Məhkəmə qərarları › İş №2(001)-345/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-345/2024

19.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-345/2024 19.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 2592 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni yaşayış massivində yerləşən evdə yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə cavabdeh tərəfindən qaz xətti çəkilmiş və onunla “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən onların ünvanında Smart-kart tipli sayğac quraşdırılmışdır. Onlar hər ay mütəmadi olaraq işlətdikləri qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin Cavabdeh əməkdaşları tərəfindən həmin sayğac çıxararaq yoxlamaya aparılmışdır. Bundan sonra o, onların sayğacının hara aparılmasını bilməmiş, bu barədə onlara hər hansı bir məlumat verilməmişdir. Lakin onlara məxsus köhnə sayğac aparılandan sonra Cavabdeh əməkdaşları həmin sayğaca müdaxilənin aşkar edilməsini bildirmiş və cavabdeh tərəfindən onlara 2592 manat zərər hesablanmışdır. Bundan sonra o, cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla onlara hesablanmasını soruşandaŞ cavabdeh ona aktı təqdim edərək, kənar təsir nəticəsində onlara məxsus Smart kart tipli sayğacın xarab olması bildirmiş və bu əsasla onlara qeyd edilən borcun hesablanmasını demişlər. Onlara məxsus Smart kart tipli sayğac çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuşdur. Halbuki, həmin plomblar cavabdehin əməkdaşları tərəfindən vurulmuş və sayğac açılan zaman da sayğacda olan plombla cavabdehin əməkdaşları tərəfindən açılmışdır. Yəni, cavabdeh onu sayğacın kənar təsir nəticəsində xarab olmasında təqsirləndirərək, ona əsassız borc hesablasa da, nəzərə alınmamışdır ki, sayğacın içərisində hər hansı bir kənar təsirin edilməsi üçün açmaq gərəkdir. Sayğaca vurulmuş plombların qırılmasını nəzərə alsaq, bir daha görmək olar ki, onun tərəfindən plomb qırılmadan sayğaca müdaxilə edilməmişdir. Cavabdeh ona məxsus qaz sayğacını dəyişdirmək istəyirsə bunu öz vəsaiti hesabına etməli idi. Lakin həmin dəyişdirməni onun vəsaiti hesabına etmək üçün qaz sayğacında onun təqsiri üzündən baş vermiş zədə aşkar edilməli idi. Cavabdeh də ona məxsus sayğacı çıxarıb apararaq, ona məlum olmayan vəziyyətdə üzərində zədə aşkar etmişdir. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı (bundan sonra İddiaçı) iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən ona hesablanmış 2592 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirirlər ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00320 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış G-4 markalı 1405Az**********62 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3- 5-4903/Q001 saylı Akta əsasən “sayğacın çıxış plastmas borusu deşilib, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 21600 m3 təşkil etmişdir. Hesablanmış 2592 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Bir daha bildirirlər ki, **********00320 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiz ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Beləliklə yuxarıda qeyd olunanlara əsaslanaraq iddia ərizəsinə öz etirazlarını bildirirlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: **********00320 nömrəli abonentin saldosunun surətindən görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2023-cü il üçün ümumilikdə 2592 manat akt borcu təşkil edir. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşik olduğu aşkarlanmışdır. Tələb: Dəymiş ziyan hesablansın. Cavabdeh tərəfindən tərtib edilmiş “Qaz sayğacının yoxlanılması barədə MSK-14-2- 2/3-5-4903/Q001 nömrəli aktın surətindən görünür ki, 1405AZ**********62 nömrəli sayğaca baxış keçirilmişdir. Sayğacın çıxış plastmas borusu deşilib. Sayğac istismara yararsızdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, G6 1405AZ**********62 nömrəli sayğacın çıxış plastmas borusunda deşik aşkarlanması səbəbi ilə həmin sayğac G6 **********3 nömrəli sayğacla əvəz edilmişdir. Cavabdeh İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 21600 m³ görə məbləğin ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xəttlərin çəkilməsi müşahidə edilmədi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının: 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir; 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində iddiaçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Belə olan halda, xx.xx.2023-cü il tarixli ******* saylı akt etibarlı olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) rəhbər tutaraq hesab edir ki, həmin akt əsasında İddiaçı (Abonent kodu: **********00320) hesablanmış 2592 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 45,92 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə hesablanmış (abonent kodu **********00320) 2592 (iki min beş yüz doxsan iki) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 45,92 (qırx beş manat, doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində vəsait Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar