Məhkəmə qərarları › İş №2(001)-332/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-332/2024

09.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-332/2024 09.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (maraqlı şəxs qismində Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) ərizə ilə, daha sonra dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, psixi qüsurlarına görə xx.xx.2004-cü il doğum tarixli qızı İbrahimzadə Nərgizi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və anası kimi onun qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il doğum tarixli psixi qüsurlu qızı İbrahimzadə Nərgizə ƏƏSMN-in tabeliyində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixindən əlillik səbəni ümumi xəstəlik olmaqla “orta dərəcəli əqli gerilik, orta kəmağıllıq, imbesillik, kobud nitq və davranış pozuntuları ilə” kənar şəxslərin himayəsinə ehtiyacı var (İQ-39 Diaqnoz), əmək qabiliyyətsiz qeyd edilməklə əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti isə müddətsiz kimi qiymətləndirilərək üçüncü dərəcə əlilliyi təyin edilmişdir. Həmçinin heç bir ünsiyyət forması qura bilməməsi, affektiv pozuntular, suisid (özünü öldürmə), hallüsinasiya (qarabasma), avtonom həyat, eləcə də, minimal şəxsi gigiyenanı yerinə yetirə bilməməsi və daimi müşahidə və digər şəxslərin qayğısı olmadan yaşaması qeyri-mümkündür. Adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşaması, cari fərdi gündəlik zəruri tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacının olması mütləqdir. Beləliklə, özünəxidmət, verbal əlaqə, qeyri-verbal davranış, sadə gündəlik gigiyenik vəzifələri yerinə yetirə bilməməsi, daimi qayğıya ehtiyacının olmasına, eləcə də, əsəb kontrol probleminə və sosial təhlükəli davranış ağırlığına görə hesab edir ki, qızı İbrahimzadə Nərgizi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə və anası kimi onun qəyyum təyin edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 511465 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X1 atası X7, anası isə Ərizəçidır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X3 Orta dərəcəli əqli gerililik, Orta kəmağıllıq, imbesillik, kobud nitq və davranış pozuntuları, kənar şəxslərin himayəsinə ehtiyacı var, İQ-39 diaqnozları qoyulmuşdur. Üçüncü dərəcəli əlildir. Vİİ-ЖГ seriyalı 426720 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 ilə X9 arasında olan nikah Səadət Sarayı Bakı Nikah Evində xx.xx.2001-ci il tarixdə bağlanmış və 270 nömrə ilə qeyd olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “İbrahimova” soyadı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X2 Orta dərəcəli kəmağıllıq (imbesillik dərəcəsində oliqofreniya) müəyyən edilir. X4 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X4 tam fəaliyyət qabiliyyətli olmayan şəxs kimi hesab edilməlidir. X4 onda müəyyən edilən Orta dərəcəli kəmağıllıq (imbesillik dərəcəsində oliqofreniya) ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, X1 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik ekspertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizənin digər hissəsi ilə əlaqədar isə qeyd edir ki, məhkəmənin hazırda gəldiyi xx.xx.2004-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qənaət, onun üzərində qəyyum təyin edilməsi üçün əsas olduğundan ərizə bu hissədə də rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar