Məhkəmə qərarları › İş №2(001)-3538/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3538/2020

05.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3538/2020 05.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “aktların etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “aktların etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” ASC-nin tərtib etdiyi xx xxxxxxx 2019-cu və xx xxxxxx 2019-cu il tarixli aktların etibarsız hesab edilməsi və hesablanmış 2515,15 manat məbləğində borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun yaşadığı Binəqədi rayonu, Yeni massivdə yerləşən fərdi yaşayış evinin elektrik təchizatı üçün “xxxxxxxx” ASC tərəfindən elektrik sayğacı quraşdırılmış (abonent kodu **********05743) və sayğaca əsasən elektrik enerjisinin dəyəri onun tərəfindən ödənilmişdir. Cavabdehlə aralarında heç bir müqavilə bağlanmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə cavabdehin nümayəndələri tərəfindən onun iştirakı olmadan küçədə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və sayğacda daxili qüsur aşkar edilməsi barədə akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh tərəfindən sayğac üzərində laborator müayinələr aparılmış və tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli aktla onun üzərinə 2515,15 manat vəsaitin ödənilməsi vəzifəsi qoyulmuşdur. Elektrik sayğacının zədələnməsinin ilkin və laborator araşdırılmalarında onun iştirakı təmin olunmamış və zədələnmənin məhz onun təqsiri ucbatından baş verməsi sübuta yetirilməmişdir. Həmçinin hesab edir ki, zədələnmənin onun müdaxiləsi nəticəsində baş verməməsi yeni sayğacın cavabdeh tərəfindən quraşdırılması ilə sübut olunur. Buna görə cavabdehin tərtib etdiyi xx xxxxxxx 2019-cu və xx xxxxxx 2019-cu il tarixli aktlarla razı deyil və hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq,“xxxxxxxx” ASC-nin tərtib etdiyi xx xxxxxxx 2019-cu və xx xxxxxx 2019-cu il tarixli aktların etibarsız hesab edilməsi və hesablanmış 2515,15 manat məbləğində borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “xxxxxxxx” ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan “xxxxxxxx” ASC-nin əməkdaşları Məmmədov B., Quluzadə S., İmanov A. tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli AKT R № 157756 saylı Aktdan görünür ki, istehlakçıya məxsus obyektdə (Binəqədi rayonu, Yeni massivdə yerləşən fərdi yaşayış evi) elektrik enerjisi uçotu və “X1 Qaydaları”na (EEİQ) riayət olunması yoxlanılmış və yoxlama zamanı abonent kodu **********05743 olan elektrik sayğacının qrif faza xəttinin əriməsi müəyyən olunmuşdur. Elektrik sayğacı yenisi ilə əvəz olunmuş və elektrik sayğacının labaratoriya şəraitində yoxlanılması qərara alınmışdır. Mülki işin materiallarında olan istehlakçı İddiaçı aid Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massivdə yerləşən **********05743 saylı Abonent barədə xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massivdə yerləşən (Abonent kodu: **********05743) ünvana 157756 saylı akta əsasən 210,63 manat və 1927,31 manat borc hesablanmışdır. Beləliklə, işin təsvir edilmiş hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Massivdə yerləşən istehlakçı İddiaçı yaşadığı evə aid elektrik sayğacı elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılarkən saygacda qrif faza xəttinin əriməsi aşkar edilmiş, yoxlanılması üçün sayğac çıxarılaraq ekspertizaya göndərilmişdir. Müvafiq qurumun verdiyi rəy məhkəməyə təqdim edilməsə də, **********05743 saylı Abonent barədə xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, saygacda aşkar edilmiş qrif faza xəttinin əriməsi istehlakçı tərəfindən edilmiş müdaxilə kimi qiymətləndirilmiş və istehlakçı İddiaçı ümumilikdə 2137,94 manat borc hesablanmışdır. İşin mübahisəsiz olan digər hallarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Massivdə yerləşən ünvanda istifadə olunan elektrik xəttinə quraşdırılmış elektrik sayğacı evin daxilində deyil, çöl tərəfində, yəni ümumi istifadə olunan ərazidə quraşdırılmışdır. İddiaçı bildirir ki, elektrik sayğacına hər hansı bir müdaxilə etməmişdir. Sayğaca hər hansı bir müdaxilə varsa belə o bundan məlumatsızdır və bu müdaxilə kənar şəxslər tərəfindən oluna bilər. Çünki, elektrik sayğacı kənar müdaxilələrdən qorunmaq üçün cavabdeh tərəfindən xüsusi qutuya yerləşdirilməmişdir. Cavabdeh isə elektrik sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyi qənaətinə gəldiyi üçün ona borc hesablamış, bununla belə məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Xüsusilə nəzərə alınmalıdır ki, işdə olan **********05743 saylı Abonent barədə kompüter çıxarışından görünür ki, sözügedən sayğacın faza xəttinin hər iki yuvasının yanma səbəbinin qızma olduğu müəyyən edilmişdir. Qızma isə kənar müdaxilədən daha çox elektrik xəttində olan yüklənmədən baş verdiyindən istehlakçı İddiaçı məxsus evə aid elektik sayğacında aşkar edilmiş pozuntunun məhz texniki problemlərdən qaynaqlandığını sübut edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilən “X1 qaydaları”nın .... 4.1-ci bəndinə görə Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.1-ci bəndinə görə dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.3-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Eyni Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə nəzərə alır ki, MPM-də birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Cavabdeh tərəfindən isə bunu təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Aktla bağlı məhkəmə qeyd edir ki, həmin sübut özlüyündə texniki baxış nəticəsində aşkar edilmiş halları əks etdirməklə mübahisə predmetinə aid olmayan sübutdur. Belə ki, iddiaçı sözügedən sayğacda yoxlama zamanı aşkar edilmiş hallar barədə mübahisə etmir. Tərəflər arasındakı mübahisənin predmetini iddiaçının yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən ərazidə quraşdırılmış sayğaca müdaxilə olub-olmaması, olduğu halda isə həmin müdaxilənin kim tərəfindən edilməsi təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi bildirilən sayğacın iddiaçının yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən ərazidə quraşdırılmış olması və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olması nəzərə alınaraq müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Odur ki, iddiaçının hüquq pozuntusuna yol verdiyinin öz təsdiqini tapmamasını nəzərə alan məhkəmə sadalanmış qanunların tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli AKT R № 157756 saylı Akt istehlakçının (iddiaçı) iştirakı ilə rəsmiləşdirilmədiyindən mülki qanunvericiliyə uyğun gəlmir, buna görə iddiaçının tələbi ilə etibarsız hesab edilməli, həmin akt əsasında istehlakçı İddiaçı elektrik enerjisindən qanunsuz istifadəyə görə hesablanmış 2137,94 manat məbləğində borc silinməlidir. İddia tələbinin xx xxxxxx 2019-cu il tarixli aktın etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə həmin akt təqdim edilməmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, xx xxxxxxx 2019-cu il tarixli AKT R № 157756 saylı Akta əsasən istehlakçı İddiaçı elektrik enerjisindən qanunsuz istifadəyə görə 2137,94 manat məbləğində hesablanmış borc xx xxxxxx 2019-cu il tarixdə abunə haqqında elektron hesaba daxil edildiyindən iddiaçıda yeni Aktın tətrib edildiyi qənaəti formalaşdırmış və bu səbəbdən irəli sürdüyü iddiada xx xxxxxx 2019-cu il tarixli aktın etibarsız hesab edilməsi tələbi də qaldırmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxxxxxx” ASC tərəfindən istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massiv, fərdi yaşayış evi ünvanda elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət olunması nəticələrinə dair tərtib edilmiş AKT R № 157756 saylı xx xxxxxxx 2019-cu il tarixli akt etibarsız hesab edilsin. İddiaçı (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Massiv, Abonent kodu: **********05743) itirilmiş elektrik elerjisinə görə hesablanmış 2137,94 (iki min yüz otuz yeddi manat 94 qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar