Məhkəmə qərarları › İş №2(001)-3749/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3749/2021

07.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3749/2021 07.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə əsasında nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış cərimə məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına quraşdırılmış sayğacla bağlı cavabdeh tərəfindən əsassız hesablanmış 600 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun məskunlaşdığı Bakı şəhəri, Ş.Məmmədova küçəsində 2 saylı DSK-nın həyətində inşa edilmiş təzə tikilmiş binada yaşadığı mənzilə aid elektrik sayğacı 25 avqust 2020-ci il tarixdə onun iştirakı olmadan dəyişdirilmiş və həmin tarixdə akt tərtib edilmişdir. Aktda kənar xəttin olması və kənar xəttdən istifadə edilməsi göstərilmişdir. Bir müddət sonra isə 600 manat miqdarında cərimə edilməyi barədə məlumat almışdır. O, hesab edir ki, formal olaraq belə bir aktın tərtib edilərək ona cərimə tətbiq edilməsi tamamilə əsassızdır. Belə ki, sayğac dəhlizdə yerləşir, kənar xəttdən istifadə edilməsi, toxunma imkanı belə yoxdur, ümumiyyətlə onun kənar xəttdən istifadə etməyinə zərurət yoxdur. O, məcburi köçkün olduğundan kommunal xərclərin ödənilməsinə dövlət tərəfindən yardım edilir. Həmçinin, kənar xəttin olması və ləğv edilməsi barədə heç bir sübut yoxdur, heç bir şahid dəvət edilməmişdir, habelə kənar xəttin harada və necə yerləşməsi və mənzilə hansı tərəfdən çəkilməsi və s. barədə heç bir məlumat yoxdur. Cavabdehin əməkdaşları sadəcə olaraq akt tərtib etməklə kifayətlənmişlər. Qeyd olunmalıdır ki, pandemiya dövründə o, əsasən başqa yerdə yaşamış, bu ünvanda yaşamamışdır və elektrik enerjisindən istifadə etməmişdir. Həmçinin nəzarətçi tərəfindən hər ay göstəricilər yazılır və kənar xəttin onun gözündən yayınması mümkün deyildir. Bununla da, onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunmalıdır ki, sayğaca müdaxilə əlavə enerjidən istifadəni nəzərdə tutur, lakin bu amil cavabdeh tərəfindən araşdırılmamışdır, belə ki, tərəfindən istifadə edilmiş sərfiyyatında hər hansı bir müdaxiləyə şübhə doğurmur və 3 ay müddətində ödənişlərə nəzarət etməklə bunu müəyyənləşdirmək mümkündür. Həmçinin, uzun müddət bu evdə yaşayış olmamışdır və elektrik enerjisindən istifadə edilməmişdir, bu da kənar xəttdən istifadə edilməsi anlamına gəlmir. Sayğaca onun tərəfindən müdaxilə edilməmişdir və buna hər hansı bir sübut da yoxdur, əsassız hesablanmış borc məbləği də qanunsuz olaraq hesablanmışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız cərimə məbləği silinməlidir. O, xəstədir, belə bir halın baş verməsi onun xəstəliyinin şiddətlənməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı sayğacdan kənar xəttdən istifadə etmiş, bu da “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən aşkar edilmiş, nəticə etibarı ilə sayğacdan qanunsuz qoşulma faktı ilə əlaqədar akt tərtib edilmişdir. Həmin akta əsasən isə iddiaçıya 0,11 tariflə 467,28 manat, 0,07 tariflə isə 126 manat olmaqla cəmi 593,28 manat məbləğində borc hesablanmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 25 avqust 2020-ci il tarixli, NDM 019835 nömrəli aktın surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyətinin yoxlanılması üçün baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, pilləkən qəfəsində quraşdırılmış mənzilə aid elektrik sayğacı şəbəkədən kənarlaşdırılmış, mənzilə sayğacdan kənar xətt daxil olmuşdur. Sayğacı qidalandıran əsas xəttin üzərindən qoşulma edilərək birbaşa elektrik enerjisindən istifadə edilir. Akt “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Ramin Abdıyev və Tağı Nəsirov tərəfindən imzalanmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 25 avqust 2020-ci il tarixli satış sahəsi üzrə tələblərinin surətindən görünür ki, İddiaçı məxsus ünvanda **********30027 abunə kodlu elektrik sayğacından kənar xətt qoşulması müəyyən edilmişdir. İstehlakçıya 2 kvt x (0,7) x 24 saat x 180 gün = 6.048 kvts, tarif (0,07 man) - 1.800 kvts x 0,07 = 126 manat; tarif (0,11 man) - 4.248 kvts x 0,11 = 467 manat olmaqla cəmi 593 manat hesablanması qərara alınmışdır. Həmçinin qeyd edilmişdir ki, kənar xətt ləğv edilməlidir. Abunə kodu **********30027 olan abunə haqqında sənədin surətindən görünür ki, NDM 019835 nömrəli akta əsasən İddiaçı 0,11 manatlıq tariflə 467,28 manat, 0,07 manatlıq tariflə 126 manat, cəmi 593,28 manat məbləğində cərimə hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının 1.1ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qərarın 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qərarın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Həmin Qərarın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qərarın 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qərarın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 25 avqust 2020-ci il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu **********30027) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, həmin ünvanda sayğacdan kənar xəttin qoşulması aşkar edilmiş, bununla əlaqədar 25 avqust 2020-ci il tarixli, NDM 019835 nömrəli akt tərtib edilmiş və akta əsasən iddiaçıya 593,28 (467,28+126) manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, akt tərtib edilərkən cavabdehin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin), eləcə də hal şahidlərinin iştirakı təmin edilməmiş, mənzil sahibinin izahatı və mülahizələri akta əlavə edilməmişdir. Eyni zamanda iddiaçının Aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması da aktdan müəyyən edilməmişdir. Həmçinin, iş materialları ilə sayğacın pilləkən qəfəsində quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bundan başqa, iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə riayət edilmədən tərtib edilmiş akt etibarlı deyil və beləliklə də, onun əsasında hesablanmış 593,28 manat borc iddiaçının abunə hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, 25 avqust 2020-ci il tarixli akta əsasən iddiaçıya cavabdeh tərəfindən 600 manat məbləğində borcun hesablanması iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən 29 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 593,28 manat məbləğində borc İddiaçı məxsus **********30027 saylı abunə hesabından silinməli, qalan hissədə iddia təmin edilməməli, habelə “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 29 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia qismən təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 593,28 (beş yüz doxsan üç manat, iyirmi səkkiz qəpik) manat məbləğində borc İddiaçı məxsus **********30027 saylı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 29 (iyirmi doqquz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar