Məhkəmə qərarları › İş №2(001)-3168/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3168/2025

02.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3168/2025 02.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Maraqlı şəxs2 cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 867 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamı və o sərəncam əsasında tərtib edilmiş müqavilənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir .

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başcısının (bundan sonra RİHB) 867 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamı ilə torpaq sahəsi ayrılmışdır. Lakin, sözügedən torpaq sahəsinin Ərizəçi təhkim olunmasına dair sərəncamda atasının adı "Mənsimalı" əvəzinə "Mövsümalı" kimi qeyd edilmişdir. Halbuki, hazırkı ərizəyə əlavə edilmiş ərizəçinin şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnaməsindən göründüyü kimi Ərizəçi atasının adı Mənsimalıdır. Bununla yanaşı, ərizəçinin atasının ölüm haqqında şəhadətnaməsində də onun atasının adı Mənsimalı olduğu öz əksini tapmışdır. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) RİHB-nın tərəfindən verilmiş Sərəncamda Ərizəçi atasının adında düzəliş edilərək, "Mövsümalı" adını "Mənsimalı" adına dəyişdirilməsi ilə bağlı ərizəçi tərəfindən Bakı şəhəri Xəzər(əvvəlki Əzizbəyov) rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Lakin, İcra Hakimiyyəti tərəfindən ərizəçinin müraciətinin icrası mümkün olmamış və xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Əlavə olaraq, iddiaçı müvafiq sərəncamı əsas götürərək, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin, yuxarıda qeyd olunan uyğunsuzluqlar mövcud olduğundan sonuncu tərəfindən də xx.xx.2024-cü il tarixli imtina verilmişdir. Sərəncam əsasında tərtib edilmiş müqavilənamədə də eyni texniki səhv buraxılmışdır. Bu səbəbdən də iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilərkən, müvafiq müqavilənamənin də iddiaçıya məxsus olma faktının müəyyən edilməsi tələb də qeyd olunmuşdur. Lakin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 2(001)-2752/2025 saylı qərardadla həmin ərizəni geri qaytarmış və qaytarılma əsası kimi qeyd etmişdir ki, əgər müqavilənamənin də iddiaçıya məxsus olma faktının müəyyən edilməsi tələb olunursa, müvafiq notariat ofisinin də imtinası zəruridir. Əlavə vaxt itkisinə yol verilməməsi məqsədi ilə sözügedən qərardaddan iddiaçı tərəfindən şikayət verilməmiş, müqavilənamənin surətinin notarial qaydada təsdiq edilməsi təmin edilmişdir. Bildirilir ki, notariusun səlahiyyəti sənədin məznumuna qiymət verilməsindən ibarət deyil, surət təsdiqi ilə kifayətlənir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, atasının adı Mənsimalı olsa da, Mövsumalı kimi qeyd edilmişdir. Torpaq sahəsinə çıxarış almaq istəyir. Atasının adı düzgün qeyd edilmədiyindən çıxarış ala bilmir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslər hər hansı üzürlü səbəb göstərmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:

5. Vİİİ-ЖГ seriyalı 739858 saylı Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunun surətindən görünür ki, Ərizəçi xx xxxx 1957-ci il tarixində Neftçala rayonunda doğulmuşdur.

6. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1957-ci il tarixində Neftçala rayonunda doğulmuşdur.

7. Səlyan rayonu Qaçaqkənd kənd soveti tərəfindən verilən İ-ИЕ seriyalı, 396710 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1957-ci il tarixində doğulmuşdur. Ata qrafasında X1 qeyd edilmişdir.

8. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1925-ci il tarixində Neftçala rayonunda doğulmuşdur.

9. X1 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə 1941-1945-ci illər X5 Qələbənin 70 illiyi yubiley medalı ilə təltif olunmuşdur.

10. AZ-İİ seriyalı, 008727 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixində Neftçala rayonunun, Mürsəqulu kəndində ölmüşdür.

11. Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 867 nömrəli sərəncamından görünür ki, Ərizəçi Mövsumalı oğluna Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır.

12. xx.xx.2000-ci il tarixli müqavilənamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Əzizbəyov rayonu X6 İcraiyyə Komitəsinin Kommunal Təsərrüfat şöbəsinin Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1977-ci il tarixli qərarına müvafiq olaraq, Əzizbəyov rayonu X6 İcraiyyə Komitəsinin verdiyi xx.xx.2000-ci il tarixli, 867 nömrəli vəkələtnamə əsasında fəaliyyətdə olan şöbə müdiri R.Məhərrəmov şəxsində ev tikdirən Ərizəçi Mövsumalı oğluna Б-3 nömrədə fasadı 14.85 metr, arxa cəhəti 14,85 metr, sağ cəhəti, 8,2, son cəhəti 8,2 metr ümumi sahəsi 1200 kv.m olmaqla, müddətsiz istifadə etmək hüququ əsasında torpaq sahəsi verilmişdir.

13. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının İ Müavini tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda göstərilir: Əzizbəyov (indiki Xəzər) RİHB-nın 867 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Sizə ayrılmış torpaq sahəsində ata adınızın səhvən Mövsümalı yazılmasının düzəliş olunmasına köməklik göstərilməsi barədə Maraqlı şəxs2nə ünvanladığınız ərizəyə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Əzizbəyov (indiki Xəzər) RİHB-nın 867 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Sizə ayrılmış torpaq sahəsində səhvən yazılmış Mövsümalı adının Mənsimalı kimi düzəliş olunması ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəuyğun hesab olunur.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və X7 şəxsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda göstərilir: xx.xx.2000-ci il tarixli 867 nömrəli sərəncamının qeydiyyatdan keçib-keçməməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, sözügedən torpaq sahəsinə dair koordinatlar haqqında məlumatın və cizgi sənədi əlavə edildiyi təqdirdə müraciətə yenidən baxıla bilər. Məlumat üçün bildiririk ki, İcra Hakimiyyətləri (XDS, ZDS) və ya bələdiyyə tərəfindən verilən sərəncamlar (qərarlar) Milli Arxiv İdarələrində saxlanıldığından, sərəncamların (qərarların) sonradan dəyişiklik və ya ləğv edilməsi halları olduğundan, habelə həmin sərəncamlar (qərarlar) ilə bağlı İdarənin arxivində məlumat bazası olmadığından sözügedən qərar əsasında bəhs olunan torpaq sahəsinin qeydiyyata alınıbalınmaması haqqında dəqiq məlumatların təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında işin müəyyən edilən faktiki halları:

15. Ərizəçi Əzizbəyov (indiki Xəzər) RİHB-nın 867 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamı ilə torpaq sahəsi ayrılır. Lakin həmin sərəncamda ərizəçinin atasının adı “Mənsimalı” yerinə, “Mövsümalı” kimi qeyd edilir. Ərizəçi sözü gedən texniki yalnışlığa görə, torpaq sahəsinə çıxarış ala bilmir. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti tərəfindən ərizəçiyə səhvən yazılmış Mövsümalı adının Mənsimalı kimi düzəliş olunması ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunur.

16. Məhkəmə araşdırması dövründə müəyyən edilir ki, ərizəçinin atasının adı sonuncuya məxsus şəxsiyyət vəsiqəsində “Mənsumalı”, xx.xx.2000-ci il tarixli, 867 nömrəli sərəncamda və xx.xx.2000-ci il tarixli müqavilənamədə “Mövsumalı”, ölüm haqqında şəhadətnaməsində “Mənsumalı”, təltif olunduğu medalda “Mənsimalı”, iddiaçının doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində isə “Mənsimalı” kimi qeyd edilib. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

18. 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır;

19. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır;

20. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

21. 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

22. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

23. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

24. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər.

25. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.

26. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

27. “S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Belə ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddələri). Qeyd olunmalıdır ki, hüquqi əhəmiyyəti olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmiləşdirilir və müxtəlif sənədlərdə əks olunur (əmək kitabçaları, iş haqqında arayış, təhsil haqqında sənəd, vəsiyyətnamə və s.). Lakin hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa yolla bərpa etmək mümkün olmadıqda, həmin faktın mövcudluğu məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktlar o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi faktın əks olunduğu sənədin şəxsə məxsus olması yazılı sübutlarla və şahid ifadələri ilə təsdiq edilə bilər. Prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur:1) həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); 2) həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); 3) hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə). Sadalanan şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktları təsdiq edən sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü belə faktların müəyyən edilməsinin məhkəmədənkənar qaydasının qüvvədə olan qanunvericilikdə mövcud olmamasını nəzərdə tutur. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli və hüquqmüəyyənedici sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin başqa yolla mümkün olmaması haqqında sübutlar əlavə edilməlidir (məsələn, həmin sənədi verən orqanın ləğv edilməsi, faktın qeydiyyatının mövcud olmaması və s).

28. Sadalanan normaların və qeyd edilən hüquqi mövqenin hazırki mübahisəyə tətbiqi baxımından qeyd edilməlidir ki, əvvəla ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquq əhəmiyyətlidir. Belə ki, qeyd edilən sənədlər daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün əsas təşkil edir və maraqlı şəxsin hüquqları qeydiyyata almaqdan imtinasının əsaslarından biri də məhz sənədlərdə olan texniki uyğunsuzluq olmuşdur. İkincisi qeyd edilən sənədlərdə düzəliş aparılması mümkün deyildir. Bu səbəbdən məhkəmə ərizənin məhkəmə icraatını mümkün hesab etmişdir.

29. İşin tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarından göründüyü kimi Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 867 nömrəli sərəncamı əsasında, Ərizəçi Mövsumalı oğluna Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi sərəncamda Ərizəçi atasının adı sonuncunun şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnaməsində, hətta atasına verilən medalda adı “Mənsimalı” olsa da, texniki yanlışlıq nəticəsində “Mövsumalı” kimi qeyd edilir. Mərhumun şəxsiyyət vəsiqəsində və ölüm haqqında şəhadətnaməsində adı “Mənsumalı” qeyd edilsə də, təltif olunduğu medalda iddiaçının doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində isə “Mənsimalı” kimi qeyd edilib.

30. Həmin dövrdə kiril əlifbasından istifadə edildiyi nəzərə alındıqda, kiril əlifbasında “u” hərfinin latın əlifbasında “i” kimi oxunduğu həmin uyğunsuzluğa kifayət qədər inandırıcı açıqlamadır və bu səbəbdən məhkəmə hesab edir ki, ərizəçinin dəlilləri təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Odur ki, ərizə əsaslı hesab edilməli və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:

31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin:

32. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

36. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 867 nömrəli sərəncamı və həmin sərəncam əsasında bağlanan xx.xx.2000-ci il tarixli müqavilənamənin həqiqətən Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi:

Ərizə təmin edilsin. Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 867 nömrəli sərəncamının və həmin sərəncam əsasında bağlanan xx.xx.2000-ci il tarixli müqavilənamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar