Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-374/2021 20.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2017-ci il tarixli AL-1502 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, **- PC-*** dövlət qeydiyyat nişanlı, XWBTA69V9HA032410 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. “Daxili Lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 15 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 431.34 manat, ümumilikdə isə 20704.07 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 20704.07 manatın 15500 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon Nexia R3” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 fevral 2020-ci il tarixdə istifadəyə yararsız vəziyətə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 8439 manat məbləğində maddi ziyan dəymişdir. Lizinq alan Cavabdeh AL-1502 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 10 fevral 2020-ci il tarixə 3920.26 manat əsas, 1255.99 manat mükafat, 2234.08 manat dəbbə ümumilikdə 7410.33 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01.08.2017-ci il tarixli, AL-1502 saylı Daxili lizinq müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, XWBTA69V9HA032410 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir İş materiallarında olan 1502 saylı Lizinq müqaviləsinə 3 saylı Əlavədən görünür ki, məbləğ 15500 manat, illik faiz dərəcəsi 15%, müddət 48 ay, aylıq annuitet isə 431,34 manat təşkil etmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən aylıq ödənişlər cəmi 9 ay ərzində həyata keçirilmiş və sonuncu ödəniş 08.02.2019-cu il tarixdə həyata keçirilmişdir. İş materiallarında olan 25.09.2020-ci il tarixli 966 saylı maliyyə arayışından görünür ki, borclu Cavabdeh 01.08.2017-ci il tarixli, AL-1502 saylı “Daxili lizinq müqaviləsi” üzrə 10.02.2020-ci il tarixə əsas borcu 3920,26 manat, mükafat borcu 1255,99 manat, cərimə borcu 2234,08 manat, cəmi borcu 7410,33 manat təşkil edir. İş materiallarında olan 18.02.2020-ci il tarixli qüsur aktından görünür ki, “Ravon R3” minik markalı, 90PC041 dövlət qeydiyyat nişanlı avtomobilə 8439 manat məbləğində maddi ziyanın dəyməsi aktlaşdırılmışdır. İş materiallarında olan 19.04.2021-ci il tarixli, 9/1310 saylı ekspert rəyindən görünür ki, “Ravon Nexia R3” markalı 90PC041 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tədbiq edilməklə təxminən 7813 manat müəyyən edilmişdir. “Daxili lizinq” müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş İzinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə görə, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə № 3) müəyyən edilir. Müqavilənin 4.3-cü bəndinə müvafiq olaraq, lizinq ödənişlərinə (Lizinq Obyektinin dəyəri, Lizinq verənin mükafatı, tərəflər arasında razılaşdırılmış əlavə məsrəflər və s.) daxildir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13.10-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3% hesanlanmaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 15.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. “Daxili lizinq” müqaviləsinin 16.1-ci bəndinə əsasən, lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9,2, 10.4, 17.1 -ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. “Daxili lizinq” müaviləsinin 2.4.1-ci maddəsinə müvafiq olaraq, öhdəlikləri qəbul edən bu müqavilə və Lizinq müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə görə, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə müvafiq olaraq, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Mülki Məcəllənin 748-7.11-ci maddəsinə görə, lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Məhkəmə iddia tələbinin 2234,08 manat məbləğində dəbbə pulunun ödənilməsi hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilir ki, “borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. Məhkəmə əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə 223,75 manat cərimə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.08.2017-ci il tarixli, AL-1502 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh 3920,26 manat əsas borc, 1255,99 manat mükafat, 223,75 manat cərimə və 7813 manat lizinq obyektinə dəymiş zərər olmaqla, cəmi 13213 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 83,37% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.08.2017-ci il tarixli, AL-1502 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 3920,26 manat əsas borc, 1255,99 manat mükafat, 223,75 manat cərimə və 7813 manat lizinq obyektinə dəymiş zərər olmaqla, cəmi 13213 (on üç min iki yüz on üç) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının 100 (yüz) manat dəyəri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-374/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-374/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver