Məhkəmə qərarları › İş №2(001)-3479/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3479/2025

14.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3479/2025 14.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili X2, İddiaçı2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi ilə iddiaçılar cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh verilmiş 18 mart 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

3. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 331/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardaddan müəyyən edilir ki, hazırki iddia tələbi üzrə Cavabdeh tərəfindən iş üzrə iddiaçılara qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində “evdən çıxarılma” tələbinə dair iddia qaldırmışdır.

4. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edildi ki, hazırki iş üzrə Cavabdeh hazırki iş üzrə iddiaçılara qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində “evdən çıxarılma” tələbinə dair iddia qaldırmış və həmin iddia ərizəsi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olaraq e-2(011)-6726/2024 nömrəsi ilə qeydiyyata alınmışdır.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə münasibətdə bildirdi ki, o, buna etiraz edir və işin ayrı icraatda baxılmasını məhkəmədən xahiş edir.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili ilə eyni fikirdə olduğunu bildirərək işin bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə etiraz etdi.

7. Məhkəmə iclasında iştirak edən İddiaçı2 İddiaçı1 ilə eyni məzmunlu izahat verdi.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə münasibətdə bildirdi ki, hazırki iddia tələbinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmasını istəyir və işlərin bir icraatda birləşdirilməsini istəmir.

9. Məhkəmə İddiaçı1 nümayəndəsi və vəkilinin, eləcə də Cavabdeh nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mülki iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)- 331/2025 saylı mülki işlə əlaqəli olduğundan ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. - Maddə 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. - Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. - Maddə 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. - Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

11. Beləliklə, bir-biri ilə əlaqəli olan işlərə, iddia tələbinin daşınar və ya daşınmaz əşya ilə bağlı olmasından asılı olmayaraq, bir icraatda baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir.

12. İstinad edilən mülki prosessual qanunvericiliyin tələblərindən də göründüyü kimi birbiri ilə əlaqəli olan işlərə birgə baxılması məqsədi ilə iş bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir.

13. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e- 2(011)-331/2025 saylı mülki iş məhkəmənin icraatına xx.xx.2024-cü il tarixində, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-3479/2025 saylı mülki iş isə xx.xx.2025-ci il tarixində məhkəmənin icraatına daxil olmuşdur.

14. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə 2(001)-3479/2025 saylı mülki iş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və X1 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə e-2(011)-331/2025 saylı mülki işlə birləşdirilməsi, birgə baxılması və qətnamə çıxarılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir.

15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 43, 44, 45, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə 2(001)-3479/2025 saylı mülki iş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və X1 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə e-2(011)-331/2025 saylı mülki işlə birləşdirilməsi, birgə baxılması və qətnamə çıxarılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin.

2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar