Məhkəmə qərarları › İş №2(001)-323/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-323/2021

12.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-323/2021 12.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarayev Torğul Faiq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilənin ləğvi və sair tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdehnə qarşı müqavilənin ləğvi və sair tələbinə dair iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixli müqavilənin ləğv olunması, məhkəmə gedişində işə baxılması ilə əlaqədar yaranacaq bütün məsrəflərin cavabdehdən tutulması, yekun məhkəmə aktı qərarının çıxarılacağı gün ödəmiş olduğu 300 manat məbləğində pulun faiz nisbətiylə geri qaytarılması və həmçinin müvafiq marka, modelli yeni telefonun qiyməti arasındakı fərqin ödənilməsini, malın satışı qiymətinin bir faizi məbləğində dəbbə pulunun ödənilməsini, vurulmuş mənəvi zərər üçün 500 manat, vurulmuş maddi zərər üçün (köhnə telefonun təmiri üçün çəkilən xərc, məhkəməyə qədər poçta və nəqliyyata çəkilmiş xərclər) 100 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehin bir istehlakçı kimi ona yaşatdığı gərəksiz stress və gərginlik hallarına, ödəniş etdiyi hada aylardır ya telefonu, ya da pulu geri qaytarmadığına görə ondan rəsmi şəkildə və ya mağaza müdiri vasitəsi ilə üzr istəməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-ci məhəllədə yerləşən, o, Cavabdehnə məxsus, Cavabdeh adlı mağazadan ümumi qiyməti 3.099 azn olan, İPHONE 11 X4 model telefonu ilkin olaraq 300 azn ödəməklə, həmçinin komisyon xərcləri də əlavə olunmaqla hissə-hissə ödəmək şərti ilə almışdır. Amma təəssüf ki, telefonu istifadə etdiyi ilk gün və ikinci gün “Whatsapp” proqramında şəkil çəkərkən ekranın yarısı tamamilə yaşıl rəng olmuşdur (zərbənin təsiri nəticəsində pozulmuş ekran görüntüsü verdi) buna görə də, böyük təəssüf və xəyal qırıqlığı içərisində, ödədiyivə ödəyəcəyi böyük məbləği də nəzərə alaraq telefonu aldığı “xxxx” MMC-nin həmin mağazasına getmiş və problemi başa salmağa çalışmışdır. Telefonu aldıqdan sonra 14 gün ərzində cavabdeh şirkətlə əlaqə saxlamış və onu həftənin 1-ci günü (24 fevral, 2020-ci il tarixdə) qəbul edə biləcəklərini bildirmişlər. Daha sonra, servis mərkəzinə getdikdə ona bildirilmişdir ki, telefon yoxlanılması üçün orada üç gün qalmalıdır, buna razı olmaq istəməsə də, məcbur olaraq razılaşmalı olmuşdur. Hətta servis mərkəzindəki mütəxəssislər telefona işıqla diqqətlə baxaraq, onun ekranında və gövdəsində cızıqların da olduğunu bildirdilər, yəni yeni alındığına inanmadıqları üçün ona bildirdilər ki, mağazadan telefonun yeni satılması ilə bağlı təsdiq maili gəlməlidir yoxsa yeni telefon kimi qəbul edə bilməzlər. Mağaza ilə əlaqə saxlanıldı, mağaza müdiri tərəfindən təsdiq maili göndərildikdən və yeni alınan telefon olduğu öyrənildikdən sonra, telefonu qəbul etdilər, problemi yoxlayacaqlarını qeyd etdilər. Lakin bir neçə gün sonra, servis mərkəzilə əlaqə saxlanıldıqda bildirdilər ki, heç bir problem yoxdur, üzərindəki cızıqlar üçün isə “vitrin” telefonu olması arqumenti gətirildi. Hansı ki, servis mərkəzində texniki olaraq heç bir yoxlama aparmadan, qeyd etdikləri kimi, kameradan istifadə edərək “Whatsapp” proqramında şəkil çəkib yoxlamadan, sadəcə kənardan müşahidə etməklə, kameraya baxılaraq bu qərara gəlinib. Əgər vitrin telefonunda belə problemlərin olma ehtimalı vardısa bu mütləq alıcıya öncədən bildirilməliydi və eləcə də, qiymətinin də, yeni, qablaşdırılması açılmamış telefonla müqayisədə eyni olması yanlış olardı. Sadəcə rənginə görə məcburən vitrindəki telefonu müştəri olaraq alırsa, bu mağazaya ona qüsurlu telefonu yeni telefon kimi, eləcə də yeni telefon qiymətinə satmaq haqqını vermir. Bundan sonra, dəfələrlə mağazaya gedərək və ya telefonla danışıqlar apararaq məsələnin həll olunmasına çalışmışdır. Hər dəfəsində müxtəlif bəhanələrlə 5 gün, 1 həftə, 10 gün vaxt verilməsini xahiş etdilər. Həmçinin ilk günlərdən başlayaraq, Cavabdeh MMC-nin rəsmi elektron poçt, Facebook sosial şəbəkəsindəki ünvanlarına və hüquqi ünvanına rəsmi etmiş olduğu heç bir müraciətə aidiyyatı üzrə cavab verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinin “qaynar xəttinə” də, məsələ ilə bağlı müraciət olunmağına baxmayaraq bir aydan artıq müddətdir ki, heç bir nəticə yoxdur. Beləliklə, qanun çərçivəsində, hüquqi yollarla bütün mümkün vasitələrdən istifadə etsə də, məsələni heç bir şəkildə hüquqlarını pozmadan həll etmək istəmədilər. Mağaza bütün bu səhvləri qəbul etməkdən, səhvlərini düzəltməkdən boyun qaçırır, əksinə bütün bunlar azmış kimi, ondan qüsurlu telefonu yeni telefona dəyişmək üçün əlavə ödəniş (telefonun ümumi qiymətinin 20 faizini) tələb edir. Ondan götürəcəkləri telefonu isə, Neftçilərdə başqalarına satmaq fikrindədirlər. Bu bir növ müştərini aldatmaq, haqsız gəlir əldə etmək deməkdir. Ayrıca özü Qarabağ müharibəsi iştirakçısı və veteranıdır, İİ qrup əlili, bir neçə dəfə ağır ürək əməliyyatı keçirtmiş, məcburi köçkündür. Telefonu da almaqda məqsədi tələbə olan övladının telefonu işləmədiyi üçün, dərslərində göstərdiyi yüksək müvəffəqiyyətə qarşılıq olaraq onu təqdir etmək idi. Lakin “Baku Elektronics” MMc-nin qanunsuz olaraq bu şəkildə davranmağı nəticəsində övladı öz tələbə yoldaşları arasında çox pis vəziyyətə düşərək psixoloji gərginlik keçirtmiş, o da, öz övladı qarşısında çox çətin vəziyyətdə qalmışdır. Eyni zamanda yuxarıda qeyd etdiyi kimi, həyatı boyu yaşadığı bu qədər şeydən sonra normal pulunu verib yeni telefon alacağı halda, onu aldadaraq qüsurlu mal satmış, bu hal ona məlum olduqda da, bütün müraciətlərinə baxmayaraq 14 gün ərzində qüsurlu telefonu yenisi ilə dəyişmədikləri üçün ona gərəksiz əsəb, stress, gərginlik yaşadaraq səhhətinə və ailə daxilində olan ümumi münasibətlərinə zərər vurmuşlar. Həmçinin onu da telefon servis mərkəzinə verildikdən sonra mağaza səhvini qəbul etmədiyi üçün geri götürülməmiş, buna görə telefon bu günə qədər də, servis mərkəzində qalmaqda davam edir. Nəticədə ilkin ödəniş etməyinə baxmayaraq aylardı yeni telefonu ona verməyərək hüquqlarını kobud şəkildə pozmuşlar. Kifayət qədər uzun müddət keçdiyi və məsələ hələ də, həll olunmamış qaldığına görə, məcbur qalaraq övladının müvəqqəti istifadəsi üçün əvvəlki iPhone 6S markalı telefonunu təmir etdirməli olmuşdur. Həmçinin proses uzandığına görə əlavə telefon almalı olacaqdır. Bununla belə, hüquqlarının müdafiəsi üçün zərurət yarandığına görə ödənişli hüquqi yardım alacaqdır. Bütün bunları məcburiyyət qarşısında qalıb etdiyinə görə, əlavə olaraq maddi və mənəvi zərər çəkmiş olmuşdur. Hansıki, pulunu verib yeni telefon almaq istədiyi halda, qanuni və vicdanlı şəkildə davranmış olsaydılar bütün bunlar yaşanmayacaqdı. Bu günə qədər də, ona məlum olmayan səbəbdən alqı-satqı müqaviləsinin surətini ona vermədikləri üçün, müqavilənin tələblərinin və şərtlərinin nələrdən ibarət olduğunu deyə bilmir. Bu hadisədən sonra araşdırmalarına görə ona məlum olmuşdur ki, Cavabdeh MMC-nin ondan başqa da, digər müştəriləriylə arasında oxşar problemlər əvvəllər və hazırda mövcud olmuşdur. Həmçinin əldə etdiyi məlumata görə, vitrində olan telefonların daimi elektrik cərəyanına bağlı mağazada işləyənlər də bunu bilirlər lakin, bunu müştərilərə bildirmirlər. Həmçinin, yeni satılmış telefonlar bir müddət istifadədən sonra, müştəri tərəfindən mağazaya satılırsa, mağaza onu təkrar alaraq lazımi qulluq göstərərək yenidən yeni telefon kimi sata bilmə ehtimalını da, nəzərə alınmalıdır. Daha öncə həmin mağazadan müxtəlif elektronik əşyalar almış olmağına baxmayaraq, başına gətirilən bu hadisədən sonra artıq onlara heç bir etibarı qalmamışdır. Beləliklə ona qüsurlu telefon sataraq istehlakçı kimi hüquqlarını pozmuşlar və bundan sonra da, pozulmuş hüquqlarının bərpası üçün dəfələrlə müraciət etməyinə baxmayaraq heç bir köməklik göstərilməmişdir. Ancaq, buna baxmayaraq, baş vermiş hadisənin hüquqi tənzimlənməsi milli və beynəlxalq qanunvericilikdə kifayət qədər öz əksini tapmışdır. Göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddiaya baxılaraq rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli telefon tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq yoxlanılmış və zəmanət talonu ilə birlikdə iddiaçıya təqdim edilmişdir. Cavabdehin şikayəti əsasında həmin telefon “Alma Store” rəsmi servis tərəfindən yoxlanılmış və telefonda hər hansı qüsurun aşkarlanmadığı müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən də göründüyü kimi, cavabdehə təqdim edilmiş telefon müqavilədə göstərilən telefonla eynidir və üzərində də hər hansı bir qüsur yoxdur. Bundan əlavə, cavabdehə təklif edilmişdir ki, cavabdehin ilkin olaraq ödədiyi 300 manat məbləğində ödəniş qalmaqla telefonu geri qəbul edə bilərlər. Çünki həmin telefon artıq cavabdeh tərəfindən istifade olunmuş və yeni kimi satışa çıxarıla bilməyəcəkdir. Lakin, cavabdeh razı olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaşıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaşı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş iddiaçı iddiasını müdafiə edərək bildirmişdir ki, nisyə aldığı “İphone 11 X4” modelli telefonunu 100-150 manat ödədiyi puldan çıxmaqla geri qaytarmağa razı olduğunu bildirmiş, lakin cavabdeh şirkətin əməkdaşları buna razılıq verməmişdir. Ona bildirilmişdir ki, yalnız 600 manat ödədiyi təqdirdə telefonu istifadə olunmuş kimi geri götürərək satışa qoya bilərlər. Qeyd olunan model telefon vitrin malı olmuş və ona həmin telefonun vitrində 2-3 gün olduğu bildirilmişdir. Telefonu aldıqdan sonra evdə onun korpusunun kənar hissələrində cızıqların da olduğunu aşkar etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, BL420011 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı dəyəri 3.239 manat olan avadanlığı – telefon “İPHONE 11 PRO MAX 256 GB GOLD Single” alıcıya verməyi, alıcı isə onu qəbul edib, müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür; xx xxxxxx 2020-ci il tarixli zəmanət talonundan görünür ki, “İPHONE 11 PRO MAX 256 GB Gold Single” markalı telefona Cavabdeh tərəfindən 1 il müddətinə zəmanət verilmişdir; xx xxxxxx 2020-ci il tarixli kassa qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdehnə 300 manat məbləğində ödəniş edilmişdir; “Baku Service Company” Servisi tərəfindən verilmiş xidmət qəbzindən görünür ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixdə servisə müraciət etmiş, “11 Pro Max 256 GB Gold Single” markalı telefon yoxlanılmış və açıqlama olaraq “yoxlanıldı normal” qeyd edilmişdir; İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx xxxx 2020-ci il tarixli pretenziya məktubundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-ci məhəllədə yerləşən, Cavabdehnə məxsus, Cavabdeh adlı mağazadan ümumi qiyməti 3.099 azn olan, İPHONE 11 X4 model telefonu ilkin olaraq 300 azn ödəməklə, həmçinin komisyon xərcləri də əlavə olunmaqla hissə-hissə ödəmək şərti ilə almış, lakin təəssüf ki, telefonu istifadə etdiyi ilk və ikinci gün “Whatsapp” programında şəkil çəkərkən ekranın yarısı tamamilə yaşıl rəng olmuş, (sanki zərbədən pozulmuş ekran görüntüsü kimi) buna görə də böyük təəssüf və xəyal qırıqlığı içərisində, ödədiyi böyük məbləği də nəzərə alaraq telefonu aldığı mağazaya getmiş və problemi başa salmağa çalışdır. Təkid üzərə telefonu 24 fevral, 2020-ci il tarixdə servisə aparmış orada da, əlavə olaraq telefonun ekranında və gövdəsində cızıqlar olduğunu öyrənmişdir. Hal-hazıra qədər də, ona heç bir köməklik göstərilməmişdir və telefon servisdədir. Ona məlum olmayan səbəbdən alqı-satqı müqaviləsinin surəti ona verilmədiyi üçün, müqavilənin tələblərinin və şərtlərinin nələrdən ibarət olduğunu deyə bilmir. Odur ki, yuxarıda qeyd edilən ödəmiş olduğu ümumi məbləği 2 (iki) gün ərzində ödənilməsi və ya eyni model, çeşitdə telefonun verilməsi təklif olunmuşdur. Habelə, rəsmi xəbərdarlıq edilmişdir ki, əgər qeyd olunan tarixədək məbləğin ödənilməsi təmin edilməzsə qanunvericiliklə nəzərdə tutulan tədbirlər görüləcəkdir; “Alma Store” şirkətinin xx xxxxxxxx 2020-ci il tarixli aktının surətindən görünür ki, “**********65105” seriyalı “İPHONE 11 PRO MAX 256 GB GOLD” markalı telefon açılmadan diaqnostika olunmuş və hər hansı problem aşkar olunmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 5/768 saylı kompüter-texniki rəyindən görünür ki, təqdim edilmiş sensor ekranlı “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone11 PRO max” markalı “A2218” modelli, “**********65105” imei kodu 256 GB yaddaş tutumlu və G6TZQF0WN710 seriya nömrəli mobil smartfondur. Ekspertiza qarşısında qoyulmuş digər suallar kompüter-texniki ekspertizanın həlll etdiyi suallar dairəsinə aid olmadığından həmin suallar üzrə tədqiqat işləri aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 59.94 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 5/768 saylı məhkəmə trasoloji ekspertizanın rəyindən görünür ki, təqdim edilmiş bir ədəd mobil telefonun üzərində, kənarlarında və digər hissələrində cızılma izlər aşkar edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir. “X1” haqqında Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması istehlakçıların hüquqlarından biridir; 7.1-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: - lazımi keyfiyyətli mala dəyişdirməyi; - satış qiymətini uyğun məbləğdə azaltmağı; - malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; - malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; - müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. 7.2-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, BL420011 saylı nisyə satış müqaviləsinə əsasən, satıcı dəyəri 3.239 manat olan avadanlığı – telefon “İPHONE 11 PRO MAX 256 GB GOLD Single” alıcıya verməyi, alıcı isə onu qəbul edib, müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 300 manat məbləğində cavabdehə ödəniş edilmiş və “İPHONE 11 PRO MAX 256 GB GOLD Single” telefonu zəmanət talonu ilə birlikdə cavabeh tərəfindən iddiaçıya verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin telefon vitrində satışda olan telefon olmuş və iddiaçının bundan məlumatı olmuş, buna baxmayaraq telefonu qəbul etmişdir. Hazırda iddiaçı həmin telefonun qüsurlu olduğunu bildirərək, müqavilənin ləğvini, ödədiyi 300 manat pulun qaytarılmasını, ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini və sair xahiş edir, cavabdeh isə mübahisəli avadanlıqda heç bir qüsur olmadığını bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən “İPHONE 11 PRO MAX 256 GB GOLD Single” markalı telefonun qüsurlu olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da belə halın mövcudluğu öz təsdiqini tapmamışdır. İş materiallarında olan “Alma Store” şirkəti tərəfindən verilmiş aktdan görünür ki, qeyd edilən telefonda qüsurlar aşkar edilməmiş, ekspert rəyinə əsasən isə telefonun üzərində, kənarlarında və digər hissələrində cızılma izləri aşkar edilməmişdir. Qanunvericliyin yuxarıda istinad edilən normalarından da göründüyü kimi, istehlakçı olaraq iddiaçı müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini aldığı malda qüsur və ya saxtalaşdırma aşkar etdiyi təqdirdə cavabdehdən tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “xx xxxxxx 2020-ci il tarixli müqavilənin ləğv edilməsi” hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. İddia tələbinin qalan hissələri törəmə tələblər olduğundan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi həmin hissələrdə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizələrində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı müqavilənin ləğvi və sair tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. “X1” haqqında Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iddianın təmin edilmədiyini və iddiaçının dövlət rüsumunu ödəməkdən qanunvericiliyə uyğun olaraq azad edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iş üzrə tərəflərə aid edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddiaçı Cavabdehnə qarşı müqavilənin ləğvi və sair tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar