Məhkəmə qərarları › İş №2(001)-367/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-367/2025

19.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-367/2025 19.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) “özbaşına tikilinin və çardağın sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus ünvan 5 saylı binanın 1-ci mərtəbəsində 5-ci girişə bitişik 20.0 kv.m ölçüdə olan özbaşına tikilinin və onun üzərində inşa olunmuş 24 kv.m ölçüdə çardağın cavabdehin vəsaiti hesabına sökülməsi, tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması və cavabdehə gələcəkdə eyni işlərin görülməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, 1992-ci ildən yəni, yaşadığı bina istifadəyə verildiyi gündən bu vaxta qədər qeyd olunan ünvanda (ünvan 1 yaşayır. Bütün uşaqlığı, gəncliyi bu ünvanda keçib. Hal-hazırda da həmin binada yaşayır və gələcəkdə də övladları burada yaşayacaq. Bu ünvan onun həyati mənafelərinin mərkəzidir. Yaşayış yerini dəyişmək kimi nə bir məqsədi, nə də ki, belə bir imkanı yoxdur. Lakin, cavabdeh X2 təxminən 3 (üç) il olar ki, qeyd olunan binaya Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ev 1 A, mənzil 82-yə köçüb. Binaya köçdüyü gündən binanın qarşısını, arxasını, giriş boşluğunu, pilləkən boşluğunu zəbt etmək və qanunsuz tikinti aparmaqla məşğuldur. Bu hərəkətləri cəzasız qaldığı və aidiyyəti qurumlar tərəfindən qarşısı alınmadığı üçün məntiqi sonluq olaraq onun pəncərəsinin qarşısında binanın 5-ci girişinin qarşısında təxminən 6 metrin * 4 metrə = 24 kvadrat metrdən artıq sahədə çardaq inşa etmişdir. Qeyd olunan çardaq tikinti norma və qaydalarına zidd olmaqla binaya əlavə, özbaşına artırmadır və binanın ümumi görünüşünə xələl gətirir. Eyni zamanda Azərbaycan Respublikasının tam hüquqlu vətəndaşı olaraq konstitusion hüquqlarını (mülkiyyət hüququnu) və qanunla qorunan mənafeyini kobud formada pozur. Çardağın ona yaratdığı narahatçılıqları, problemləri diqqətlə ayrı-ayrılıqda çatdırmaq istəyir. Çardaq mənzilinin pəncərəsinin qarşısını kəsib görüntünü məhdudlaşdırır, yəni mülküyyətində olan mənzilindən, evindən pəncərədən həyətə baxa bilmir. Çardağın üzərinə zibil yığılır xoşagəlməz, eybəcər və natəmiz görüntü yaradır. Misal üçün ölü quş, alt paltarı, gigeynik vasitələr, müxtəlif təyinatlı zibillər. Xüsusilə qış mövsümündə həmçinin havanın yağıntılı vaxtlarında yağış yağarkən səs-küy yaranır və əsassız narahatlıq verir, otaqda oturmaq, evdə rahat istirahət etmək mümkün olmur. Daim paltar suyunun səsi eşidilir. Pəncərədən baxarkən yuyucu toz (paraşok) iyi gəlir. İlin yay mövsümündə günəş şüaları dəmir çardağı qızdırdığı üçün pəncərəyə çıxmaq mümkün olmur, isti hava kütləsi insanın üzünü yandırır və həmçinin kondisonerlərdən axan suyun səsləri gün boyu, eyni zamanda gecə səhərə qədər narahatçılıq yaradır. Su damlalarının taqqıltısından gecə yatmaq mümkün olmur. Çardağı süpürmək üçün qonşu onun pəncərəsinin qarşısına dırmaşır və mənzilinin içərisi görünür. Eyni zamanda xüsusi ilə qeyd edir ki, çardağın üzərinə düşən müxtəlif əşyaları götürmək üçün tez-tez fərqli şəxslər çardağın üstünə yəni, onun pəncərəsinin qarşısına dırmaşmaq məcburiyyətində qalır və mənzilinin içərisinə baxır. Bu hərəkət milli mentalitetə, heç bir mədəni, dini və əxlaq dəyərlərinə sığmır. Bu halı şəxsi və ailə həyatına müdaxilə kimi qiymətləndirir. Yuxarıda sadaladığı hallar onun əsəb gərginliyi keçirməyinə səbəb olur və səhhətində problemlər yaradır. Bu halı fiziki və mənəvi sağlamlığına təhdid kimi qəbul edir. Eyni zamanda qanunsuz inşa edilmiş tikililər (çardaq) onun əmlak maraqlarına ziyan vurur. Belə ki, əmlakının bazar dəyərinin itirilməsinə səbəb olur, əmlakını qiymətdən, dəyərdən salır. Bu halı mülküyyətinə qarşı təsir kimi qəbul edir. Bütün qeyd etdiyi halları konstitusion hüquqlarının (mülkiyyət hüququnun) və qanunla qorunan mənafeyinin pozulması halı kimi qiymətləndirir. Bu halın aradan qaldırılmasını dəfələrlə qonşu X1 bildirsə də, ona yaratdığı narahatçılıq onun diqqətinə çatdırılsa da, onun sözlərinə əhəmiyyət verməmiş, qonşuluq münasibətlərinə hörmətlə yanaşmamışdır. Qanunsuz tikilini, çardağı söküb əvvəlki vəziyyətinə gətirməyi dəfələrlə xahiş etməyinə baxmayaraq heç bir nəticə olmamışdır. Eyni zamanda bu halın aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixində “Sakinlərin Müraciət Xidməti - 1646" çağrı mərkəzinə, xx.xx.2023-cü il tarixində isə Binəqədi rayon İcra Hakimiyyətinə, dəfələrlə yazılı və şifahi müraciət etsə də heç bir tədbir görülməmişdir. Müraciəti xx.xx.2023-cü il tarixində Binəqədi rayon İcra Hakimiyyətindən baxılması üçün Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı birliyinə göndərilmişdir. xx.xx.2024-cü il tarixində Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı birliyi müraciəti cavablandırmışdır. Cavab məktubunda eyvanın üstündə əlavə quraşdırılmış hissənin sökülüb ilkin vəziyyətə gətirilməsi barədə vətəndaşa xəbərdarlıq edildiyi bildirilmişdir. Qeyd olunan tikili çox mənfi tendensiyanın əsasını qoyur belə ki, bu hal digər sakinləri də eyni addımı atmağa, qanunsuz tikili və çardaq tikməyə maraq yaradır. Vəziyyəti daha dəqiq görmək üçün yerli baxış keçirilə bilər və məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin oluna bilər. Bu halda onun nə qədər haqlı olduğuna və naratçılığının əsaslı olmağına haqq veriləcək. Eyni zamanda xx.xx.2024-cü il tarixində Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı birliyi tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə təqdim olunmuş iddia ərizəsində (işin nömrəsi: e-2(001)-3409/2024, Hakim: Rəşad Qoşqarlı) aşağıdakılar göstərilmişdir. Birliyin əməkdaşları tərəfindən yerində araşdırma aparılmış və qeyd olunanlar təsdiq edilmişdir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 1 A saylı binanın 5- ci girişinə bitişik müəyyən olunmuş tikili ilə bağlı hüquqmüəyyənedici sənədlərin MKTB-yə təqdim olunması barədə, eyni zamanda hüquqmüəyyənedici sənədin olmağı halda özbaşına tikilinin sökülməsi barədə aidiyyəti MKİS tərəfindən bildiriş təqdim edilmiş, lakin heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamış və yol verilmiş qanunsuzluğun aradan qaldırılması ilə bağlı hər hansı tədbir görülməmişdir. Bundan sonra MKTB-nin əməkdaşları tərəfindən yerində araşdırma aparılaraq həmin tikililərin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, həmçinin də buna lazımı icazələr almadan və şəhərsalma və tikinti nomalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş özbaşına tikili kimi qiymətləndirmiş və MKTB-nin maraqlarına toxunduğuna görə tikinti sahibinin şəxsi vəsaiti hesabına sökülməsi barədə Cavabdeh xx.xx.2024-cü il tarixli xəbərdarlıq təqdim olunmuşdur. Lakin cavabdeh qeyd olunan tikililərin onun tərəfindən deyil, əvvəlki mənzil mülkiyyətçisinin inşa etdiyini bildirərək xəbərdarlıqla tanış olduqdan sonra qəbul etməkdən imtina etmiş, bu barədə müvafiq qeyd aparılaraq akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmənin birinci hazırlıq iclasında məhkəməyə yaranmış vəziyyət barədə məlumat verdi və qanunsuz inşa edilmiş tikililərin və çardağın foto şəkillərini (dörd ədəd) təqdim etdi. Birinci hazırlıq iclasında cavabdeh və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin nümayəndəsi iştirak etmədilər. xx.xx.2024-cü il tarixində keçirilmiş ikinci hazırlıq iclasında məhkəməyə yaranmış vəziyyət barədə bir daha məlumat verdi. İkinci hazırlıq iclasında cavabdeh və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin nümayəndəsi iştirak etdilər. xx.xx.2024-cü il tarixində keçirilmiş ikinci hazırlıq iclasından sonra məhkəmənin qarşısında və 2 (iki) dəfə də yaşadığı binanın həyətində cavabdehlə çardağın sökülməsi ilə bağlı söhbətlər aparmışdır. Cavabdeh çardağı sökəcəyinə söz verməsinə baxmayaraq bu günə qədər heç bir müsbət irəliləyiş əldə olunmamışdır. xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixində keçirilmiş məhkəmənin hazırlıq iclaslarında cavabdeh iştirak etməmişdir. İnşa edilmiş qanunsuz tikilinin ona yaratdığı narahatçılıq konstitusion hüquqlarının (mülkiyyət hüququnun) və qanunla qorunan mənafeyinin kobud şəkildə pozulması halı kimi qəbul olunmalıdır. Qeyd olunanları ümumiləşdirərək hesab edir ki, mövcud tikili və çardaq tikinti məqsədləri üçün lazımı icazələr alınmadan, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla və tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində aparılmış özbaşına tikinti kimi qiymətləndirməli və cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi barədə qərar qəbul edilməlidir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, iddianı qəbul etmədiyini, qonşuya problem yaradacaq heçnə etmədiyini bildirmiş, əlavə olaraq vurğulamışdır ki, məsələ zibildirsə, bunun qarşısını alacaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə ərizə göndərərək üzrlü səbəblərdən məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, bununla belə həmin səbəblərin nədən ibarət olduğunu göstərməmiş və bu hallara dair sübutlar təqdim etməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciət araşdırılması, qanunauyğun olaraq baxılması və görülmüş işlərin nəticəsi barədə məlumat verilməsi məqsədilə 5-10/2-H-184-071/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Eyni zamanda ərazi üzrə 102 saylı MKİS-nin əməkdaşları 1-ci mərtəbədə yerləşən 82-ci mənzilin sakini ilə görüşmüş, eyvanın üstündə əlavə quraşdırılmış hissənin sökülüb ilkin vəziyyətə gətirilməsi barədə vətəndaşa xəbərdarlıq edilmişdir. Eyni zamanda 1-ci mərtəbədə pilləkənin altı hissəsində quraşdırılmış arakəsmənin də sökülüb ilkin vəziyyətə gətirilməsi üçün əlavə xəbərdarlıq edilmişdir. “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X4 xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş tədqiqat obyektinə dair mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 1A saylı binanın 2-ci mərtəbəsində İddiaçı məxsus mənzilin qonaq otağında aparılmış müayinələrin göstəricilərinə əsasən hava cərəyanının surəti və işıqlanma tələb olunan normaya uyğundur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 1A, 82 nömrəli mənzildə rəsmi reyestrdə qeydə alınmış sənədlərdə göstərilənlərdən əlavə balkon tikilisinin və talvar tikilisinin inşa olunduğu müəyyən olundu. Aparılmış həmin işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları”nın 3-cü və 4-cü maddələrinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. İnşa olunmuş talvar tikilisinin iddiaçıya məxsus mənzilin pəncərələrinin və eyvanın qarşısına düşmədiyi müəyyən olundu. Həmçinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X4 xx.xx.2024-cü il tarixli 3-28-15/2-3799/2024 nömrəli mütəxəssis rəyində qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 1A saylı binanın 2-ci mərtəbəsində İddiaçı məxsus mənzilin qonaq otağında aparılmış müayinələrin göstəricilərinə əsasən hava cərəyanının surəti və işıqlanma tələb olunan normaya uyğundur. Sualın digər hissəsi üzrə müvafiq mütəxəssis rəyi (FHN) təqdim olunmadığına görə həmin hissə cavablandırılmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaların və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.3.4.-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər qonşudurlar. ünvan 5 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 86 saylı mənzil İddiaçı, həmin mənzilin bilavasitə altında (binanın 1-ci mərtəbəsində) yerləşən 82 saylı mənzil isə Cavabdeh mülkiyyətindədir. Cavabdehin mülkiyyətində olan 82 saylı mənzildə texniki pasportda nəzərdə tutulmamış, beton və metal konstruksiyalardan quraşdırılmış eyvan sahəsi, o cümlədən eyvanın üstündə 3.2 x 6 metr ölçüdə taxta və metal təbəqələrdən ibarət talvar mövcuddur və hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır. İddiaçı qanunvericiliyin normalarına və qaydalarına zidd inşa edilən tikiliyə etiraz etmiş və aidiyyəti qurumlara müraciət edərək sökülməsini xahiş etmişdir. Lakin, onun müraciətlərinin müsbət nəticəsi olmamış və hazırda iddiaçı mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh binada aparılan həmin işlərin onun tərəfindən görüldüyünü təkzib etməmişdir. Bununla belə o, həmin artırmaların iddiaçının mənafeyinə toxunmadığını, talvarın üstünə yığılan zibili isə təmizləməyə hazır olduğunu bildirməklə iddiaya etiraz etmişdir. Göründüyü kimi, ünvan 5 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki əlavə tikililərin cavabdeh tərəfindən aparılmış olduğu mübahisə mövzusu deyildir. Həmçinin iş üzrə alınmış ekspert rəyi ilə cavabdehin apardığı həmin işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları”nın 3-cü və 4-cü maddələrinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bununla belə məhkəmə iddiaçının iddia tələbləri qismən əsaslı hesab edir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehə məxsus 82 saylı mənzildə quraşdırılmış eyvan sahəsinin onun mənafelərinə hansı şəkildə toxunduğunu ümumiyyətlə əsaslandırmamışdır. Onun (iddiaçının) “talvarın üzərinə zibil yığılması, xoşagəlməz, eybəcər və natəmiz görüntü yaratması, yağış yağarkən səs-küy yaranması yay mövsümündə günəş şüalarının dəmir çardağı qızdırması, çardağı süpürmək üçün qonşunun, o cümlədən çardağın üzərinə düşən müxtəlif əşyaları götürmək istəyən fərqli şəxslər onun pəncərəsinin qarşısına dırmaşması və nəticədə narahatçılıq yaratması” barədə dəlilləri isə əsaslı olsalar da, cavabdehə məxsus 82 saylı mənzildə quraşdırılmış eyvan sahəsi ilə bağlı deyil, talvar ilə bağlıdırlar. İşə əlavə edilmiş fotoşəkillərlə həmin talvarın binanın eksteryerini də pozduğu müəyyən olunur. İddiaçının “cavabdehə gələcəkdə eyni işlərin görülməsinin qadağan edilməsi” tələbinə gəldikdə isə məhkəmənin qənaətinə görə, həmin işlərin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla görülməsi onsuz da qadağandır və bu baxımdan məhkəmə qətnaməsi ilə ayrıca qadağanın qoyulmasına ehtiyac yoxdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 5 saylı binanın 1-ci mərtəbəsində Cavabdeh məxsus 82 saylı mənzildə taxta və metal təbəqələrdən quraşdırılmış talvar cavabdehin vəsaiti hesabına sökülməli, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, o cümlədən 100 manat ekspertiza xərcinin 50 məbləğində hissəsi Cavabdeh, qalan 50 məbləğində hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. ünvan 5 saylı binanın 1-ci mərtəbəsində Cavabdeh məxsus 82 saylı mənzildə taxta və metal təbəqələrdən quraşdırılmış talvar onun öz vəsaiti hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 50 manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatların dəyərini təşkil edən cəmi 100 (bir yüz) manat məbləğində vəsaitin 50 məbləğində hissəsi Cavabdeh, qalan 50 məbləğində hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar