Məhkəmə qərarları › İş №2(001)-3664/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3664/2022

14.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3664/2022 14.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 28 yanvar 2022-ci il tarixli akta görə hesablanmış 518 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 28 yanvar 2022-ci il tarixli akt əsasında onun adına ümumilikdə 518 manat məbləğində cərimə yazılmışdır. Belə ki, o, ailə üzvləri ilə birlikdə faktiki olaraq Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Yeni yaşayış massivi, 211 saylı evdə yaşayır. Aktda qeyd edilmişdir ki, cərimənin yazılmasına səbəb sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və dəymiş ziyan hesablanmalıdır. O, həm cərimə, həm də ki təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli 28 yanvar 2022-ci il tarixli akt qeyd edilənlərlə qəti şəkildə razılaşmır. Çünki həmin aktın tərtib edilməsi qanun pozuntusudur. Ona heç bir məlumat verilmədən necə ola bilər ki, özbaşına gələrək, vəzifə səlahiyyətlərindən istifadə edərək, onu xəbərdar etmədən cərimə ilə yüklü edərlər və üstəlik akt onun özü tələb etdikdən sonra təqdim edilər. O, sərf etdiyi təbii qaza görə hər ay ödənişləri edir və akt barədə bu günə kimi heç bir məlumat verməmişlər. Bu ciddi məsələ ilə bağlı o, ilk əvvəl məhkəməyə müraciət etmədən öncə Bakı regional Qazın Satışı Departamentinə rəsmi şəkildə ərizə ilə müraciət etmişdir. Lakin ona bu günə kimi heç bir cavab verilməmişdir. Qeyd etməyi vacib bilir ki, onun evinə quraşdırılmış sayğac yol kənarındadır və həmin yolu müxtəlif insanlar istifadə edir. O, hər an sayğacın nə vəziyyətdə olmasına görə baş çəkə bilməz. Hətta küçələrində azyaşlı uşaqlar top oynayır. Sayğac onun müdaxiləsi ilə yox, hər hansı bır səbəbdən zərər görə bilər. Ona görə də aktda qeyd edilənlər ilə qəti şəkildə razılaşmır. Hətta qeyd edir ki, 28 yanvar 2022-ci il tarixdə akt tərtib edilən zaman və sayğaca baxış keçirilən zaman onun iştirakı təmin edilərək, məsələ ilə bağlı ona məlumat verilməli idi. O, bu qeyd edilənləri qəti şəkildə qəbul etmədiyinə gorə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 28 yanvar 2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir; **********02110 nömrəli abonent X2 məxsus abonentin saldosundan görünür ki, onun 2022-ci ili üçün akt üzrə olan borcu 518,4 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 518,4 manat məbləğində borc hesablamışdır. Ona görə də məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı qazdan istifadəyə görə hesablanmış 518 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 1.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı (Abonent kodu: **********02110) təbii qazdan istifadəyə görə hesablanmış 518 (beş yüz on səkkiz) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar