Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-328/2022 07.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı 22 aprel 1999-cu il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və özünün onun qəyyumu təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 07 yanvar 2022-ci il tarixdə iddia tələbinin həcmini azaldaraq, məhkəmədən qızı 22 aprel 1999-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 15.04.1997-ci il tarixdə X5 ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından 22.04.1999-cu il təvəllüdlü X7 doğulmuşdur. Daha sonra T.A.Əhmədov ilə münasibətləri pisləşdiyindən ailənin qorunub saxlanması mümkün olmamışdır. Qızı Ç.T.Əhmədovanın sağlamlıq imkanları anadangəlmə məhdud olmuşdur. Qızı yetkinlik yaşına çatdıqdan sonra ona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “Anadangəlmə mikrosefaliya. Yuxarı ətrafların süst paraparezi, aşağı ətrafların dəri spastik paraparezi. Diferensə olunmamış qıcolmalar. Psixofiziki inkişaf geriliyi, əqli gerilik. Mikrosomniya” diaqnozu qoyularaq birinci dərəcəli əlillik müəyyən edilmişdir. Yetkinlik yaşına çatmasına baxmayaraq qızı psixofiziki və əqli inkişaf geriliyi səbəbindən öz hərəkətlərinin mənasını dərk edə bilmir. Bu səbəbdən doğulduğu gündən hazırki vaxta qədər mütəmadi olaraq diqqət və qayğıya ehtiyacı vardır. Qızının danışmaq və yerimək imkanı yoxdur. Nə qədər çətində olsa, onun mütün müalicə xərclərini özü qarşılayır. Qızının faktiki olaraq əmək qabiliyyəti yoxdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə etdiyini bildirərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AZE seriyalı, 14375342 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 22 aprel 1999-cu il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Yasamal rayon VVADQ idarəsi tərəfindən verilən İ-AZ seriyalı, 074197 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 22 aprel 1999-cu il təvəllüdlü X2 anası, X6 isə atasıdır. Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən 26 avqust 2003-cü il tarixində verilən AZ-İ seriyalı, 014701 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X6 ilə Ərizəçi arasında olan nikah ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 25 may 2017-ci il tarixdə verilən müayinə barədə məlumatdan görünür ki, 22.04.1999-cu il təvəllüdlü X8 üçün ümumi xəstəlik səbəbindən müddətsiz, İ dərəcəli əlillik qrupu müəyyən edilmiş və anadangəlmə mikrosefaliya, yuxarı ətrafların süst paraparezi, aşağı ətrafların dərin spastik paraparezi, diferensə olunmamış qıcolma, psixofiziki inkişaf geriliyi, əqli gerilik, mikrosomniya diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X4 X12 tərəfindən 09 dekabr 2021-cil tarixində verilən 4144 nömrəli rəydən görünür ki, X3 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əql geriliklə müəyyən edilir. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Buna görə də X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. 26 iyul 2021-ci il tarixli mədaxil qəbzinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün ərizəçi tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 22.04.1999-cu il təvəllüdlü X2 anasıdır. X2 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X4 X11 məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd olunmuşdur ki, X3 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əql geriliklə müəyyən edilir. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki iş materiallarına, ekspertiza rəyinə əsaslanaraq hesab edir ki, şəxsin öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas olduğundan ərizə təmin edilməli, 22.04.1999-cu il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 22.04.1999-cu il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-328/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-328/2022
07.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver