Məhkəmə qərarları › İş №2(001)-3642/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3642/2021

09.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3642/2021 09.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi şəhərcik, ev 29, mənzil 3də yerləşən ona məxsus olan fərdi yaşayış evinə dair tərtib edilmiş 01.09..2012-ci il tarixində 247992 saylı aktı qanunsuz hesab etməklə qazdan istifadəyə görə qanunsuz hesablanmış 305,40 manat məbləğində borcun əsassı hesab edilməklə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, hərbi şəhərcik, ev 29 mənzil 3-də yerləşən ona məxsus fərdi yaşayış evi üzrə yeni tipli kartla işləyən qaz sayğacı quraşdırılmışdır. Sayğaca dair kart verilmiş və karta ödəniş edildikdən sonra qazdan istifadə mümkün olmuşdur. Qaz sayğacının göstəricilərinə uyğun olaraq ödənişləri vaxtlı-vaxtında etmişdir. “Cavabdeh” İB-nin mühəndisləri tərəfindən 17 mart 2021-ci il tarixində bildirmişlər ki, 01.09.2012-ci il tarixdə 247992 saylı akt tərtib olunaraq yeni tipli G-4 markalı 1202AQ**********9 nömrəli əvvəlcə ödənişli qaz sayğacı ilə əvəzlənmiş və G- 4 markalı 1102AQ**********2 nömrəli qaz sayğacının klapanı bağlanmadığından ödəniş edilmədən təbii qazdan istifadəyə görə 305,40 manat borc yaranmışdır. Qaz sayğacının göstəricisi ilə müəyyən edilmiş borcunu vaxtı-vaxtında ödəmişdir. Yeni sayğac quraşdırılanadək ona borcunun olması barədə məlumat verilməmişdir. Dəfələrlə sayğaca baxış keçirilmiş lakin ona irad bildirilməmişdir. Sayğac küçədə yerləşdiyindən ona nəzarəti Cavabdeh İB-nin əməkdaşları etmişdir. Heç vaxt sayğaca müdaxilə etməmişdir. Onun tərəfindən sayğaca müdaxilə edilmədiyni bildirsə də, qay sayğacını sökərək aparmalarının onun və 2 nəfər hal şahidinin iştirakı ilə qablaşdırılmalı olmasını bildirmişdir. Sayğacı apararkən sayğaca nəzarəti özlərinin etdiyini və küçədə hər bir müdaxilənin “Cavabdeh”ın əməkdaşları tərəfidən edildiyini onlara bildirmişdir. Barəsində 01.09.2012-ci il tarixdə 247992 saylı akt tərtib olunaraq yeni G-4 markalı 1202AQ**********9 nömərli əvvəlcə ödənişli qaz sayğacı ilə əvəzlənmiş və G-4 markalı 1102AQ**********2 nömərli qaz sayğacının klapanı bağlanmadığından ödəniş edilmədən təbii qazdan istifadəyə görə 305,40 manat borc üçün akt tərtib edilmişdir. Bu barədə “Cavabdeh” İB-nə əməkdaşlarının qanunsuz hərəkətləri barədə məlumat verilmişdir. Cavabdeh təşkilat qazda istifadəyə görə borcunun olması ilə bağlı ona hər hansı bir arayış verməmiş, bu borcun yaranma əsasları barədə məlumat verməmişdir. Borcun yaranma səbəbləri şübhəlidir. O mütəmadi olaraq, istifadə etdiyi qaza görə xidmət pulunu ödəmişdir. Həmçinin borcu həqiqətə uyğun olmayan yəni guya sayğacın plombu qırılmışdır kimi akt tərtibi ilə öz əksini tapmışdır. Əgər sayğacın plombu olmasa idi, qazı mütəmadi olaraq yoxlayan nəzarətçi plombun olmamasını aşkar etmiş olardı. Məhkəmə iclası iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, 2017-ci ildə elektron sayğac quraşdırılmışdır. Onda sayğac göstəricisinə əsasən cuzi miqdarda mənfi göstəriciyə yönəlmə olmuşdur. Nəzarətçi tərəfindən bu barədə onlara xəbərdarlıq edildikdən sonra mənfi göstəricidən məlumatlı olmuşdur. Göstəricinin düzəlməsindən ötrü hər dəfə 40-50 manat ödəniş etmişdir. Borc məbləğinin hesablanmasına əsas olan akt mövcud deyildir. Nə üçün 9 ildən sonra ondan 2012-ci il üçün hesablanan borc məbləğini tələb etmişlər Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, borc məbləği istifadə edilmiş qaz sərfiyyatına uyğun yazılmışdır. 4 ay ərzində qazdan istifadə edilsə də, ödəniş edilməmişdir. Bu səbəbdən borc yaranmışdır. Borc 2012-ci ildə tərib olunmuş akt əsasında müəyyən edilsə də, aktı məhkəməyə təqdim etməsi mümkün deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə “Cavabdeh” İB arasında bağlanan 1154 saylı, 27.07.2007-ci il tarixli əhali istehlakçılarının təbii qazla təmin edilməsi, ondan istifadə, istimar və ödəniş qaydaları haqqında müqavilədən görünür ki, paylayıcı müqavilənin şərtlərinə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən göstərilən hesaba ödəyir. Bakı Regional Qazın Satışı Departamentinin rəis müavini Hicran Abbasov tərəfindən məhkəmənin 23.04.2021-ci il tarixli sorğusuna verilən cavabdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10.11.2015-ci il tarixli, SOCAR/15-2900/02-06-000684 №-li əmrinə əsasən “Cavabdeh” İB-nin tabeliyində fəaliyyət göstərən X2 Sahəsi ləğv edilən zaman müvafiq sənədlər Bakı Regional Qazın Satış Departamentinə təhvil verilmədiyinə görə İddiaçı müqavilə borcunun yaranmasına əsas olan sənədlərin tapılması mümkün olmamışdır. Bakı Regional Qazın Satışı Departamentinin rəis müavini Hicran Abbasov tərəfindən İddiaçı Bəhhəddin oğluna yazılan 17 mart 2021-ci il tarixli cavab məktubundan görünür ki, araşdırma zamanı istifadəsində olmuş əvvəlcədən ödənişli G-4 markalı 1102AQ**********2 nömrəli qaz sayğacı “Qaz sayğacıın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 01.09.2012-ci il tarixli 247992 saylı akt tərtib olunaraq yeni G-4 markalı 1202AQ**********9 nömrəli əvvəlcə ödənişli qaz sayğacı ilə əvəzlənmiş və G-4 markalı 1102AQ**********2 nömrəli qaz sayğacının klapanı bağlanmadığından ödəniş edilmədən təbii qazdan istifadəyə görə 305,40 manat borc yaranmışdır. Bildirilmişdir ki, 17.03.2021ci il tarixinə istehlakçı hesabında mövcud olan 279,39 borc məbləğinin ödənilməlidir. Abonentin saldosundan və Gasrep adlı sayğac çıxarışından görünür ki, İddiaçı məxsus, abonent kodu **********00030 olan ünvana 2012-ci il üçün akt əsasında 305,4 manat borc hesablanmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Əvəzləşdirilmə zamanı dəyişdirilən qaz sayğacının klapanının bağlı olmaması səbəbindən 01.09.2012-ci il tarixli, 247992 saylı akt tərtib edilməklə cavabdeh tərəfindən iddiaçıya qazdan istifadəyə görə 305,40 manat borc hesablanmışdır. Hazırda iddiaçı həmin borcun əsassız olaraq hesablandığını, sayğacın kənar təsirlərdən mühafizəsinin onun tərəfindən mümkün olmamasını iddia edərək, ona hesablanan 305.40 manat borcun abonent hesabından silinməsini tələb edir. İş materiallarında borcun hesablanmasına səbəb olan akt olmadığından mübahisənin ədalətli həlli üçün həmin aktın məhkəməyə təqdim edilməsi üçün cavabdehə 23.04.2021-ci il tarixində, 2(001)-3642/2021 saylı sorğu ünvanlanmışdır. Sorğu verilən cavab ilə borc hesablanmasına əsas olan 01.09.2012-ci il tarixli, 247992 saylı aktın və müqavilə üzrə borcun yaranmasına əsas olan sənədlərin tapılması mümkün olmamışdır. Nəticə etibarı ilə İddiaçı ünvanına yazılan borcun hansı əsasla yazılmasını müəyyən etmək mümkün olmamışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qaz sərfiyyatına görə 305,40 manat məbləğində borc hesablamışdır. Lakin məhkəmə sorğusuna verilən cavabdan da göründüyü kimi həmin borcun hesablanmasına əsas olan akt arxiv məlumatlarında tapılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd edilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə araşdırması zamanı sübutetmə yükünün bölgüsü baxımından AKT-ın doğruluğunu, abonentin təqsirliliyini sübut etmə vəzifəsinin cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, 01.09.2012-ci il tarixli, 247992 nömrəli aktın mövcud olmaması cavabdeh tərəfin rəsmi məktubu ilə təsdiqlənmişdir.Buna görə də sayğacın plombunun açıq olmasında və bunun nəticəsində qaz itkisinin baş verməsində istehlakçının təqsiri müəyyən edilmədiyindən hesablanmış borc əsassız hesab edilməli və İddiaçı qazdan istifadəyə görə hesablanmış həmin borc cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən silinməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 88.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat miqdarında dövlət rüsumu ödənilir; Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən hesablanmış 305,40 manat məbləğində cərimə borcu İddiaçı abonent hesabından (abonent kodu **********00030) silinməli və istehlakçının ödəməkdən azad olduğu 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən hesablanmış 305,40 manat məbləğində cərimə borcu İddiaçı abonent hesabından (abonent kodu **********00030) silinsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar