Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-360/2021 28.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsi Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın “Neft Kəmərləri” idarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 121-ci km-də kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda aparılan bütün qanunsuz tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan X6-500 mm-lik magistral neft kəmərinin 121-ci km-də, kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda həyətyanı sahədə yaşayış evinə bitişik əvvəlcədən mövcud olan üzüm çardağının üzərini bağlayaraq həmin çardağı qapalı çardağ halına salması 21.04.2020-ci il tarixində aşkar edilmişdir. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Həmin qaydalara əsasən, “Neft Kəmərləri” İdarəsinin rəsmi razılığı olmadan mühafizə zonasında hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağan edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini, SOCAR-ın “Neft Kəmərləri” idarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 121ci km-də kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda aparılan bütün qanunsuz tikilinin cavabdehin hesabına sökülməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, ünvanı göstərilən evi 2001-ci ildən 2003-cü ilədək inşa etmiş, 2003-cü ildən həmin ünvanda 20 ilə yaxındır ki, 9 nəfər ailə üzvü ilə birlikdə yaşayır. Ailə üzvləri də həmin ünvanda qeydiyyatdadırlar. İddia ərizəsində göstərilən üzüm çardağı da 20 ildir ki, istifadəsindədir. Külək və başqa təsirlərdən dağıldığına və ağırlaşdığına görə üstünü açıb yüngül materialla təzələmişdir. Tikinti və əlavə tikililərdə heç bir konstruktik dəyişiklik edilməmişdir. Bununla yanaşı, adı çəkilən neft kəmərləri heç vaxt işləməmiş, istismar edilməmiş, yüksək təzyiq altında olmamışdır. Kəmər işlək vəziyyətdə olmadığı üçün ətrafa heç bir təhlükə yarada bilməz. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Neft Kəmərləri” İdarəsinin X3 NBKXS-nin rəisi R.Məhərrəmov, NBKXS-nin böyük mühəndisi Z.Quliyev tərəfindən tərtib edilmiş 22.04.2020-ci il tarixli aktdan görünür ki, 22.04.2020-ci il tarixdə SOCAR-ın Təhlükəsizlik İdarəsinin 35 saylı komandanın rəisi C.Hüseynsoyun təqdim etdiyi Bildiriş №115 əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, X3 istismarında olan Şirvan -Bakı Dş-500 yerüstü neft kəmərinin 121-ci km-də, kəmərdən 25 metr aralı məsafədə ünvan 2 ünvanda yaşayan Cavabdeh məxsus torpaq sahəsində çardağın üstünün bağlanması işlərinin aparılması aşkar edilmişdir. Tikinti aparan şəxsə işlərin dayandırılması barədə yazılı xəbərdarlıq olunmuşdur. Xəbərdarlığa baxmayaraq tikinti işləri davam etdirilir. İş materiallarında olan 22 aprel 2020-ci il tarixli 115 №-li Bildirişdən görünür ki, SOCAR-ın Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının mühafizə etdiyi Şirvan- Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinin 121-ci km-liyində, kəmərdən təqribən 25 metr aralıda, ünvan 3 ünvanda yaşayan Cavabdeh Qaniş oğluna aid olduğu iddia edilən həyətyanı sahədə yaşayış evinə bitişik əvvəldən mövcud olmuş üzüm çardağının üzərini bağlayaraq, qapalı çardaq halına saldığı 21.04.2020-ci il tarixdə əməkdaşları tərəfindən aşakr edilmişdir. Mühafizə zonası daxilində gördüyü işin qanuna zidd olduğu Cavabdeh izah edilmiş və sökülməsi tələb edilmişdir. Lakin o, əməkdaşların qanuni tələbinə məhəl qoymadığı üçün ona gördüyü işin qanunazidd olduğu barədə yazılı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2021-ci il tarixli 10/1309 №-li rəyinə əsasən, X5 İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş500mm-lik magistral neft kəmərinin mühafizə zonasının 50 metr olmasını nəzərə alaraq, həmin 32 metr məsafədə inşa olunmuş 12x13 metr ölçüdə olan fərdi yaşayış evinin və həmin evə bitişik inşa olunmuş 4x10 metr ölçüdə olan neft kəmərindən 22 metr aralıda yerləşən çardağ tikilisinin Şirvan-Böyükşor Dş500mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən olunur. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik”Qaydalarının 6.7-ci bəndinə əsasən Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan Boru kəmərlərinin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır. İş materiallarında sözügedən tikililərə dair hər hansı razılaşma sənədləri olmadığından həmin tikililərin qaydalara uyğun inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 4.3-cü maddəsinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 22.2-ci maddəsinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 50-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 67.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2 saylı Qərarının 16-cı bəndində nəzərdə tutulur ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyə uyğun olaraq geri alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları»-nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişiklik edilməsi razılaşdırıldıqdan və bu məqsədlə işlənmiş layihə-smeta sənədləri Bakı şəhər Baş Memarlıq və Şəhərsalma idarəsi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılması və müvafiq qaydada tikinti işlərinin icrasına başlanmasına yol verilir. Məhkəmə hesab edir ki, dövlətin müstəsna mülkiyyətində olan Şirvan-Böyükşor Dş500mm-lik magistral neft kəmərinin mühafizə zonasının 50 metr olması nəzərə alınaraq, Cavabdeh ünvan 1 ünvanında inşa etdiyi 4x10 metr ölçüdə olan neft kəmərindən 22 metr aralıda yerləşən çardağ tikilisi qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına aparıldığından, bu tikili neft kəmərinin mühafizə zonasında inşa edildiyindən, tikinti neft kəmərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən özbaşına tikili hesab edilərək cavabdehin hesabına sökülməlidır. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsində tikmiş olduğu fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənəd təqdim etməsə də, 2001-ci ildə tikintisi başlanılmış həmin evdə 2003-cü ildən yaşayış olmuş, iddiaçı tərəfindən bununla bağlı cavabdehə hər hansı bir etiraz və ya tələb bildirilməmişdir. Əksinə iddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə fərdi yaşayış evinin qanunsuz olması və sökülməsi barədə hər hansı bir xəbərdarlıq edilməmiş, ancaq üzüm çardağının sökülməsi tələb edilmişdir. İddiaçının əməkdaşları tərəfindən də tərtib edilmiş aktda X3 istismarında olan Şirvan - Bakı Dş-500 yerüstü neft kəmərinin 121-ci km-də, kəmərdən 25 metr aralı məsafədə ünvan 2 ünvanda yaşayan Cavabdeh məxsus torpaq sahəsində çardağın üstünün bağlanması işlərinin aparılmasının aşkar olunduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşdə olan iddia ərizəsindən görünür ki, iddiaçının iddia tələbi sözügedən ünvanda cavabdeh tərəfindən aparılan qanunsuz tikilinin sökülməsindən ibarətdir. Məhkəmədə tərəflərin iştirakları ilə müəyyən edilmiş işin mübahisəsiz hallarına əsasən sözügedən ünvanda cavabdeh tərəfindən aparılan qanunsuz tikili yalnız çardağ tikilisindən ibarətdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsində (tələb hissəsində) göstərilmiş cavabdeh tərəfindən aparılan qanunsuz tikilinin sökülməsi tələbi tələbin əsaslandığı hallara görə cavabdeh tərəfindən 2003-cü ildə inşa edilmiş yaşayış evini ehtiva etmir və bu mənada yaşayış evinin sökülməsini də tələb edən iddiaçı bunun üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 4i ünvanda Cavabdeh inşa etdiyi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan ünvan 1 ünvanında Şirvan-Böyükşor Dş500mm-lik magistral neft kəmərinin 22 metr aralı məsafədə, kəmərin mühafizə zonasında inşa olunmuş üzüm çardağı (özbaşına tikili) Cavabdeh hesabına sökülməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan ünvan 1 ünvanda Şirvan- Böyükşor Dş500mm-lik magistral neft kəmərinin 22 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Cavabdeh inşa etdiyi çardağ (özbaşına tikili) Cavabdeh hesabına sökülsün və söküntü materialları ərazidən çıxarılsın. İddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsi tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinə verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-360/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-360/2021
28.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver