Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3719/2024 14.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "xxxx" ASC-nin də 3-cü şəxs qismində cəlb olunduğu “zaminlik müqaviləsinin ləğv edilərək etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "xxxx" ASC-nin də 3-cü şəxs qismində cəlb olunduğu “zaminlik müqaviləsinin ləğv edilərək etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Mövlan oğlunun və Cavabdeh1 əsas borclu kimi tanınması, "xxxx" ASC-yə 23340 (iyirmi üç min üç yüz qırx) ABŞ dolları məbləğdə olan borcun ödənilməsinin onlara həvalə edilməsi və onlarla olan zaminlik müqaviləsinin aldatma yolu ilə bağlanmasına görə xx.xx.2015-ci il tarixli "zaminlik" müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 hər biri ayrı-ayrılıqda iddia tələblərini müdafiə etməklə yanaşı, zaminlik müqaviləsinin onlar tərəfindən imza edilməməsinə əsaslanmaqla aldadılma yolu ilə bağlanılmasını əsas gətirərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6396/2017 saylı 02 may 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, İddiaçı2 və İddiaçı1 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdehlər Cavabdeh2, İddiaçı2 və İddiaçı1 23340 ABŞ dolları əsas borcun, 2000.84 ABŞ dolları borcun ödəmə günü Azərbaycan manatına məzənnə ilə və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8388/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6396/2017 saylı 02 may 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 Mövlan oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Cavabdeh2 Mövlan oğlunun apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəmsinin 2(001)- 6396/2017 saylı 02 may 2017-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkməsinin 2(102)-1008/2020 saylı, 17 fevral 2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8388/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8388/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli bildirişin surətindən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6396/2017 nömrəli 02 may 2017-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə borclular Cavabdeh2, İddiaçı2 və İddiaçı1 qeydiyyatda olduqları ünvanlara göndərilmişdir. İş materiallarında olan iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, iş üzrə müstəqil tələb irəli sürə bilməyən üçüncü şəxs "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə 23340 ABŞ dolları məbləğində nağd kredit müqaviləsi bağlanmışdır. Bank müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini vaxtında, lazımi qaydada yerinə yetirmədiyi üçün Bank öz hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim K.Əsədov) xx.xx.2017-ci il tarixli, 2(001)-6396/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, İddiaçı2 və İddiaçı1 qarşı “kredit borcu” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh2, İddiaçı2 və İddiaçı1 23340 ABŞ dolları əsas borcun, 2000.84 ABŞ dolları faiz borcunun borc ödəmə günü Azərbaycan manatına məzənnə ilə və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia etdikləri tələb, yəni zaminlik müqaviləsinin ləğvi və Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borclu kimi tanınması, borcun ondan tutulması mümkün hal deyildir. Belə ki, mübahisələndirilən kredit müqaviləsi üzrə borcun Cavabdeh2, İddiaçı2 və İddiaçı1 tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun 05 aprel 2021-ci il tarixli qərarında da qeyd edildiyi kimi eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Beləliklə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmala, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Qanunun tələbindən də göründüyü kimi, mübahisələndirilən iş üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğundan yenidən baxıla bilməz. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kreditləşmə və xidmət şərtlərinin 7.3-cü bəndinə əsasən müştəri müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Bankın ilk tələbi ilə zamin zaminliklə təmin edilmiş öhdəliyi icra etməlidir. Yəni zamin bütün maliyyə risklərini nəzərə alaraq müqaviləni imzalamalı idi. Müqavilə birgə xarakter daşımaqla qarşılıqlı razılıq əsasında bağlanmışdır. Bu səbəbdən də, zamindən tutulmaların dayandırılıb Cavabdeh2 Mövlan oğluna və Cavabdeh1 həvalə edilməsi, həmçinin, zaminlik müqaviləsinin etibarsızlığı absuddur. Belə ki, o istənilən vaxt hüququndan istifadə edərək reqres qaydada pulu əsas borcludan tələb edə bilər. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Hazırki tələbə münasibətdə ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardadında olan məhkəmənin mövqeyinə əsasən əqdə əsaslanan mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olubolmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. Həmin Qərardadda qeyd edilmişdir ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Bu baxımdan, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. Təsadüfi deyildir ki, MPM-in 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir. Digər tərəfdən, əqdə əsaslanan tələb üzrə işin icraatda olduğu və ya məhkəmə aktının qəbul edildiyi nəzərə alınmadan həmin əqdin etibarsız hesab edilməsinə dair tələblərin icraata qəbul edilməsi və baxılması hüquqi müəyyənlik prinsipinə də ziddir. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyridüzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməsidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Beləliklə, iş materiallarında olan sübutlarla təsdiq edilmişdir ki, iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, İddiaçı2 və İddiaçı1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6396/2017 saylı 02 may 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh2, İddiaçı2 və İddiaçı1 müştərək qaydada 23340 ABŞ dolları əsas borcun, 2000.84 ABŞ dolları faiz borcunun (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 Mövlan oğlu tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8388/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6396/2017 saylı 02 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra cavabdeh İddiaçı2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8388/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkməsinin 2(102)-1008/2020 saylı, 17 fevral 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8388/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən qüvvədə saxlanılmış və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Qeyd olunan qanunvericilik normalarına və Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında olan hüquqi mövqeyə, həmçinin hüquqi müəyyənlik prinsipinə əsaslanaraq, məhkəmə tərəfindən ilkin olaraq əqdə əsaslanan mübahisələrin ortaq cəhətləri, irəli sürülən tələblərin və ya etirazların əsasları qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müqayisəli şəkildə təhlil edilmiş, iddiaçıların iddia ərizəsində irəli sürdükləri tələblərin əsası kimi göstərilən halların (zaminlik müqaviləsindən məlumatlı olmamaları, onlar tərəfindən imza edilməməsi səbəbilə zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və sair.) qanuni qüvvəsi almış məhkəmə aktlarında yoxlanılaraq müvafiq hüquqi qiymət verildiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2020-ci il tarixli, 2(102)-1008/2020 saylı Qərarında kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, “......zaminlik müqaviləsində olan imzanın ona məxsus olmasının mübahisələndirilməsi imkanının olmadığı barədə dəlili əsaslı hesab edilə bilməz.” Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, hazırki iddianın hüquqi əsasını təşkil edən əqdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq qiymət verildiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "xxxx" ASC-nin də 3-cü şəxs qismində cəlb olunduğu “zaminlik müqaviləsinin ləğv edilərək etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-3719/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3719/2024
14.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver