Məhkəmə qərarları › İş №2(001)-3344/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3344/2025

11.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3344/2025 11.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçi – Ərizəçi maraqlı şəxs – Maraqlı şəxs maraqlı şəxs qismində cəlb edilməklə, “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. X6 xx.xx.2007-ci il tarixində anadan olmuşdur. Ərizəçi X3 atasıdır.

2. X6 orqanizmin funksiyalarının 100% pozulması ilə birinci dərəcəli əlildir və ona xx.xx.2023-cü il tarixindən müddətsiz əlillik təyin edilmişdir.

3. Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə oğlu – xx.xx.2007-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

Ərizəçinin əsaslandırması:

4. Ərizə onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. Anadan olandan həkim rnüayinəsindən keçirdikdə müyyən edildi ki, dərin kəmağıllılıq, qulluq və müalicə tələb edilən ciddi nitq davranış və dayaq-nəzəri aparatının ilkin inkişafi qüsurludur. Bir neçə ildir oğlumun xəstliyi ilə bağlı onun qulluğunda duraraq bütün əzab-əziyyətlərinə qatlanıram. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə nəticəsində birinci dərəcəli müddətsiz əlillik dərəcəsi verilmişdir. Diaqnozu qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Kvadroplegik spastik serebral iflic, Kvadroplegik spatik serebral iflicdir. X6 psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərini idarə edə bilmir və hətta məni belə bəzi vaxtlar tanımır. Belə ki, oğlum X3 xəstəliyi səbəbindən kənar şəxslərin köməyinə ehtiyacı var. Beləliklə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Maraqlı şəxsin etirazları:

5. Maraqlı şəxs ərizəyə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Tərəflərin izahatları:

6. Ərizəçi ərizəsində qeyd edilənlərlə eyni məzmunda izahat verərək ərizəsini müdafiə etdiyini və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Maraqlı şəxs Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

8. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqəsindən müəyyən edilir ki, xx.xx.2007-ci il təvəllüdlü X5 G80.0 Kvadroplegik spatik serebral iflic diaqnozu qoyulmuş, orqanizmin funksiyalarının 100% pozulması əsası ilə ona xx.xx.2023-cü il tarixindən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir.

9. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 1/5659 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, Həkim Psixiatr Komissiyasının 4869 nömrəli, xx.xx.2023-cü il tarixli Rəyi ilə X5 dərin kəmağıllılıq, qulluq və müalicə tələb edilən ciddi nitq davranış və dayaq-nəzəri aparatının pozuntuları və kvadroplegik spatik serebral iflic diaqnozu qoyulmuşdur.

10. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2025-ci il tarixli, 1676 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən müəyyən edilir ki, X4 uşaq serebral iflici nəticəsində dərin (idiotiya dərəcəsində) əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. A.Ərizəçi psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. A.Ərizəçi psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməyə kifayət qədər əsaslar var.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR AM): - Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. - Maddə 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. - Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. - Maddə 319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. - Maddə 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. - Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi:

13. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

14. İş üzrə tədqiq edilmiş sübutlardan da müəyyən edildiyi kimi X5 ümumi xəstəlik nəticəsində orqanizmin funksiyalarının 100% pozuntusu ilə birinci dərəcəli müddətsiz əlillik təyin edilmiş və onun kənar şəxsin daimi xidmət və qulluğuna ehtiyacı vardır.

15. Eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2025-ci il tarixli, 1676 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində ekspert o qənaətə gəlmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü X4 uşaq serebral iflici nəticəsində dərin (idiotiya dərəcəsində) əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir və o, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Ağa Məmmədovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır.

16. Qeyd edilənlərdən də göründüyü kimi, X6 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X6 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir.

17. Qətnamənin 12-ci bəndində istinad edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, ərizəçi X3 atası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia qaldırmaqda haqlıdır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

20. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 216-220, 227, 233, 317-321, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. xx.xx.2007-ci il tarixində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin.

3. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar