Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3261/2023 07.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı X3, Cavabdehin nümayəndəsi X1, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının mütəxəssisi X5 iştirakı ilə, İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı X6(bundan sonra iddiaçı) cavabdeh"xxxx" ASC-yə(bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq yazılmış 640 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. "xxxx" ASC ilə müqavilə bağladığı vaxtdan fasiləsiz olaraq elektrik enerjisindən istifadə etmiş və buna görə ödənişlər eləmişdir. "xxxx" ASC ilə aralarında heç bir mübahisə olmamışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları ona yaxınlaşaraq bildirdilər ki, işıq sayğacında şübhəli məqamlar vardır. Belə ki xx.xx.2023-cü il tarixdə 290207 nömrəli akta əsasən "Abonentin mənzilinə quraşdırılmış əl sayğacına baxış keçirilən zaman məlum oldu ki, abonent sıfır xəttini sayğacdan kəsərək kənardan sıfır xətti çəkmişdir və sayğaca müdaxilə edilmişdir. Kənardan axan yük tərəfindən ampermetr vasitəsi ilə ölçüldü. (J-7.4 yeddi tam onda dörd) Sayğacın isə sxemi bərpa edilməsi bildirilmişdir. Sonradan ona ASAN Xidmət mərkəzində abonent saldosuna əsasən 640 azn borcum olması barədə məlumat verilmişdir. Lakin qeyd edir ki, göstərilən borc və ona qarşı tərtib edilən akt əsassız və qanunsuzdur. Belə ki o, sözügedən sayğaca heç bir xəsarət yetirmədən, sayğacda problem olmasını və bu səbəbdən ona qarşı tərtib edilmiş 640 AZN cərimənin ödənilməsini tələb edilmişdir. Özlərinə bu barədə öz şikayətini bildirdikdə yaranan mübahisənin məhkəmə qaydasında həll olunacağını bildirdilər. Halbuki ki, onun heç vaxt kommunal xidmətlərə görə borcu olmamışdır. Bundan başqa, "xxxx" ASC-yə də elektrik enerjisinin sərfiyyatına görə ödəməli olduğu məbləğləri həmişə vaxtında ödəmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, ona əsassız olaraq borc yazılmışdır. Bakı şəhəri, Binəqədi, Abay Kunanbayev küçəsi, ev 5/13, 113 saylı mənzilini 8 ildir almışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmişdir. Baxış zamanı guya onun tərəfindən sıfır xəttini sayğacdan kəsərək kənardan sıfır xətti çəkdiklərini, sayğaca müdaxilə etdikləri aşkar olunmuş və akt tərtib olunaraq əsasız olaraq ona 640 manat borc hesablanmışdır. Lakin bu sayğaca heç bir müdaxilə edilməmişdir. Hətta o, aktı tərtib edən şəxsləri mənzilə dəvət edərək mənzilə baxmalarını və sayğaca heç bir müdaxilə etmədiyini bildirsə də, onlar evə baxış keçirməyə ixtiyarları olmadığını bildirmişlər. Eyni zamanda aktı izah etmədən ona imza etdirmişlər. Mənzil isə 2 otaqlı olmaqla 48 kv.metrdir. Hazırda Bakı şəhəri, Binəqədi, Abay Kunanbayev küçəsi, ev 5/13, 113 saylı mənzili onun mülkiyyətindədir, lakin kommunal müqavilə isə xalasının adınadır.Sayğac blokda 2-ci mərtəbədə yerləşir. Elektrik enerjisindən istifadəyə görə aylıq 6-7 manat ödənişlər edir. Ümumiyyətlə heç vaxt sayğacda problem olmayıb. Sayğaca heç bir müdaxilə etməmiş, kənar xətdən istifadə etməmiş və qanunsuz qoşulmamışdır. O, işıq enerjisi ilə bağlı vaxtı-vaxtında ödəniş edir. Sıfır xətt hazırda da,dəmirə birləşdirilib, lakin bu hal enerji sərfiyyatına təsir etmir. Bu ilin fevral ayında smart kart tipli sayğacla əvəz etdilər və fevral ayından sonrakı ödənişləri smart kart vasitəsilə etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı tərəfindən sayğaca qanunsuz müdaxilə edilmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatlarında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanına baxış keçirilmişdir. Sayğaca baxış zamanı abonentin sıfır xəttini sayğacdan kəsərək kənar sıfır xətt çəkdiyi və sayğaca müdaxilə edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən sayğacdan keçən yük düzgün göstərmir. Bundan başqa sıfır xətt fazaya qoşulanda sayğac işləmir. Bu isə iddiaçının məqsədyönlü şəkildə işığa qənaət etməsi deməkdir. Bununla bağlı sxem bərpa olunub və akt tərtib olunmuşdur. Akt abonentin əri tərəfindən imzalanmışdır. Akta əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"na əsasən 1 ilədək əlavə sərfiyyat hesablana bilər. Lakin istehlakçıya 180 gün ərzində sərfiyyat hesabatı aparmaqla 4923 kvts abonentə əlavə sərfiyyat üzrə 639,99 manat borc hesablamışdır. Sayğac 2011-ci ildə dəyişdirilib, 2017-ci ildə isə əməkdaşlar tərəfindən sayğaca baxış keçirilmişdir. 2017-ci ilin iyun ayından sonra sayğac yoxlanılmamışdır. Saldodan da göründüyü kimi, illər üzrə ödənişlərinin müqayisəsində kəskin fərqlər vardır.
7. Məhkəmə iclasında iştirak edən mütəxəssis izahatında bildirmişdir ki, AKT-ın mahiyyətindən görünür ki, sayğac sxemi pozulmuşdur, bu halda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən isifadə Qaydalarının 8.17-ci maddəsinə əsasən 3 aylıq hesabat verilməlidir. Verilən suallara cavab olaraq bildirmişdir ki, köhnə sayğaclarda sıfır xətti kənardan götürülürdü və hər hansı problem yaratmırdı. Təzə sayğaclarda isə qiyabi olaraq dəqiq məlumat vemək mümkün deyil. Yalnız yerində yoxlama aparmaqla keçən yükün düzgün göstərilib-göstərilməməsini müəyyən etmək olar. Bununla belə o da mümkündür ki, sıfır xəttin kənardan keçməsi halında belə, sayğacdan keçən yükə təsir etməsin. Hər bir halda sayğac sxeminin pozulması Nazirlər Kabinetinin qeyd edilən qərarına görə pozuntu hesab edilir və bunun üçün 3 aylıq hesabat tərtib edilməlidir. Yəni sayğac keçən yükü düzgün göstərsə də, göstərməsə də sayğac sxeminin pozulması məsuliyyət yaradır. Bu sayğac 2010-cu ildə quraşdırılmış İP markalı sayğacdır. Bayaq dediyi hal isə daha köhnə sayğaclara aiddir. Sayğacın sxemi belə qoşulur ki, sayğaca bir faza və bir sıfır daxil olur və sayğacdan da eyni qaydada çıxmalıdır. Əgər sayğaca faza daxil olursa, sıfır xətt kənardan daxil olursa bu sayğacdan kənar xətt hesab olunmur, həmin hal yalnız sayğacın sxeminin pozulması hesab edilə bilər. AKT-ın qeyd hissəsində kənar xəttin ləğv olunması qeyd edilsə də, sıfır xətti kənar xətt hesab olunmur. Sıfır xəttin kənardan götürülməsi halında təcrübədə rastlaşdığı hal ondan ibarət olmuşdur ki, bloka çəkilən işıq üçün sıfır xətt kənardan çəkilmişdi və sayğac söndürüldükdə blokun işığı sönmürdü. Yəni blokun işığı elektrik sərf etmirdi. Bununla yanaşı abonentin saldosunda olan məlumatlar aparılan ödənişlər arasında kəskin fərq olmadığı qənaətini formalaşdırır. Lakin fərq olsa belə, bu halın özü də birbaşa sayğacdan kənar istifadəni təsdiq edə bilməz. Çünki abonentin müəyyən zaman kəsiyində elektrik enerjisindən çox və az istifadə etmiş olması istisna edilmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
8. X2 ilə İddiaçı arasında bağlanan xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, hədiyyə verən X2 Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi, ev 5/13, mənzil 113 saylı mənzili hədiyyə alan İddiaçı bağışlayır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi, ev 5/13, mənzil 113 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 2200 nömrəli reyestr kitabının 204554 nömrəli vərəqində xx.xx.2016-cı il tarixində qeydiyyata alınmışdır.
10. "xxxx" ASC tərəfindən tərtib edilən 290207 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı Validə Şahverdiyevanın mənzilində sayğaca baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, abonent sıfır xəttini sayğacdan kəsərək, kənardan sıfır xətti çəkmiş, sayğaca müdaxilə etmişdir. Kənar xəttən axan yük ampermetr vasitəsi ilə ölçülmüşdür. (J-7.4 yeddi tam onda dörd)
11. "xxxx" ASC Aktların Uçotu və İcrasına Nəzarət Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində təsdiq edilən, 290207 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqi əsasında Validə Şahverdiyevaya məxsus abonent kodu **********30113, nömrəsi ********* olan sayğacda qüsur kimi kənar xətt qeyd edilmiş, verilməli olan hesabat həcmi 639,99 manat qeyd edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə X4 məxsusdur. Həmin ünvanda abonent Şahverdiyeva Validə(iddiaçının xalası) ilə elektrik enerjisindən istifadəyə dair cavabdehlə müqavilə bağlanmışdır. 2016-cı ildə mənzil iddiaçının xalası tərəfindən ona bağışlanılmışdır. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndələri tərəfindən abonentin mənzilinə baxış keçirilmiş və bu barədə 290207 nömrəli AKT tərtib edilmişdir. AKT-da qeyd edilmişdir ki, abonentin mənzilinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, abonent sıfır xəttini sayğacdan kənar çəkməklə Sayğaca müdaxilə etmişdir. Kənar xətdən axan yük tərəfimizdən ampermaj vasitəsilə ölçüldü. Ölçülən elektrik yükü 7.4 A həcmində müəyyən edilmişdir. Həmin AKT-ın əsasında 16 fevral 2023-cü il tarixdə cavabdeh tərəfindən “icra vərəqi” tərtib edilmiş və sayğacdan kənar xətt kimi qüsur göstərilərək, istehlakçıya 4923(7.4A x 0.22 x 24saat x 180 gün x 0.7) kvts-na elektrik sərfiyyatı hesablamaqla, 639.9(4923kvts X 0.13) manat borc hesablanmışdır.
13. İddiaçı həmin borcu ona görə əsassız hesab edir ki, onun sayğaca hər hansı müdaxiləsi olmamış, sıfır xətt əvvəldən ordan çəkilmişdir, sayğac blokdan keçmiş, həmin xəttin kənardan çəkilmiş olması keçən yükü azaltmamış, hazırda da istifadə etdiyi elektrik enerjisindən sərfiyyata görə ödənişlər edir.
14. Cavabdeh isə sayğaca müdaxilə edildiyinə görə iddiaçıdan 6 ay üçün istifadə edilmiş elektrik enerjisinə görə pul tələb edilməsini əsaslı hesab edir.
15. Dəvət edilmiş mütəxəssis isə cavabdehin 6 ay üçün hesabat təqdim etməsini düzgün hesab etmir və tərtib edilən akt-ın mahiyyətinin sayğac sxeminin pozulması olduğunu təsdiq edir və bunun üçün istehsalçının 3 aydan çox müddət üçün məbləğ tələb etməsini əsassız hesab edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qaydalarının 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır.
22. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.
23. Həmin qaydaların 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.
24. Həmin qaydaların 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
25. İşin müəyyən edilmiş faktiki hallarına görə iddiaçının mülkiyyətində olan mənzilin elektrik enerjisindən istifadə edilməsi üçün quraşdırılmış sayğacına baxış keçirilmişdir və sayğacın sxeminin pozulduğu müəyyən edilmiş və bununla bağlı hər iki tərəfin imzaladığı AKT tərtib edilmişdir. Həmin AKT-ın əsasında isə sayğacdan keçən elektrik yükünün həcmi hesablanmaqla 6 ay üçün abonentə borc hesablamışdır. Eyni zamanda AKT-ın əsasında qəbul edilmiş qərarda sayğacdan kənar xətt olduğu göstərilmişdir.
26. Lakin tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, sıfır xəttin sayğacdan kənar çəkilməsi “kənar xətt”-in olması anlamına gəlmir və bu hal yuxarıda qeyd edilən qaydalarda göstərildiyi kimi sayğacın qoşulma sxeminin pozulması hesab edilir və buna görə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla yenidən hesablanır.
27. Odur ki, istehsalçıya 180 gün üçün istifadə edilmiş elektrik enerjisinin dəyərinin cavabdeh tərəfindən yenidən hesablanması düzgün olmamışdır. Halbuki Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş qaydalarına görə istehsalçıya itirilmiş və ya istifadə edilmiş elektrik enerjisinə görə 180 gün üçün yenidən hesablama aparılması ümumiyyətlə nəzərdə tutulmamışdır.
28. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının tələbi ona görə qismən əsaslı hesab edilməlidir ki, sayğacın qoşulma sxeminin pozulması mübahisə doğurmadığından ondan 3 ay üçün istifadə edilmiş elektrik enerjisinin dəyərinin tələb edilməsi(yenidən hesablanması)əsaslıdır. Həmin məbləğ 319.9 manat təşkil edir.
29. Bundan əlavə həmin 3 ay müddət üçün istehlakçının ödənişləri də nəzərə alınmalıdır. Belə ki, qaydalarda göstərildiyi kimi sayğacların qoşulma sxemlərinin istehlakçı tərəfindən pozulması istifadə edilmiş elektrik enerjisinin yenidən hesablanması üçün əsasdır. Hansı ki, yenidən hesablaşma gün ərzində elektrik enerjisindən maximum, yəni 24 saat istifadəni nəzərdə tutduğundan, istehlakçının faktiki istifadə etdiyi elektrik enerjisinin sərfiyyatını da özündə ehtiva edir. Bu səbəbdən də yenidən hesablaşmanın aparıldığı 3 ay üçün istehlakçı tərəfindən ödənilən məbləğlər, yəni xx.xx.2022-ci il tarixdə 10.16 manat, xx.xx.2023-cü il tarixdə 10.8 manat, xx.xx.2023-cü il tarixdə 11.6 manat məbləğlər də tələb edilən borcdan silinməlidir.
30. Odur ki, iddiaçının tələbi qismən əsaslı hesab edilməli və ünvan 1 ünvanına "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 290207 saylı, xx.xx.2023-cü il tarixli AKT-a əsasən hesablanmış borcun 352.46 manat məbləğində hissəsi silinməlidir. Tətbiq edilən prosessual normalar
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
34. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir
35. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə
36. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
37. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
38. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:
40. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanına(abonent kodu: **********30113) "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 290207 saylı, xx.xx.2023-cü il tarixli AKT-a əsasən hesablanmış borcun 352.46 manat məbləğində hissəsi silinməli, iddia qalan hissədə təmin edilməməli və istehlakçının ödəməkdən azad olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. ünvan 1 ünvanına(abonent kodu: **********30113) "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 290207 saylı, xx.xx.2023-cü il tarixli AKT-a əsasən hesablanmış borcun 352.46 manat məbləğində hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad olduğu 30(otuz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev