Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-346/2022 21.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqaviləsinin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış “yaşayış binasında mənzilin tikintisi haqqında” xx.xx.2008-ci il tarixli müqavilənin qismən, yəni ona məxsus olan 39,5 kv.m hissəsində bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək, bildirmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 Cavabdeh1 MTK-nın ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 134 kv.m. öçüdə qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən 150.160 manat məbləğində pulu ödəmiş və həmin əmlak Cavabdeh1 MTK tərəfindən ona təhvil verilmişdir. Lakin bu əmlakın real ölçüsü müqavilədə göstərilən sahədən 31 kv.m.ölçüdə az olmaqla cəmi 103 kv.m. təşkil edir. Bu hal tərəflər arasında olmuş digər mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı müəyyən edilmiş və ekspert rəyində əks olunmuşdur. Belə ki, İddiaçı hazırda məhz Cavabdeh2 istifadə və sahibliyində olan qeyri-yaşayış sahəsinin 39,5 kv.m. hissəsinin ona məxsus olduğunu iddia edir. Bundan əvvəl o, Cavabdeh1 MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddia qaldırmış və ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,5 kv.m. olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş və qeyd edilən qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi Cavabdeh1 MTK-ya həvalə edilmişdir. Həmin qətnamə Cavabdeh2 maraqlarına toxunduğundan onun tərəfindən mübahisələndirilmiş və onun şikayətinə apellyasiya qaydasında baxılan zaman iddiaçıya həmin ünvanda tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,5 kv.m. olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək məqsədi ilə Cavabdeh2 istifadəsində olan sahə ilə əlaqəli olmayan sahənin təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması əsaslı hesab edilmiş və nəticədə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və Cavabdeh1 MTK-nın üzərinə onun tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən binanın 1-ci mərtəbəsində yerləşən və Cavabdeh2 istifadəsində olan sahə ilə əlaqəli olmayan 39,5 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Buna baxmayaraq, iddiaçı hazırda əsassız olaraq Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış müqavilənin qismən etibarsız hesab edilməsini və bununla da ona təhvil verilmiş sahənin 39,5 kv.m. hissəsinin ona təhvil verilməsini tələb edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 iddianı qəbul edərək, bildirmişdir ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə, Cavabdeh2 arasında isə xx.xx.2008-ci il tarixdə “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilələr bağlanmışdır. Lakin xx.xx.2007-ci il tarixli müqavilə ilə iddiaçıya təhvil verilməli olan 39,5 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh2 tərəfindən zəbt edilmiş və hazırda onun qanunsuz istifadə və sahibliyindədir. Onların sahələri biri-birinə bitişik yerləşir, bu sahələri bir divar ayırır və binanın həyəti tərəfindən sahəyə olan giriş məhz iddiaçının sahəsinə olan girişidir. Girişdən divaradək olan sahə məhz xx.xx.2007-ci il tarixli müqavilədə göstərilən və iddiaçıya məxsus olan sahədir. Bu səbəbdən iddiaçıya təhvil verilməli, bunun üçün xx.xx.2008-ci il tarixli müqavilə qismən, yəni iddiaçıya məxsus olan 39,5 kv.m. hissədə etibarsız hesab edilməlidir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 39,5 kv.m olan qeyri-yaşayış sahəsini inşa edib iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin əmlakın dəyərini təşkil edən 47.000 manat məbləğində pulu cavabdehə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin tarixli maliyyə arayışına əsasən qeyd edilən əmlakın dəyərini təşkil edən 47.000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK həmin ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 134 kv.m olan qeyri-yaşayış sahəsini inşa edib Cavabdeh2 təhvil verməyi, sonuncu isə həmin əmlakın dəyərini təşkil edən 150.160 manat məbləğində pulu Cavabdeh1 MTK-ya ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin tarixli maliyyə arayışına əsasən qeyd edilən əmlakın dəyərini təşkil edən 150.160 manat məbləğində pul Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2007-ci il tarixli müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinin 2017-ci il tarixdə ona təhvil verildiyini, həmin sahəyə onun tərəfindən dəmir giriş qapısının quraşdırıldığını, lakin sahəyə bir müddət nəzarət edə bilmədiyini və onu təmir etdirmədiyini, 2018-ci ildə isə sahənin Cavabdeh2 tərəfindən zəbt edilərək, istifadə edildiyini müəyyən etdiyini, həmin əmlakın ona təhvil verilməsi ilə bağlı aralarında məhkəmə mübahisəsinin olduğunu və nəticədə ona 39,5 kv.m. ölçüdə sahənin təhvil verilməsi qət edilsə də, həmin sahənin ona bugünədək təhvil verilmədiyini, onunla daha əvvəl müqavilənin bağlanmasına baxmayaraq, ona məxsus sahənin cavabdeh tərəfindən zəbt edildiyini bildirir və cavabdehlər Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış “yaşayış binasında mənzilin tikintisi haqqında” xx.xx.2008-ci il tarixli müqavilənin qismən, yəni ona məxsus olan 39,5 kv.m hissəsində bağlandığı andan etibarsız hesab edilməsini tələb edir. Cavabdeh2 iddianı qəbul etmir, iddiaçının mübahisələndirdiyi sahənin ona hər hansı aidiyyətinin olmadığını, bu halın onların arasında olan digər məhkəmə mübahisəsi çərçivəsində müəyyən edildiyini bildirir və iddianın rədd edilməsini tələb edir. Cavabdeh1 MTK iddianı əsaslı hesab edir və xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən iddiaçıya təhvil verilməli olan 39,5 kv.m. sahənin hazırda Cavabdeh2 tərəfindən zəbt edildiyini bildirir və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəfindən mübahisəli əmlakda keçirilmiş yerində müayinə zamanı mübahisəli sahənin həm yol, həm də binanın həyəti tərəfindən girişinin olduğu, binanın həyəti tərəfindən olan girişdən içəri daxil olduqda 1 sahənin olduğu, həmin sahədən digər sahə keçmək üçün balaca qapının olduğu, sahələrin divarla biri-birindən ayrıldığı, yol tərəfdə olan girişdən içəri daxil olduqda həmin sahənin biribirindən divarlarla ayrılmış və birindən digərinə keçidləri olan sahələrdən ibarət olduğu, bu sahənin binanın həyətinə gedən yola baxan qapısının da olduğu, bütün girişlərin qapılarının açarlarının Cavabdeh2 olduğu müəyyən edilmişdir. Yerində müayinə zamanı iddiaçı binanın həyəti tərəfindən girişi olan sahənin məhz onun mübahisələndirdiyi və onunla bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin predmeti olan 39,5 kv.m. sahənin olduğunu bildirmişdir. Hazırki mübahisədən əvvəl tərəflər arasında mübahisəli sahənin təhvil verilməsi ilə bağlı mübahisə olmuşdur. Həmin mübahisə çərçivəsində İddiaçı Cavabdeh1 MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddiası Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-897/2018 saylı qətnaməsi ilə təmin edilmiş, cavabdehin ünvan 2 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,5 kv.m olan qeyri-yaşayış sahəsinin sahiblik və istifadə etmək məqsədi ilə iddiaçıya təhvil verilməsi cavabdehə həvalə edilmişdir. Həmin qətnamədən iş üzrə maraqlı şəxs Cavabdeh2 apellyasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 6852/2020 saylı qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-897/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh1 MTK-nın tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,5 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-2296/2021 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6852/2020 nömrəli, xx.xx.2020 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 15 iyul 2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında isə göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. Eyni zamanda, məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh1 MTK ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə istinadən artıq ona qarşı iddia qaldıraraq, bu müqavilənin predmeti olan 39,5 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb etmişdir. Bu iddianın Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-897/2018 saylı qətnaməsi ilə təmin edilməsi nəticəsində iddiaçıya məzh xx.xx.2008-ci il tarixli müqavilə ilə Cavabdeh2 təhvil verilmiş qeyri-yaşayış sahəsinin 39,5 kv.m. hissəsinin təhvil verilməsi zərurəti yarandığından Cavabdeh2 həmin qətnaməni mübahisələndirmişdir. Apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2(103)- 6852/2020 saylı qətnamədə bu məsələyə aydınlıq gətirilməsi məqsədi ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və aparılmış ekspert tədqiqatı nəticəsində hər iki tərəfin müqaviləsində göstərilən qeyri-yaşayış sahələrinin sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini müəyyən etmək mümkün olmamış, buna uyğun olaraq da iddiaçının mübahisələndirdiyi 39,5 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh2 təhvil verilmiş 134 kv.m. sahə ilə üst-üstə düşməsini də müəyyən etmək mümkün olmamışdır. Nəticədə məhkəmə iddiaçıya Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,5 kv.m. olan, lakin xx.xx.2008-ci il tarixli müqavilə ilə Cavabdeh2 təhvil verilmiş sahə ilə əlaqəli olmayan sahənin təhvil verilməli olması qənaətinə gəlmiş və bu qənaətə uyğun olaraq, xx.xx.2020-ci il tarixli, 2(103)-6852/2020 saylı qətnamədə Cavabdeh1 MTK-nın üzərinə binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,5 kv.m. olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəmə xx.xx.2021-ci il tarixli, 2(102)-2296/2021 saylı qərarı ilə bu nəticə ilə razılaşmışdır. Bununla belə, Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2020 il tarixli, 2(103)- 6852/2020 nömrəli qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin qətnamədə iddiaçıya təhvil verilməli olan 39,5 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinə aydınlıq gətirilmiş, o cümlədən ona təhvil verilməli olan sahənin Cavabdeh2 istifadə və sahibliyində olan qeyri-yaşayış sahəsinə hər hansı aidiyyətinin olmadığı açıq və aydın şəkildə qeyd edilmişdir. Hüquqi nəticə etibarı ilə İddiaçı Cavabdeh2 hər hansı sahədə qeyri-yaşayış sahəsini tələb etmək hüququnun olmaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməsinə baxmayaraq, iddiaçı hazırki iddia ilə ona verilməli qeyri-yaşayış sahəsinin cavabdehdən alınmasını tələb edir. Bu da öz nöbəsində hazırki iddianın rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1 MTKya və Cavabdeh2 qarşı “müqaviləsinin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqaviləsinin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-346/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-346/2022
21.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver