Məhkəmə qərarları › İş №2(001)-3293/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3293/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3293/2023 22.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ MədHakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə 22 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 2609,32 (iki min altı yüz sıfır doqquz manat otuz iki qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,09 (qırx altı manat sıfır doqquz qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin, ona etirazın əsasları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 006/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 30000 (otuz min) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2020-ci il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 2609,32 (iki min altı yüz sıfır doqquz manat otuz iki qəpik) manat hissəsini bu günədək ödəməmişdir. Cavabdeh tərəf iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, borcun etirafı barədə ərizədəki imza cavabdehə məxsus olsa da, ərizənin mətni onun tərəfindən tərtib edilməmişdir və ərizənin yazıldığı xətt ona məxsus deyildir. Çünki, alğı-satqı müqaviləsində də göstərilən imza onun tərəfindən boş vərəqə çəkilmiş və müqaviləyə imza etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “Məhsulların nisyə alğısatqısı” barədə müqavilə üzrə “Təhvil-təslim Aktı”nda güyə iddiaçı tərəfindən cavabdehə 30000 manat dəyərində məhsul verildiyi göstərilsə də, əslində cavabdehə bu mallar verilməmiş, cavabdeh həmin malları qəbul etməmiş və cavabdeh belə bir sənədə ümumiyyətlə imza etməmişdir. Əvvəlki məhkəmə iclaslarında iddiaçının deməsinə görə cavabdeh tərəfindən ödənilmiş 27390,68 manata dair kassa mədaxil qəbzlərinin təqdim edilməsi iddiaçıdan tələb edilsə də, həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Çünki, belə sənəd mövcud deyil, iddiaçı tərəf belə sənəd təqdim etsə belə, oradakı imzalar birmənalı olaraq cavabdehə məxsus olmayacaqdır. Digər tərəfdən, iş materiallarında olan 07 dekabr 2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, “ekspertizaya təqdim olunmuş mülki işin 10-cu vərəqəsində olan ərizədəki yazılar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.” Həmin rəy əslində qeyd olunan xx.xx.2020-ci il tarixli “Ərizə”nin etibarsız sənəd olduğunu təsdiq edir. Belə olan halda sual yaranır ki, əgər həmin ərizənin mətni başqa şəxs tərəfindən tərtib edilmişsə və həmin mətnin məzmunu cavabdeh tərəfindən qəbul edilərək imza çəkilmişsə, onda nəyə görə həmin ərizənin sonunda “hazırki ərizə mənim sözlərimlə başqa şəxs tərəfindən tərtib edilmişdir, əlavələrim yoxdur, öz imzamla təsdiq edirəm” qeydi əks edilməmişdir? Bu o deməkdir ki, həmin ərizə və digər əlaqəli sənədlər işçi-işəgötürən münasibətlərində diqtə edən tərəf olaraq məhz işəgötürənin (iddiaçının) təkidi ilə tərtib edilmişdir ki, işçilər işəgötürəndən asını vəziyyətdə olsunlar və gələcəkdə onlara qarşı bu kimi iddiaları qaldırmaq imkanları olsun. Digər tərəfdən, cavabdehin heç vaxt VÖEN-i olmamışdır, bu isə ona 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulların verilməsini mümkünsüz edən haldır. Çünki, iddiaçı sıradan bir şirkət deyil, ƏDV ödəyicisi olaraq Azərbaycan bazarında müvafiq mallar üzrə özünəməxsus yer tutan şirkətdir. Belə olan halda isə, iddiaçının elementar olaraq VÖEN-i olmayan bir fiziki şəxsə həmin məbləğdə malları nisyə alğı-satqı etməsi absurd fikirdir. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirərək, iddiaçıdan mal götürmədiyini bildirib, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilənləri müdafiə etdiyini, iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, məhkəməyə təqdim edilmiş kassa-mədaxil orderlərində cavabdehin imzası yoxdur. Borcun etirafı barədə ərizə cavabdeh tərəfindən yazılmamış, iddiaçı cavabdehə boş vərəqə imza etdirməklə, həmin mətni sonradan ərizəyə daxil etmişdir. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlar saxtadır. Sonda E.Nümayəndə2 məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsini xahiş etdi. Tədqiq edilən sübutlar: - 006/2020 saylı, xx.xx.2020-ci il tarixli, “Məhsulların nisyə alqı-satqısı barədə müqavilə”dən görünür ki, satıcı “Avrora MMC” tərəfindən alıcı Cavabdeh 30.000 (otuz min) manat məbləğində müxtəlif çeşidli məhsullar nisyə olaraq satılmışdır. Alıcı isə həmin borc məbləğini 3 ay müddəti ərzində Satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. - 006/2020 saylı, xx.xx.2020-ci il tarixli, “Məhsulların nisyə alqı-satqısı” barədə müqavilə üzrə təhvil-təslim aktından görünür ki, Satıcı tərəfindən Alıcıya qeyd olunan məhsullar təhvil verilmişdir: 4402 manat məbləğində 7100 ədəd Napitok Bizon 0.25 İt (1x24) banka, 3999 manat məbləğində 4300 ədəd Napitok Bizon 0.45 İt (1x24) banka, 5500 manat məbləğində 4400 ədəd X5 8 % 0.45 İt (1x24) banka, 3875 manat məbləğində 3100 ədəd Napitok Go silver 8 % 0.45 İt (1x24) banka, 4030 manat məbləğində 6500 ədəd X4 0.25 İt (1x24) banka, 3617.70 manat məbləğində 3890 ədəd X4 0.45 İt (1x24) banka. - xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən “Avrora MMC-nin prezidenti Ceyhun Abbasova ünvanlandığı göstərilən ərizədən görünür ki, Cavabdeh “Avrora MMC ilə bağlanmış Məhsulların nisyə alqı-satqısı” barədə müqavilə üzrə 30.000 manat məbləğində borcunu etiraf etdiyi və həmin borcu 3 ay ərzində tam şəkildə ödəməyi öhdəsinə götürdüyü qeyd olunmuşdur. Eyni zamanda öhdəliyi vaxtında icra etmədiyi halda məsuliyyət daşımağa hazır olduğunu qeyd etmişdir. - 30.09.2022-ci il tarixli, 1496 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 006/2020 saylı, xx.xx.2020-ci il tarixli, “Məhsulların nisyə alqı-satqısı” barədə müqavilə üzrə 2609,32 manat ödənilməmiş borcu vardır. - 12 mart 2020-ci il və 22 iyun 2020-ci il tarixli “Mədaxil qəbzinin kötüyü”ndə göstərilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə müvafiq olaraq 19300 və 8090,68 manat ödəniş edilmişdir. Qəbzlərdə İddiaçı MMC-nin nümayəndəsinin imzası mövcuddur. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırki işlə bağlı 27 oktyabr 2022-ci il tarixli, 2(010)-4236/2022 saylı qərardadına əsasən, iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. xx.xx.2020-ci il tarixli ərizə Cavabdeh xətti ilə yazılmışdırmı?

2. xx.xx.2020-ci il tarixli, 006\2020 saylı “Məhsulların nisyə alğı-satqısı” müqaviləsinin mətninin tərtib edilməsi vaxtı ilə həmin müqavilədə olan cavabdehin imzasının çəkilmə vaxtı üst-üstə düşürmü? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2022-ci il tarixli, 4/1636-5/1442 saylı müvafiq rəyində göstərilmişdir ki, xx.xx.2020ci il tarixli ərizədə yazılar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; “Məhsulların nisyə alğı-satqısı” müqaviləsinin mətninin tərtib edilməsi vaxtı ilə həmin müqavilədə olan cavabdehin imzasının çəkilmə vaxtı üst-üstə düşürmü? sualı üzrə tədqiqat aparılmadı. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(001)- 3293/2023 saylı qərardadına əsasən, iş üzrə kompleks məhkəmə-xətşünaslıq və məhkəmə-texniki ekspertizası təyin edilmiş, məhkəmə xətşünaslıq ekspertizası üzrə ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. “Məhsulların nisyə alğı-satqısı barədə” Müqavilənin aşağı hissəsində “Alıcı” bölməsindəki imza Cavabdeh tərəfindən icra edilmişdirmi?

2. xx.xx.2020-ci il tarixli “Təhvil-təslim aktı”nın aşağı hissəsində “Alıcı” bölməsində imza Cavabdeh tərəfindən icra edilmişdirmi? Məhkəmə-texniki ekspertizası üzrə ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. “Məhsulların alğı-satqısı barədə” müqavilədə ilkin olaraq müqavilənin çap mətni hazırlanmış, sonradan Cavabdeh imzası atılmışdır, yoxsa ardıcıllıq əksinə olmuş, yəni ilkin olaraq imza atılmış, sonradan çap mətni əlavə edilmişdir?

2. “Təhvil-təslim aktı”nda ilkin olaraq aktın çap mətni hazırlanmış, sonradan Cavabdeh imzası atılmışdır, yoxsa ardıcıllıq əksinə olmu, yəni ilkin olaraq imza atılmış, sonradan çap mətni əlavə edilmişdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli, 4/1422-5/1197 saylı müvafiq rəyində göstərilmişdir ki, “ekspertizaya təqdim edilmiş, mülki işin 11-ci vərəqində İddiaçı MMC ilə Cavabdeh adlarından olan xx.xx.2020-ci il tarixli, 006/2020 nömrəli “Məhsulların nisyə alğı-satqısı barədə” müqavilənin aşağı hissəsində “Alıcı” bölməsində “imza” qrafasındakı imza və 12ci vərəqində xx.xx.2020-ci il tarixli, 006/2020 nömrəli “Məhsulların nisyə alğı-satqısı barədə” Müqavilə üzrə xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktının aşağı hissəsinə “Təhvil aldı” bölməsində “imza” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur; Həmin müqavilədə və təhvil-təslim aktında mətn çap edilmiş, sonra isə “Alıcı” qrafalarındakı imzalar icra edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsini, cavabdehin özünü dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 598.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh imzanın ona aid olduğunu, lakin onun tərəfindən boş vərəqdə imza çəkildiyini və müqaviləyə imza etmədiyini qeyd etsə də, eyni zamanda birinci ekspert rəyində də ərizədə əks olunan xəttin Cavabdeh aid olmadığı bildirilsə də, bu hallar iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, tərəflərin izahatları ilə də müəyyən edilir ki, sadə yazılı formada olan ərizənin mətni cavabdeh tərəfindən tərtib edilməmişdir. Lakin, cavabdehin özünün də etiraf etdiyi kimi həmin ərizədəki imza ona məxsusdur. Deməli, cavabdeh həmin ərizədə qeyd edilənləri öz imzası ilə təsdiq edib, qəbul etmişdir. Cavabdehin iddiaçı tərəfindən məcbur edilərək boş kağıza imza etdiyi barədə dedikləri isə inandırıcı deyildir. Bu halın leyhinə hər hansı sübut da cavabdeh tərəfindən təqdim edilməmişdir. Bundan başqa, cavabdeh təkcə həmin ərizəyə yox, eyni zamanda məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə və təhvil-təslim aktına da imza etmişdir. İkinci ekspert rəyi ilə təsdiq edilmişdir ki, həm müqavilədə, həm də təhvil-təslim aktındakı imzalar cavabdeh tərəfindən atılmış, hər iki adıçəkilən sənəddə öncə yazılar çap edilmiş, sonradan imzalar atılmışdır. Bütün bu sənədlər onu göstərir ki, iddiaçı ilə cavabdeh arasında işgüzar münasibətlər olmuşdur. Cavabdehin “mədaxil qəbzləri”ndə imzasının olmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə təqdim olunmuş 12 mart 2020-ci il və 22 iyun 2020-ci il tarixli “Mədaxil qəbzinin kötüyü”ndəki rekvizitlərin “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “04” aprel 2016-cı il tarixli Q-09 №li qərarı təsdiq edilmiş 2 nömrəli əlavəsində “Mədaxil qəbzinin kötüyü”nündə göstərilən rekizitlərə uyğun olmaması iş üzrə müəyyən edilmir. Tərəflər arasında nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. İddiaçı tərəf öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirsə də, lakin cavabdeh tərəf öz öhdəliyini lazımi qaydada yerinə yetirilməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, işin müəyyən edilən hallarına münasibətdə cavabdehin bildirdikləri öz təsdiqini tapmır, ona görə də, iddia tələbi əsaslı hesab edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 46,09 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, habelə ekspertiza xərci kimi 450 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2609,32 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 46,09 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Ekspertiza xərci kimi 450 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar