Məhkəmə qərarları › İş №2(001)-3479/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3479/2021

09.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3479/2021 09.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən hesablanmış cərimə borcunun silinməsi və iddiaçı Rəhimov Cövdət Əlibala oğluna cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən dəymiş zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində hansı məbləğdə borcun cavabdeh “Cavabdeh” İB tərəfindən silinməsi və vurulmuş zərərə görə hansı məbləğdə pulun tutulması göstərilməmişdir. Bu da nəticə etibarı iddiaçı tərəfindən qeyri-dəqiq tələbin irəli sürülməsi kimi qiymətləndirilir və iddia ərizəsinin geri qaytarılması üçün əsas yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin forması və məzmunu baxımından düzgün tərtib olunmamasını nəzərə alıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar