Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3547/2023 10.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanda yerləşən ev sənədsiz olsa da, iddiaçıya məxsusdur və yeni tikilməkdə olan fərdi yaşayış evində iddiaçı ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilərək qaz sayğacı quraşdırılmış və bundan sonra ona 5000 manat qaz borcunun olması bildirilmişdir. Halbuki, onlar işlətdikləri qazın pulunu tam olaraq ödəmiş və hazırkı tarixə heç bir borcları yoxdur. Həmin məbləğ hesablanarkən iddiaçıya əsassız olaraq bildirilmişdir ki, iddiaçı qanunsuz olaraq qazdan istifadə etmiş, guya evdə kombi və digər cihazlar mövcuddur və onların sərfiyyatı 5000 manat hesablanmışdır. Lakin onlar borc yazılan müddətdə həmin yeni tikilən evdə heç yaşamamış, evdə kombi sistemi olmamışdır. Eyni zamanda qaz nəzarətçiləri hər 15 gündən bir ərazini gəzərək təftiş edirlər – həmin 15 gün nəzərə alınsa belə, həmin müddətdə 5000 manat borcun yaranması mümkün deyil. Cavabdeh tərəfindən iddiaya etiraz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı Bakı şəhəri, Mehdiabad qəsəbəsində yerləşən ünvanına Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə baxış keçirilən zaman dəfələrlə qeyri-qanuni sayğacdan kənar qeyri-qanuni qaz xətti ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Dəfələrlə qaz təminatının qaynaq vasitəsilə dayandırılmasına baxmayaraq təkrar olaraq vətəndaş qanunsuz qaz xəttini bərpa etmişdir. Təbii qazdan qeyri-qanuni istifadə hallarının kütləvi xarakter daşıması dövlət müəssisəsi olan Birliyin maliyyə dayanıqlığına mənfi təsir göstərməklə yanaşı, dövlət əmlakının talanmasına və mövcud qaz təsərrüfatında təmir-bərpa və yenidənqurma işlərinin məhdud daxili imkanlar hesabına aparılması üçün vəsait çatışmazlığına səbəb olur. Qeyd olunan qanunsuz istehlak formaları nəinki Birliyə maddi ziyan vurmaqla nəticələnir, eləcə də istehlakçıların həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır. Bununla əlaqədar itirilmiş qazın bərpa edilməsi məqsədi ilə abonent İddiaçı 5000 manat məbləğində dəymiş ziyan hesablanaraq cərimə yazılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, evində təmir aparıldığı müddətdə bir həftə ərzində qaz xəttinə qanunsuz qoşulduğunu qəbul edir. Həmin vaxt evdə kombi sistemi quraşdırılmamış, evdə yalnız qaz plitəsi olmuşdur. Təmir gedirdi, özləri evdə yaşamırdı. Qaz idarəsinin işçiləri gəlib evin içinədək baxış keçirmişlər. Qaz sayğacının qoyulması üçün bir şəxsə pul vermişdi, həmin sayğac qoyulanadək xəttə qanunsuz qoşulmuşdur. Qanunsuz qoşulduğu bir həftə ərzində vurduğu ziyanı ödəməyə razıdır, lakin cavabdehin hesabladığı borc məbləği ağlabatan deyil. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evə baxış keçirilən zaman abonentin qeydiyyatsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilməsi aktlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, qeydiyyatsız təbii qazdan istifadə qaynaq vasitəsilə dayandırılmışdır. İş materiallarında olan Bakı Regional Qazın Satışı Departamentinin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qazdan istifadə nəticəsində cəmi 40608 m3 qaz itkisi hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5237 saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ekspert qarşısında qoyulmuş sual üzrə İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evində (abonent kodu: **********00028) Cavabdehnə məxsus qaz xəttinə qeyri-qanuni qoşulma nəticəsində 1 gün üçün hesablanmış qaz sərfiyatının dəyəri 13,50 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. "İstehlakçıların hüquqlarının müdafıəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə müvafiq olaraq, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.11-ci bəndinə əsasən, qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə müvafiq olaraq, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir Həmin Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-4-cü bəndinə müvafiq olaraq isə, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh etirazında “ ... qaz təminatının dəfələrlə qaynaq vasitəsilə dayandırılmasına baxmayaraq təkrar olaraq vətəndaş qanunsuz qaz xəttini bərpa etmişdir” bildirsə də, etirazına hər hansı sənəd əlavə etməmiş, hesablanmış borcun əsaslılığını təsdiq etmək məqsədilə hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ona məxsus olan ünvanda sayğac quraşdırılanadək bir həftə ərzində sayğacdan kənar qazdan istifadə etməsini qəbul etmiş və həmin müddətdə cavabdehə vurduğu ziyanı ödəməyə hazır olduğunu bildirmişdir. Cavabdeh tərəfindən qanunsuz qoşulma nəticəsində 40608 m3 qaz itkisinin yaranmasını müəyyən edilmişdir (x0,12=4872,96 manat). Ekspert rəyindən isə görünür ki, qaz xəttinə qeyri-qanuni qoşulma nəticəsində 1 gün üçün hesablanmış qaz sərfiyatının dəyəri 13,50 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00028) Cavabdeh tərəfindən hesablanmış borc məbləğinin 4778,46 (*=4872,96-94,50) manat məbləğində hissəsi silinməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, bir ilə yaxın müddət əvvəl baş vermiş qeyri-qanuni qoşulma nəticəsində 40608 m3 qaz itkisi hesablandığı təqdirdə cavabdeh tərəfindən bu günədək məhkəmə və hüquq mühafizə orqanlarına müraciət edilməməsi və bununla yanaşı etirazda "təbii qazdan qeyri-qanuni istifadə hallarının kütləvi xarakter daşıması dövlət müəssisəsi olan Birliyin maliyyə dayanıqlığına mənfi təsir göstərməklə yanaşı, dövlət əmlakının talanmasına və mövcud qaz təsərrüfatında təmir-bərpa və yenidənqurma işlərinin məhdud daxili imkanlar hesabına aparılması üçün vəsait çatışmazlığına səbəb olur" göstərilməsi ağlabatan deyil. Belə ki, şişirdilmiş formada yazılmış borcun faktiki olaraq ödənilməsinin tələb edilməməsi cavabdeh tərəfindən edilmiş hərəkətləri (aktın yazılması, qaz itkisinin hesablanması və s.) ümumiyyətlə əhəmiyyətsiz edir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00028) Cavabdeh tərəfindən hesablanmış borc məbləğinin 4778,46 (dörd min yeddi yüz yetmiş səkkiz manat qırx altı qəpik) manat hissəsi silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. 67,78 (altmış yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait iddiaçı Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3547/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3547/2023
10.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver