Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3558/2025 25.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “qazdan istifadəyə görə hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən istehlakçı kimi hüquqlarının bərpa edilməsi və hesablanmış 8521 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbinin əsaslandırılması: Bakı şəhəri, Bakı-Binəqədi-Sulutəpə qəsəbəsi ünvanında uzun müddətdir ki, yaşayır. xx.xx.2023-cü il tarixində Binəqədi rayon X5 əməkdaşları ******* nömrəli akt tərtib etmişdir. Akta əsasən sayğaca baxış keçirilməsi zamanı sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. Buna görə ona 8880 manat borc hesablanmışdır. Abonentin saldosunda hər aylıq qazdan istifadə limiti və sərfiyyatı görünür. Bu səbəbdən ona qarşı tərtib edilmiş akt qanunsuz və əsassızdır. Eyni zamanda borc məbləği şişirdilmişdir. Akt tərtib edilən zaman özü ünvanda olmamışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, evdəki kənar xəttin mövcudluğundan məlumatı olmayıb. Ona görə də, yazılmış borc məbləğini əsaslı hesab etmir.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatlarında bildirmişdir ki, iddianı tərtib edən şəxs səhv yazmışdır, əslində silinməsini istədikləri məbləğ akta görə hesablanmış 5909 manatdır, digər hissənin debitor borcu olduğu və ödəməli olduqlarının fərqindədir. 2011-ci ildə evi alanda sayğac olsa da, başqasının adına olmuşdur. Həmin sayğac 2012-ci ildə onlar üçün dəyişdirilib. Akta əsasən aşkar edilən qanunsuz xətt ehtimal edir ki, onlar evi alana qədər mövcud olmuşdur, çünki onlar tərəfindən hər hansı qanunsuz xətt çəkilməmiş və istifadə edilməmişdir. Ümumiyyətlə atasının xəstəliyi ilə əlaqədar 3 il demək olar ki, həmin evdə yaşamamışlar. Buna qədər isə yenə də atasının xəstəliyi ilə bağlı mütəmadi olaraq onun müalicəsi ilə bağlı işlərlə məşğul olmuş və evdə yaşayış az olmuşdur. Qanunsuz xətt olsa da onların həyətinə keçən hissədə yerdə basdırılmış vəziyyətdə olmuşdur və hər hansı qoşulma aşkar edilməmişdir. Üstəlik evdə olmadıqları vaxt qanunsuz olaraq onların həyətinə daxil olub bu aktı tərtib etmişlər. Atası 3 aydır ki, ölmüşdür. Evində aktda göstərilən kimi 2 ədəd 4 gözlü qaz sobası yox, bir soba vardır.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, mütəxəssis rəyi ilə razılaşmır. Təqdim edilən fotoşəkildən görünür ki, ev iddiaçıya məxsusdur. Abonentin saldosundan da , görünür ki, qazdan istifadə edilsə də, ödəniş edilməyib.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, 2012-ci ilin oktyabr ayında sayğac quraşdırılıb. Həmin xətt 2012-ci ildən olmuş olsaydı, nümayəndələr tərəfindən aşkar edilərdi. Qanunsuz qoşulma faktı 2023-cü ildə aşkar edilib, bu isə o deməkdir ki, xətt əvvəldən mövcud olmayıb. İddiaçının silinməsini tələb etdiyi 8521 manat borcun tərkibində akta görə yazılmış borcdan başqa debitor borcu da var. 2021-ci ildə mexaniki sayğac quraşdırılıb və debitor borc hesablanıb. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:
7. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 0001-4350 ünvanında G-4 markalı, **********8 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.
8. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.
9. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 49248 kub.m hesablanmışdır.
10. Cavabdeh İB tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında xx.xx.2021-ci il tarixində Zenner G4T Mexaniki tipli, **********8 saylı sayğac quraşdırılmışdır. Ünvanda 4 gözlü qaz pilitələri (PQ-4) (1/1) var. 2024-cü ilin fevral ayında abonentin hesabına 5909,76 manat borc daxil edilmişdir.
11. X1 X4 Şəxsinin mütəxəssisi tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəydə göstərilir: cavabdeh tərəfindən qanunvericiliyin tələbinə əməl edilmədiyindən xx.xx.2023cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 5909,76 manat dəymiş ziyan məbləğin abonentdən tələb edilə bilməz. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında işin faktiki halları:
12. İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında fərdi yaşayış evinə Azəriqaz tərəfindən **********14350 abonent kodu verilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvanda 2023-cü ilin mart ayında qanunsuz qoşulma faktına görə akt tərtib edilmişdir. Akta görə dəymiş ziyanın məbləği hesablandıqdan təxminən 1 ildən sonra abonentin saldosuna 2024-cü ilin fevral ayında 5909,76 manat məbləğində daxil edilmişdir.
13. İddiaçı ilk olaraq məhkəmədən 8521 manat borcun silinməsini xahiş etsə də, daha sonra 5909,76 manat borcun əsassız olması səbəbindən abonent hesabından silinməsini xahiş etmişdir. Lakin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilməmişdir.
14. Cavabdeh tərəf isə Agentliyin rəyi ilə razı olmadığını, tərtib edilən aktın əsaslı olduğunu bildirməklə iddiaya etiraz etmişdir.
15. Mübahisənin həlli üçün X1 X4 Şəxsinin mütəxəssis rəyi alınmış və rəyə görə qanunvericiliyin tələblərinin pozluması səbəbindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 5909,76 manat dəymiş ziyan məbləğin abonentdən tələb edilə bilməz. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
16. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun(xx.xx.2022ci il tarixdə edilmiş dəyişikliklərlə):
17. 6-2.1-ci maddəsinə əsasən Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.
18. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
19. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
20. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının(xx.xx.2023-cü il tarixli dəyişikliklərlə) 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
22. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
23. Həmin qaydaların 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
24. 6.5-1.-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
25. 6.5-2-ci maddəsinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
26. 6.5-4-ci maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
29. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
30. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
31. - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
32. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
33. 1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
34. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.
35. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
36. Qeyd edilməlidir ki, əvvəla hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
37. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İB tərəfindən abonentə 2023-cü ilin mart ayında qanunsuz qoşulmaya dair AKT tərtib edilmiş və bu əsasla abonentə itirilmiş qazın dəyəri kimi 5909,76 manat borc hesablanmışdır. Halbuki, həmin aktın tərtib edilməsi, qanunsuz birləşmənin ləğv edilməsinin abonentin iştirakı ilə həyata keçirilməsi, tərtib edilən AKT-ın surətinin abonentə təqdim edilməsi və ya abonentin imzalamaqdan imtina etməsi müəyyən edilmir. Halbuki, yuxarıda göstərilən qanuna və qaydalara görə tərtib edilmiş akt istehlakçıya təqdim edilməli, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılmaqla, yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalı və eyni zamanda dəymiş zərərin həcmindən asılı olaraq tərtib edilmiş aktın bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə o zaman qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Lakin tədqiq edilmiş sübutlardan qaz paylayıcının qanunla üzərinə qoyulmuş vəzifələri icra etməsi müəyyən edilmədiyi kimi, tərtib edilən aktın da mötəbərliyi şübhə yaradır. Belə ki, aşkar etdiyi pozuntunu rəsmiləşdirməkdə maraqlı olan qaz paylayıcı qeyri-müəyyən şəraitdə, qeyri-müəyyən fotoçəkiliş aparmaqla kifayətlənmişdir.
38. Bundan əlavə qanunun tələbinə görə ildə bir dəfə noyabr ayının 1-dək keçirilməli olan müayinə də qaz paylayıcı tərəfindən edilməmişdir. Hansı ki, müayinənin nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılmaması qazın verilməsinin dayandırılması üçün əsasdır. Halbuki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir.
39. Beləliklə, məhkəmə hesab edir ki, qanunsuz qoşulmaya dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta görə cavabdeh tərəfindən hesablanmış 5909,76 manat borc əsassız olmaqla abonentin hesabından silinməlidir. Silinməsi tələb edilən digər məbləğ debitor borcudur və həmin borc istehlak edilmiş qazın dəyəridir. Bu səbəbdən iddia həmin hissədə əsassızdır. Tətbiq edilən prosessual normalar
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
43. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir
44. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda— qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə
45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
46. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
47. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
48. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:
49. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, qanunsuz qoşulmaya dair xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta görə cavabdeh tərəfindən hesablanmış 5909,76 manat borc iddiaçının abonent hesabından silinməli, iddia qalan hissədə təmin edilməməli, iddiaçının ödəməkdən azad olunduğu dövlət rüsumunun əvəzi qismində cavabdehdən 79,09 manat məbləğində vəsait tutularaq dövlət büdcəsinə ödənilməlidir.
50. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Qanunsuz qoşulmaya dair xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta görə Cavabdeh tərəfindən hesablanmış 5909,76 manat borc İddiaçı abonent hesabından (abonent kodu: **********14350) silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 79,09 (yetmiş doqquz manat, doqquz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev