Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-332/2023 30.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə və yaşayış hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə və yaşayış hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, azyaşlı övladları xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüldlü X7, xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanına olan istifadə hüquqlarına 13000 manat kompensasiya ödənilməklə xitam verilməsinə və mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən mənzil iddiaçının atası X5 məxsus olmuşdur. xx.xx.2017-ci il tarixdə atası vəfat etdikdən sonra iddiaçı mirası qəbul etmişdir. Ümumiyyətlə mübahisəli mənzil iddiaçıya məxsus olmuş, atası sağlığında qardaşlarının iştirakı ilə də həmin mənzilin iddiaçının adına keçirilməsinə dair ərizə yazmışdır. Lakin iddiaçı həmin dövrdə evi adına keçirilməsini ehtiyac bilməmişdir. Sonradan xx.xx.2021-ci il tarixdə həmin evə dair iddiaçının adına çıxarış verilmişdir. İddiaçı həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Cavabdeh qardaşı Cavabdeh1 isə özünün ayrıca evi olmuş və ayrı yaşamışdır. Sonrada ailəsi ilə problemləri olmuş, təkcə özü mübahisəli mənzilə köçmüş, sonradan ailəsini də həmin evə gətirmiş və atalarının ölümünə kimi bir evdə yaşamışlar. Atasının ölümündən sonra ailədaxili narazılıqlar başlamış, bir yerdə yaşamaq mümkün olmadığından iddiaçı müvəqqəti olaraq başqa mənzilə köçmüşdür. Lakin hazırda iddiaçı öz mənzilində yaşamaq istəsə də, cavabdehlər buna imkan vermirlər. Mübahisəli mənzildən iddiaçıya məxsus əşyaların çoxusu oğurlandığından, o polisə müraciət etmişdir, xx.xx.2022-ci il tarixdə polis tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Cavabdehlərin iddiaçının mənzildə qeydiyyatda qalmaları və yaşamaları onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədir və mənzil üzərində sərəncam vermiş hüquqlarını pozur. Qeyd edilənlərə əsasən, ailələrin birgə yaşaması mümkün olmadığından iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, azyaşlı övladları xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüldlü X7, xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanına olan istifadə hüquqlarına 20000 manat kompensasiya ödənilməklə xitam verilməsinə və mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər.Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Bunun üçün yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmalı, tərəflər ətraflı dinlənilməli və aşağıdakılar barədə nəticə çıxarmağa çalışmalıdır: - evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mənsub olması; - evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri; - kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə); - istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi; - yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; - kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; - kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin ailə münasibətlərinə yaraşmayan hərəkətə yol verməsi); Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, 12 saylı evin 54 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 22 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. - yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X8, X6, Cavabdeh2, Cavabdeh1, X9, X7, X10 və X11 Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadırlar. - xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. - ölüm haqqında şəhadətnaməyə əsasən, X1 xx.xx.2017-ci il tarixdə vəfat etmiş və bu barədə akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 162 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri 26 saylı Notariat ofisinin cavab məktubuna əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, 12 saylı evin 22 saylı mənzilinə dair 062 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən 22 saylı mənzillə bağlı hüquq subyekti kimi İddiaçı qeyd olunmuşdur. - "xxxx" MMC-nin 0075 saylı hesabatından görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54 kv.m. olan 2 otaqlı mənzilin likvid qiyməti 64000 (altmış dörd min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müddəlarını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada şəxsin öz əmlakından istədiyi kimi sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Fərdi yaşayış evindən istifadə hüququ həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Hazırkı mülki iş materiallarından və tərəflərin verdiyi izahatdan da müəyyən edilir ki, mübahisə predmeti təşkil edən mənzil İddiaçı mülkiyyətindədir və tərəflərin birgə yaşaması mümkün deyildir. Məhkəmə tərəflərin birlikdə yaşamağının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, 20000 (iyirmi min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh1, X2, X3, X4 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, AR Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Məhkəmə iş materiallarını yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxslərin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; kompensasiya təklif edənin və təklif olunan şəxslərin maddi imkanları; kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri məsələn, mülkiyyətçinin hüquqlarının müdafiə olunması nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə iddiaçı tərəfindən təklif edilən məbləğin ədalətli olmasını nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 20000 (iyirmi min) manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, 12 saylı evin 22 saylı mənzilindən Cavabdeh1, X2, X3, X4 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kompensasiya verilməsi və Cavabdeh1, X2, X3, X4 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, 12 saylı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-332/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-332/2023
30.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver