Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3478/2021 12.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğvi, borcun və lizinq obyektinin qaytarılması barədə iddia ərizəsinə dair mülki işə 12 iyul 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 03 fevral 2015-ci il tarixli, S-050/15 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən, Cavabdeh1 illik 23 faizlə 36 ay müddətinə “Mercedes Benz E220 CDİ” markalı, AZ**-AK-*** qeydiyyat nişanlı minik avtomobili lizinqə verilmişdir. Müqavilənin təminatı olaraq 02 avqust 2018-ci il tarixdə iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 müqavilə üzrə özərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 24 dekabr 2019-cu il tarixli maliyyə arayışına əsasən, həmin tarixə 3997,38 manat əsas, 3549,83 manat faiz, 2636,05 manat cərimə borcu olmaqla ümumilikdə 10183,26 manat borcu yaranmışdır. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış 03 fevral 2015-ci il tarixli, S-050/15 saylı daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi, lizinq obyekti olan “Mercedes Benz E220 CDİ” markalı, AZ**- AK-*** qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 istifadə və sahibliyindən alınaraq iddiaçıya qaytarılması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə yuxarıda göstərilən məbləğdə borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili iddia ərizəsinə etirazı məhkəməyə təqdim edərək iddianı qismən qəbul etdiklərini bildirib izahatında göstərdi ki, iddiaçı tərəfindən borcun məbləği əsassız olaraq şişirdilmişdir. Buna görə də, borcun məbləği məhkəmə tərəfindən dəqiqləşdirilməli və ona uyğun qətnamə çıxarılmalıdır. Digər cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 03 fevral 2015-ci il tarixli, S-050/15 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir, buna görə də, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Borcun dəqiq müəyyən olunması ilə bağlı məhkəmənin 19 aprel 2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2021-ci il tarixli, 9/3125 saylı müvafiq rəyində göstərilmişdir ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 03.02.2015-ci il tarixli, S-050/15 saylı daxili lizinq müqaviləsinin qüvvədə olduğu müddətə lizinq alanın İddiaçı QSC-yə ödəməli olan əsas lizinq borcu və mükafat borcu 4759,2 manat təşkil edir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən, əsas və mükafat borcunun ümumi məbləği 4759,2 manat olduğu müəyyən edildiyi halda, dəbbə borcunun tənasübsüz olaraq 2636,05 manat təyin edilməsi əsassızdır və dəbbə borcu məhkəmə tərəfindən azaldılaraq 250 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu lizinq müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə də qismən təmin olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 03 fevral 2015-ci il tarixli, S-050/15 saylı daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməli, lizinq obyekti olan “Mercedes Benz E220 CDİ” markalı, AZ**-AK-*** qeydiyyat nişanlı avtomobil İddiaçı QSC-yə qaytarılmalı, müqavilə üzrə yaranmış 4759,2 manat əsas və mükafat borcu, 250 manat cərimə borcu olmaqla ümumilikdə 5009,2 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı QSC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 15 manat hissəsi müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi iddiaçıdan, 25 manat hissəsi ilə müştərək qaydada cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03 fevral 2015-ci il tarixli, S-050/15 saylı daxili maliyyə lizinqi müqaviləsinə xitam verilsin. Lizinq obyekti olan “Mercedes Benz E220 CDİ” markalı, AZ**-AK-*** qeydiyyat nişanlı minik avtomobili Cavabdeh1 istifadə və sahibliyindən alınaraq İddiaçı QSC-yə qaytarılsın. Həmin lizinq müqaviləsinə əsasən yaranmış 4759,2 manat əsas və mükafat borcu, 250 manat cərimə borcu olmaqla ümumilikdə 5009,2 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 15 manat məbləğində pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı QSC-yə ödənilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərcləmiş vəsaitin əvəzi kimi 25 manat məbləğində pul vəsaiti İddiaçı QSC-dən, 25 manat hissəsi isə müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3478/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3478/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver