Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3370/2021 19.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “yazılmış borcun qanunsuz cərimələrin hesab edilməsi və ləğv edilməsi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1014 manat məbləğində sudan istifadə üçün hesablanmış borcun silinməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1997-ci ildən bu günə kimi yaşadıqları mənzildə yararsız vəziyyətdə, nömrəsi 000463 olan su sayğacı vardır. Sayğac bu günə kimi işlək vəziyyətdə olmamışdır. Onların evdə olmadığı vaxtlarda sayğaca nəzarət edən şəxslər ünvana gələrək, sanki sayğac nömrəsini onlara qəsdən təqdim ediləməməsini bildirərək, saxta cərimələr tərtib etmişlər. Lakin onlar dəfələrlə ünvana buraxılmış və sayğac nömrəsinin götürülməsi üçün şərait yaradılmışdır. Nəzarətçilər tərəfindən onlara məlumat verilmişdir ki, 1997-ci ildən hesablanmaqla 10 mart 2021-ci il tarixinə kimi onların 1014,11 manat məbləğində borcları vardır. Lakin 1997-ci ilən pul məzənnəsi dəyişilmiş, 2011-ci ildə isə cənap X11 imzaladığı sərəncam əsasında xalqın suya olan borclarını ləğv etmişdir. 2013-cü il, 2017-ci il, 2018-ci il və 2019-cu il tarixə qədər atası X2 su idarəsinə getmiş, rəis Tahir müəllimin və mahir müəllimin qəbulunda olmuşdur. Sadaladığı şəxslər atasına bildirmişlər ki, guya onun balansında su sayğacı yoxdur. 2019-cu ildə isə tahir müəllim tərəfindən atasına və qardaşıan şifahi şəkildə məlumat verilmişdir ki, su turbaları çıxarılacaq, çəkiləcək və həmin vaxt sayğac yenisi ilə əvəz ediləcək. 2017-ci ildə isə onlardan aşağıdakı mərtəbədə, yəni mənzil 85-də yaşayan Tağı və onun ailəsi olan qonşu tərəfindən evində su turbasının üzərində ümumi krant qoyularaq 7 ay ərzində su kəsilmişdir. 8-ci mərtəbəyə suyun təzyiqi çox az, 9-cu mərtəbəyə isə ümumiyyətlə su gəlməmişdir. 01.02.2021-ci il tarixində olara gələn hesab fakturasından görünür ki, 2019cu ildən bu yana ailə üzvləri 4 nəfər olduğu halda idarə tərəfindən 5 nəfərin aylıq istehlakı nəzərə alınmışdır. X3 06.04.2019-cu il tarixində vəfat etdiyindən mülkiyyət hazırda İddiaçı adınadır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, yaşadıqları mənzilə Azərsu ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Bildirilmişdir ki, sayğac doğurdan da mənzilə su sayğacı quraşdırılmamışdır. Onlar tərəfindən sayğaca qanunsuz qoşulma olmamışdır. Bu faktı əməkdaşlar da təsdiq etmişlər. Sayğacdakı problemin onlarla əlaqəsinin olmadığı bildirilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, Azərsu ASC tərəfindən əsassız olaraq borc hesablanmışdır. Ünvana quraşdırılan su sayğacı işləmir. Təxminən 10 il ərzində onlara məxsus mənzilə gələn su xəttinə sayğac quraşdırılmamışdır. Bu müddət ərzində onlar sudan istifadə etmişlər. Su sərfiyyatına görə ünvana Azərsu ASC tərəfindən borc qəbzləri göndərilsə də, tərəflərindən heç bir ödəniş edilməmişdir. O abonentin saldosunu almaq üçün Azərsu ASC-yə getsə də, ona saldo verilməmişdir. Hazırda bu borcu ödəməyə maddi imkanı yoxdur. Cavabdeh tərəfindən yazılmış borcun azaldılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçının su təchizatı və kanalizasiya xidmətlərinə görə 1095,11 manat borcu vardır. Bununla bağlı iddiaçıya xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq məktubunu və Azərsu ASC ilə iddiaçı arasında bağlanmış 01.01.1997-ci il tarixli su təchizatı haqqında müqaviləni məhkəməyə təqdim edir. İddiaçı 2011-ci ildən su təchizatına görə heç bir ödəniş etməmişdir. İddiaçının sayğacı işləmədiyindən Azərsu ASC tərəfindən orta sərfiyyat nəzərə alınmaqla borc hesablanmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında bağlanan 01 yanvar 1995-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, bu müqavilə Cavabdeh ASC-nin su təchizatı sisttemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜSİST2874-82-№-li dövlət standartlarının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, tənzimlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Cavabdeh ASC tərəfindən İddiaçı 04.03.2021-ci il tarixinə kimi olan 1014,11 manat son ödəniş tarixi keçmiş,ödənilməmiş borcunun yaranması barədə xəbərdarlıq edilmiş və borcunu 5 iş günü müddətində ödəməsi barədə məlumat verilmişdir. Abonent Kodu **********990 olan abonent kartından görünür ki, ünvan 1 ünvanına sudan istifadəyə görə 31 may 2021-ci il tarixinə 1054,11 manat borc hesablanmışdır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 01.01.1997-ci il tarixində müqavilə imzalanmış və abonent kodu **********990 olan sayğac quraşdırılmışdır. İddiaçı həmin tarixdən iddia verilən vaxta qədər sudan istifadə ilə bağlı hər hansı ödəniş həyata keçirməmişdir. O cümlədən iddiaçı tərəfindən cavabdehin sayğac məlumatlarının öyrənilməsi üçün şərait yaradılmamışdır. Eyni zamanda iddiaçının sayğacı faktiki olaraq uzun müddətdir işlək vəziyyətdə deyildir. Bu səbəbdən iddiaçıya həmin müddətlər ərzində sudan istifadəyə görə orta sərfiyyatla borc hesablanmışdır. İddiaçıya sonuncu dəfə 04.03.2021-ci il tarixinə su və çirkab su xidmətlərindən istifadəyə görə 1014.11 manat borcunun olması barədə xəbərdarlıq edilmişdir. İddiaçı bundan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmiş və həmin borc məbləğinin əsassız olduğuna istinad edərək borcun silinməsini xahiş etmişdir. İddiaçı borcun əsassız hesab edilməsini o əsasla tələb edir ki, 1997-ci ildən pul məzənnəsi dəyişmiş və 2011-ci ildə Prezidentin sərəncamı ilə xalqın suya olan borcları silinmişdir. Bundan başqa atası 06.04.2019-cu ildə rəhmətə getdikdən sonra 4 nəfər ailə tərkibi olmasına baxmayaraq, ona 5 nəfər aylıq istehlak norması hesablanmışdır. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı iddia tələbində abonent kodu **********990 olan və hal-hazırda iddiaçıya məxsus olan mənzilə dair 28.02.2015-04.03.2021-ci ilədək su və çirkab su xidmətlərindən istifadəyə görə Cavabdeh ASC-tərəfindən hesablanmış 1014.11 manat borcun silinməsini xahiş edir. Bu səbəbdən məhkəmə icraatı dövründə borcun artması nəzərə alınmayaraq faktiki borc məbləği məhkəmə araşdırmasının predmeti olmamışdır. Məhkəmə cavabdeh tərəfindən borc məbləğinin əsassız hesablanması ilə bağlı iddiaçının dəlillərinə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilən “X8” 1.6-cı bəndinə əsasən STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Həmin qaydaların 2.1.9.2-ci yarım bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə STKM suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etməlidir. Həmin qaydaların 6.1-ci STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – AİBNDA) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində AİBNDA-nın və STKM-in plombu olan müvafiq su ölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır Həmin qaydaların 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Həmin qaydaların 7.8-ci bəndinə əsasən istehlakçı STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Əvvəlki 12 (on iki) aylıq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır və ya istehlakçıya geri qaytarılır. Həmin qaydaların 7.9-cu bəndinə əsasən suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. Həmin qaydaların 7.14-cü bəndinə əsasən Bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam həyata keçirilməlidir. Həmin müddət gecikdirildikdə, müqavilədə nəzərdə tutulduğu hallarda istehlakçı əsas borc məbləği ilə yanaşı, müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulunu (cərimə, penya) da ödəməlidir. Həmin qaydaların 8.1.8-ci bəndinə əsasən istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə STKM “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin əsaslılığı ilə bağlı o qənaətə gəlir ki, cavabdeh iddiaçıdan su və çirkab su xidmətlərindən istifadə etməsi ilə bağlı yaranmış borc məbləğini cavabdehdən tələb etməsində haqlıdır. Belə ki, irəli sürülən tələb həddində iddiaçı 28.02.2015-ci il tarixdən etibarən su və çirkab su xidmətlərindən istifadə etməsinə baxmayaraq, hal-hazıradək hər-hansı ödəniş həyata keçirməmişdir. Lakin cavabdeh iddiaçıdan 5 ildən artıq müddət üçün yaranmış borc məbləğini tələb edə bilməz. Belə ki, iddiaçının həmin müddət üçün yaranmış borc öhdəliklərinə artıq xitam verilmişdir. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, iddiaçı yalnız 2016-cı ilin mart ayınadək yaranmış öhdəliyinin müddətin keçməsinə görə xitam verilməsini tələb edə bilər. Borc məbləğinin digər hissəsinin cavabdeh tərəfindən əsassız olaraq hesablanması və ya tələb edilməsi halı sübut olunmur. Belə ki, sayğacın işlək vəziyyətdə olmaması və ya sayğaca baxış keçirilməsinin mümkünsüzlüyü halında satıcının hüququ vardır ki, sərf edilmiş suyun həcmini istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən və ya verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq hesablamaq yolu ilə müəyyənləşdirsin. Əgər qeydiyyatda olan şəxslərin sayı azalmışdırsa, bu halda istehlakçının vəzifəsidir ki, bununla bağlı sənəd təqdim etsin və sənəd təqdim edildiyi gündən hesablaşma ona uyğun aparılmalı, əks təqdirdə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Lakin iddiaçı istinad etdiyi hallara dair hər hansı sübut təqdim etməmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551.2 və 551.2.1-ci maddələrinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, iddiaçının 2016-cı ilin mart ayının 19na qədər(iddia verilən tarixə) su və çirkab su xidmətlərindən istifadəyə görə yaranmış öhdəliyi xitam verilmiş hesab edilməli və həmin tarixə qədər yaranmış borc məbləği silinməlidir. Bu məbləğ isə 444,96 manat təşkil edir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlilkə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı abonent kodu **********990 olan hesabından su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 2016-cı ilin mart ayının 19-na qədər tələb edilən 444,96 manat borc məbləği Cavabdeh ASC tərəfindən silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı abonent kodu **********990 olan hesabından su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 2016-cı ilin mart ayının 19-na qədər tələb edilən 444,96 (dörd yüz qırx dörd manat, doxsan altı qəpik) manat borc məbləği Cavabdeh ASC tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3370/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3370/2021
19.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver