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır. Sonda Ə.M.Şahtaxtinskiy məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, sözügedən torpaq sahəsinin və tikilinin müvafiq sənədləri olmasa da, həmin ərazidə onlarla sayda qanunsuz tikili vardır. Ərazidə tikinti işləri hələ də davam etdirilir. Belə olan halda oradaki bütün tikililər sökülməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, tikilinin yerləşdiyi torpaq sahəsi zəbt olunmuş və müvafiq icazələr olmadan orada tikinti işləri həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. O cümlədən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan “maraqlı tərəf” hesab olunduğundan evin sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb edə bilər. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. SOCAR-ın «Neft Kəmərləri» İdarəsinin istismarında olan Şirvan-Bakı Dş-500 mmlik yerüstü magistral neft kəmərinin 117,4-cü km-də, kəmərdən 20 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 1, yeni yaşayış massivi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikili (çardağ) cavabdehin hesabına sökülsün, o, həmin ərazidən çıxarılsın və həmin ünvanda hər-hansı hüquq müəyyənedici sənədlər olmadan tikinti-quraşdırma işlərinin aparılması Cavabdeh qadağan edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pul Cavabdeh SOCAR-ın «Neft Kəmərləri» İdarəsinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar