Məhkəmə qərarları › İş №2(001)-335/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-335/2021

20.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-335/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsi Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 1.3-cü km-də, kəmərdən 45 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən aparılan qanunsuz tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 1.3-cü km-də, kəmərdən 45 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında həyətyanı sahədə, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh məxsus olan köhnədən inşa edilmiş yaşayış evinə bitişik təqribən 4 metr enində, 3 metr hündürlüyündə və 5 metr uzunluğunda otaq tikilisinin inşa edilməsi tərəflərindən xx xxxx 2020-ci il tarixdə aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx xxxxxx 2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahə şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən "Neft Kəmərləri” İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılma qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərini quraşdırılması; Torpaq Məcəlləsinin 111 -ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən "tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və yə şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razıdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Neft kəmərləri İdarəsinin Qaradağ İstehsalat Bölümünün rəisi H.Q.Məmmədova tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli bildirişdən görünür ki, SOCAR Təhlükləsizlik İdarəsinin 35 saylı komandasının mühafizə etdiyi Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən Binəqədi-Bakı DŞ 200-mm-lik magistral neft kəmərinin 1.3-cü km-liyində, kəmərdən təqribən 45 metr aralıda, ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh aid olduğu iddia edilən və ünvan 1da yerləşən "həyətyanı sahədə əvvəldən inşa edilmiş yaşayış evinə bitişik xx xxxx 2020-ci il tarixdə təqribən 4 metr enində, 3 metr hündürlüyündə və 5 metr uzunluğunda otaq tikilisinin inşa edildiyi aşkar edilərək dayandırılmışdır. İşin qanunazidd olduğu vətəndaşa izah edilmiş və dayandırılması, həmçinin sökülməsi barədə tikinti işlərini aparan şəxsə şifahi və yazılı şəkildə xəbərdarlıq edildikdən sonra həmin yer işçinin özü tərəfindən qismən sökülmüşdür. xx xxxx 2020-ci il tarixdə qaravul rəisi X6, X3 və X4 tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, xx xxxx 2020-ci il tarixdə 11 saylı qaravulun 1-ci iş növbəsində saat 14:20-də 13-14 saylı postarın ərazisində Binəqədi-Bakı DŞ 200 mm-lik neft kəmərinin 1.3-cü km-liyində kəmərdən təxminən 45 metr aralıda köhnə yaşayış evinin həyətyanı sahəsində evə bitişik 4 m eni, 5 m uzunluğu, 3 m hündürlüyündə yeni otaq tikilisi tərəflərindən aşkarlanmışdır. Tərəflərindən ev sahiblərinə qanunsuz tikilini sökməsinə dair yazılı xəbərdarlıq verilmiş və ev sahibi tərəfindən tikinti qismən sökülmüşdür. Ev sahibi ilə aralarında münaqişə yarandığı üçün yeni tikilini tam sökmək mümkün olmamışdır. Faktla bağlı komanda rəhbərliyinə və Təhlükəsizlik İdarəsinin növbətçisinə məlumat verilmişdir. xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Neft kəmərləri İdarəsinə məxsus, hal-hazırda istismarda olan (Binəqədi-Bakı Dş 200-mm-lik neft kəmərinin 1.3-cü km-liyində) magistral neft kəmərinin mühafizə zonasında (ünvanda Binəqədi qəsəbəsi, 1-ci mədən, 3-cü korpus) yerləşən tikinti işlərinin aparılmasının, iri tonnajlı nəqliyyat saxlanılmasının, tikinti materiallarının yığılmasının və satışının yolverilməz və qanuna zidd olması barədə müvafiq xəbərdarlıq edilir və məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2002-ci il tarixli 685 saylı Fərman və 167 saylı qərarı ilə neft kəmərlərinin mühafizə zonasında tikinti işlərinin aparılmasına, satış məqsədilə tikinti materiallarının yığılmasına məhdudiyyət müəyyən edilmişdir. Eyni zamanda nəzərinə çatdırılmışdır ki, neft kəmərinin mühafizə zonasında müvafiq qaydada icazə alınmadan tikinti işlərinin aparılmasına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2 maddəsinə əsasən cinayət məsuliyyəti və müəyyən məbləğdə cərimələr nəzərdə tutulub. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 10/2851 nömrəli rəyindən görünür ki, Cavabdeh tərəfindən «SOCAR»ın «Neft Kəmərləri» İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 1.3-cü kilometrliyində ünvan 4 ünvanında kəmərin mühafizə zonasında köhnədən inşa edilmiş yaşayış evinə bitişik, perpendikulyar olmaqla bir mərtəbəli tikili inşa edilmişdir. Mülki iş materiallarında yeni inşa edilmiş tikiliyə dair hərhansı texniki və hüquqmüəyyənedici sənədlər olmadığına görə qoyulmuş sual üzrə tədqiqat aparılmamışdır. Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci mədən, 3-cü korpus ünvanında Cavabdeh yaşadığı fərdi yaşayış evinin həyətində inşa edilmiş tikili ilə ərazidən keçən «SOCAR»ın «Neft Kəmərləri» İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin ən yaxın hissəsi arasında olan məsafəni konkret olaraq müəyyən etmək mümkün olmadı. Belə ki, magistral neft kəməri ilə tikili arasında ardıcıl olaraq bir neçə fərdi yaşayış evləri və tikililər mövcuddur. Bununla belə, baxış zamanı müəyyən edilmişdir ki, tikili ilə magistral neft kəmərinin gözlə görünən hissəsi ara məsafə 80 metr təşkil edir. Tədqiqatın dəyəri 102 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikili ilə neft kəməri arasındakı məsafə 43 metr təşkil edir. Tədqiqatın dəyəri 311 manat təşkil edir. xx xxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 4.3-cü maddəsinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir; 22.2.-ci maddəsinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir; 49.1.-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur; 50-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir; 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır; 67.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; 111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.3-cü maddəsinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 6.7-ci maddəsinin a) bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər tərəfindən magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulduğu kimi, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxımından yaratdığı potensial riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir (Önəryıldız /Türkiyə, Paul və Audrey Edwards, paraqraf 54, 2000-Vİİ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının istismarında olan SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 1.3-cü km-də, kəmərdən 43 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında tikili – otaq inşa edilmiş, bununla bağlı iddiaçıdan hər hansı razılıq alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 1.3-cü km-də, kəmərdən 43 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında inşa edilmiş tikili – otaq neft kəmərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanların sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratdığından cavabdehin hesabına sökülərək kəmərin mühafizə zonasından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 102 manat məbləğində vəsait cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməli, habelə iş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 311 manat məbləğində vəsait cavabdehdən tutularaq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mmlik magistral neft kəmərinin 1.3-cü km-də, kəmərdən 43 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikili – otaq Cavabdeh hesabına sökülərək kəmərin mühafizə zonasından çıxarılsın. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (bir yüz iki) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 311 (üç yüz on bir) manat məbləğində vəsait Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına ödənilsin (“xxxx” ASCnin Xətai filialı, filialın kodu 200071, vöen **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, benefisiarın adı Kadastr və Yerqur Layiha TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, Vöen **********). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar