Məhkəmə qərarları › İş №2(001)-3374/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3374/2022

22.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3374/2022 22.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı hüquqlarının bərpa edilməsi, 29 oktyabr 2021-ci il tarixdə cavabdehin əməkdaşları Samir Əfəndiyev, Ruslan Məmmədov və Uğur Quliyev tərəfindən tərtib edilmiş ******* nömrəli aktın etibarsız hesab edilərək hesablanmış 400 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Həmid Soltanov küçəsi, 21 nömrəli fərdi yaşayış evində quraşdırılmış köhnə kart sayğacı yeni elektron sayğacla əvəz edilmişdir. Cavabdeh Birliyin əməkdaşları tərəfindən Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu barədə ******* nömrəli akt tərtib edilərək sayğaclar əvəz edilmişdir. Daha sonra qaz idarəsinin əməkdaşları 29 oktyabr 2021-ci il tarixdə ******* nömrəli akt tərtib etmişlər. 29/1710-03779-1 nömrəli akta əsasən sayğaca baxış keçirilmiş, sayğacın klopanının işlək olmaması, üzvlü birləşmələrin kolliziyaya uğraması, sayğacın çıxış platasının borusunun deşilməsi barədə rəy verilmiş və buna görə də 400 manat borc hesablanmışdır. Ən son 10 sentyabr 2021-ci il tarixində ******* nömrəli aktda da bildirildiyi kimi sayğacda heç bir fəsad və ya problem aşkar edilməmişdir. Sayğac quraşdırıldıqdan sonra növbəti ay üçün 400 manat əlavə cərimə yazıldığını gördükdə o, cavabdeh Birliyin qaynar xəttinə müraciət etmək qərarına gəlmişdir. Qarşıya çıxan problem ilə bağlı məsələni qaynar xəttdə bildirdikdə ona “sizin köhnə sayğaca müdaxilə olunub” deyə məlumat verilmişdir. Hər hansısa bir problem olduqda ona bu barədə məlumat verilmədiyi halda o nəyə görə məsuliyyət daşıyır? Bundan əlavə olaraq bildirilmişdir ki, əgər sayğacda problem olarsa onun iştirakı ilə sayğacı ayrıca qutuya yerləşdirib və plomblamaq lazımdır. Buna səbəb isə gələcəkdə hər hansısa bir borc və digər problemin olmaması üçün zəruri şərtlərdən biri kimi qiymətləndirilməsidir. Lakin bu proseslərin heç birinin onun iştirakı olmadan həyata keçirilməsi birmənalı şəkildə qanunsuz və əsasızdır. Yaranan problemlə bağlı nə ona məlumat verilmiş, nə də onun iştirakı olmasının zəruriliyi bildirilmişdir. Buna görə də hər hansısa bir digər şəxsin ehtiyatsız davranışına görə o heç bir məsuliyyət daşımır. Göstərilənlərə əsasən ona qarşı tətbiq olunan 400 manat məbləğində cərimənin silinməsini xahiş edir. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassız hesab edilməklə rədd edilməlidir. Belə ki, iş üzrə mövcud olan 29/1710-03779-1 saylı laboratoriya rəyindən göründüyü kimi, çıxarılmış sayğacın çıxış plasması borusunun deşilməsi müəyyən edilmişdir. Bu isə sayğaca müdaxilə olunmaqla təqsirli şəkildə qaz itkisinə səbəb olmaq deməkdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Daha sonra cavabdeh məhkəməyə ərizə ünvanlayaraq 22 iyun 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının onun icraatında olan digər işin iclası ilə eyni vaxta düşməsini üzürlü səbəb kimi qəbul edilməsini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh əməkdaşları Samir Əfəndiyev, Ruslan Məmmədov və Uğur Quliyev tərəfindən tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus evdə quraşdırılmış sayğaca baxış keçirilmiş və aşkar edilmişdir ki, sayğacın klapanı işlək deyil, yivli birləşmələr korroziyaya uğrayıb, sayğacın çıxış plastmas borusu deşilmişdir. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 29 oktyabr 2021-ci il tarixli tələblərindən görünür ki, istehlakçı İddiaçı aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 4320 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; **********00000 nömrəli abonent İddiaçı məxsus abonentin saldosundan görünür ki, onun 2021-ci ilin oktyabr ayı üçün akt üzrə olan borcu 432 manat təşkil edir; Bakı X1 Departamentinin İddiaçı ünvanladığı 18 fevral 2022-ci il tarixli məktubdan görünür ki, sonuncunun müraciətinə baxılmış və bildirilmişdir ki, onlar arasında bağlanmış müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin dəqiq uçotunun aparılması məqsədilə Cavabdeh Bakı X1 Departamenti tərəfindən 20 oktyabr 2021-ci il tarixli ******* nömrəli tərtib edilmiş akta əsasən qaz sayğacının zədələnməsi nəticəsində 4320 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. Lakin məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər məhkəməyə müraciət edə bilərlər. Hal-hazırda iş məhkəmə qaydasında mübahisələndirilmə ərəfəsindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində iddiaçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Belə olan halda, 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli akt etibarlı olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) rəhbər tutaraq hesab edir ki, Cavabdeh əməkdaşları Samir Əfəndiyev, Ruslan Məmmədov və Uğur Quliyev tərəfindən tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında İddiaçı (Abonent kodu: **********00000) hesablanmış 400 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 1.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh əməkdaşları Samir Əfəndiyev, Ruslan Məmmədov və Uğur Quliyev tərəfindən tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin və həmin akt əsasında İddiaçı (Abonent kodu: **********00000) hesablanmış 400 (dörd yüz) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar