Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-359/2021 24.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin ilk iddia üzrə Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsi ilk iddia üzrə Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı DŞ 200 mm-lik magistral neft kəmərinin 1.3-cü km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda yeni tikinti işlərinin aparılması 05.05.2020-ci il tarixdə aşkar edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İlk iddia üzrə Cavabdeh ilk iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, neft kəməri 2003-cü ildə inşa edilərkən onun ailə üzvləri ilə yaşadığı ev və evin yerləşdiyi ərazinin divarları indi yerləşdiyi yerdə mövcud idi, həmin tikililər 1966-cı ildə inşa edilmişdir. Həmin ərazinin hüquqi qeydiyyata alınmasına dair Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11.10.1993-cü il tarixli 807 saylı sərəncamı mövcuddur. Həmin sərəncam əsasında 15 dekabr 1993-cü il tarixli mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdehin heç bir qanuni əsas və səbəb gətirmədən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi səbəbindən atası infarkt keçirərək 03.06.2020-ci il tarixdə vəfat etmişdir. Bu hal isə Cavabdeh və onun ailə üzvlərinə mənəvi sarsıntı yaşatmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, "ev kitabı"nın müvafiq səhifələrində evin tikildiyi il "1966" göstərilmişdir. Həmin evin hüquqi qeydiyyata alınması barədə Bakı şəhərinin Binəqədi rayon İcra Hakimiyyətinin Başçısı 11 oktyabr 1993-cü il tarixdə 807 saylı sərəncam imzalamışdır. Həmin evə dair qeydiyyat vəsiqəsi atası X3 adına 15 dekabr 1993-cü il tarixdə verilmişdir. Onun Azərbaycan Respublikasının X5 xanım Mehriban Əliyevanın adına yazdığı ərizə baxılması və yardım edilməsindən ötrü Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilmiş və nəticədə dövlət tərəfindən yaşadığı evin şəraiti yaxşılaşdırılmışdır. Hazırda yaşadıqları ərazi təxminən 40-cı illərin sonlarından babalarına verilib, onlar da həmin ünvanda hal-hazırda yaşayırlar. Atasının ölümündən sonra yaşadıqları ev 26.12.2020-ci il tarixdə anası X2 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmiş və adına çıxarış verilmişdir. İlk iddia tələbi qanunsuz və əsassızdır və mülkiyyətlərinə qəsd xarakteri daşıyır. Həmin vaxt evin mülkiyyətçisi olan atası da elə bu səbəbdən əsəb və gərginlik keçirərək vəfat etmişdir. Belə olan halda ilk iddia üzrə iddiaçı tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İlk iddia üzrə Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin nümayəndəsi 08 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş və ünvan 2 ünvanına dair X2 adına verilmiş çıxarış ona təqdim edildikdən sonra həmin evin ilk iddia ərizəsində qeyd olunmuş evlə eynilik təşkil edilməsinin yoxlanılması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, onun şifahi vəsatəti təmin edilmiş, lakin hazırkı məhkəmə iclasına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin nümayəndəsi gəlməmiş və tərəfindən məhkəməyə hər hansı sənəd göndərilməmişdir. Məhkəmə Cavabdeh izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilk və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11.10.1993-cü il tarixli, 807 saylı sərəncamının surətindən görünür ki, X4 məxsus olan Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədəndə yerləşən, 1966-cı ildə tikilmiş korpus 3, 152 nömrəli evin hüquqi qeydiyyata alınmasına sərəncam verilmiş və sərəncamın verilməsinə əsas kimi TİB tərəfindən 1983-cü ildə verilmiş texniki pasport qeyd edilmişdir. İş materiallarında olan qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən, 3-cü korpus, ev 152 15.12.1993-cü il tarixdən X3 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 26.12.2020-ci il tarixdən X2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 06.05.2020-ci il tarixli xəbərdarlığın məzmununda qeyd olunmuşdur ki, “... Binəqədi rayonu, 1-ci mədən, korpus 3, ev 152 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinə məxsus, hal-hazırda istismarda olan magistral neft kəmərinin mühafizə zonasındadır. Qanunvericiliyə görə dövlət əhəmiyyətli belə torpaqları qanunsuz zəbt edərək üzərində tikinti işləri aparmaq və ya digər analoji fəaliyyəti həyata keçirmək qanunvericiliyə ziddir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən ünvan 3 ünvanında yaşayan Cavabdeh bildirilmişdir ki, onun ağır yaşayış vəziyyətini nəzərə alaraq Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbir görülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən Binəqədi rayon İcra Hakimiyyəti Başçısının müavininə ünvanlanmış 21.11.2005-ci il tarixli məktubdan görünür ki, Binəqədi qəsəbə sakini İ qrup əlil Cavabdeh müraciətinə əsasən yaşadığı evin şəraitsiz olduğu nəzərə alınaraq onun üçün tərəflərindən 37.000.000 (otuz yeddi milyon) manat pul vəsaiti ayrılmaqla tam şəraitli 2 otaqlı ev tikilərək istifadəsinə verilmişdir. Beləliklə iş materialları ilə təsdiq olunur ki, ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsi Cavabdeh ünvan 3 ünvanında hasar inşa etməsi səbəbindən həmin ünvanda aparılan bütün qanunsuz tikililərin cavabdehin hesabına sökülməsini xahiş etmiş, lakin Cavabdeh məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, həmin ünvanda yerləşən tikili 1966-cı ildə tikilib və 1993-cü ildən başlayraq evə dair hüquqmüəyyənedici sənədlər mövcuddur. Eyni zamanda həmin ev 2005-ci ildə dövlət tərəfindən əsaslı təmir edilmişdir. Ev əvvəl Cavabdeh atasının xüsusi mülkiyyəti kimi, atası öləndən sonra isə anasının xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Belə olan halda ilk iddia tələbinin nə ümumi olaraq irəli sürülməsinin əsasları, nə də ki, sırf Cavabdeh qarşı irəli sürülməsi əsasları iş materiallarından aydın deyil. Qeyd olunanlar tərəflərin iştirakı ilə məhkəmə iclaslarında dəfələrlə müzakirə edilmiş və ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin nümayəndəsi ilk olaraq məhkəmə tikinti-texniki ekspertizasının təyin olunmasını məhkəmədən xahiş etmiş, müvafiq ekspertiza isə qoyulmuş sualın cavablandırılmasının mümkün olmaması barədə rəy verdikdən sonra isə yenidən müəyyən daxili araşdırmanın aparılması üçün işə baxılmasını təxirə salınmasını xahiş etmiş, lakin nəticə etibarılə ilk iddia üzrə iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: a) ziyanın vurulması; b) ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; v) əvvəlki iki elementlər arasında səbəbli əlaqə; d) ziyanvuranın təqsiri. İş materiallarından qarşılıqlı iddia üzrə iddiaçının mənəvi sarsıntılarının qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən edilmir. Belə ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi qanunazidd hərəkət kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin ilk iddia üzrə Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin ilk iddia üzrə Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının 50 (əlli) manat dəyəri İlk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. İlk iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-359/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-359/2021
24.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver