Məhkəmə qərarları › İş №2(001)-3264/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3264/2021

17.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3264/2021 17.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Cavabdehnə qarşı yazılmış borcun, qanunsuz cərimələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı yazılmış borcun, qanunsuz cərimələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, iddia ərizəsi iddiaçının nümayəndəsi X2 tərəfindən imzalansa da, həmin şəxsin səlahiyyətli şəxs olması iddia ərizəsinə əlavə edilmiş sənədlərlə təsdiq olunmur. Belə ki, iddia ərizəsinə iddiaçının X1 xx xxxx 2017-ci il tarixli Bakı şəhəri 19 saylı Notariat Kontoru tərəfindən verilmiş etibarnaməsi əlavə edilsə də, onların qohumluğunu təsdiq edən sənədlər (doğum haqqında şəhadətnamə) əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsinə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, iddia ərizəsində cavabdehin ünvanı göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: ... işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ... Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq və mülki prosessual qanunvericiliyin müddəalarını analogiya üzrə tədbiq edərək belə nəticəyə gəlirəm ki, ərizəyə ərizəni imzalamış şəxsin səlahiyyətli şəxs olmasını təsdiq edən sənəd əlavə edilmədiyinə görə və iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə görə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.1.2, 263 və 264 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı yazılmış borcun, qanunsuz cərimələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmış sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar