Məhkəmə qərarları › İş №2(001)-3751/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3751/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3751/2022 04.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.650 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 01 yanvar 2020-ci il tarixdə kirayə müqaviləsi bağlamışdır. Cavabdeh kirayə götürdüyü mənzili və orda yerləşən avadanlıqları yaxşı vəziyyətdə saxlamağı, yaşayış sahəsini müqavilədən kənar məqsədlərlə istifadə etməməyi, mənzildə olan avadanlıqlara dəyən ziyanı ödəməyi və mənzili kirayə haqqını hər ay 300 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin 2021-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar, fevral aylarının kirayə haqqını ödəməmiş, müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Kirayə haqqı üçün 2100 manat, 35 manat su pulu, cəmi 2.135 manat borcu qalmışdır. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Müqavilənin şərtlərini pozan tərəf digər tərəfə vurulmuş zərərə görə cavabdehlik daşıyır. İddiaçı iddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, cavabdeh 2021-ci ilin oktyabr, noyabr, dekabr aylarının, 2022-ci ilin isə yanvar, fevral, mart, aprel və may ayları üçün kirayə haqqı ödəməmişdir. Cavabdehin mənzildə yaşadığı müddət mənzilin oboyları yararsız vəziyyətə düşmüşdür, sonradan əlavə xərc çəkib mənzili təmir etdirmişdir. Cavabdeh öz əl yazması ilə yazılmış ərizəsində qeyd etmişdir ki, 2021-ci ilin avqust ayından 2021-ci ilin sonunadək kirayə haqqını ödəyə bilməmişdir. Cavabdeh iddiaya yazılı etiraz ünvalayaraq bildirmişdir ki, o, Binəqədi rayonu, Mircəlal küçəsi, 1a, 101 saylı mənzili kirayə götürən zaman adı gedən şəxsin kim olduğundan xəbəri yox idi. O, müqaviləni “İdeal İnşaat”ın nümayəndəsi kimi tanıdığı, binanın komendatı olan Faidə adlı xanımla bağlamışdır. 2016-cı ildən 2022-ci ilin aprel ayının sonuna qədər həmin evdə ailəsi ilə birlikdə yaşayır. Oranı kirayə götürəndə söz verildi ki, ən geci 1 ay müddətində evə istifadə üçün qaz xətti çəkiləcək. Pandemiya müddətinə qədər ödənişlər vaxtında ödənilirdi. Pandemiya vaxtında işlərinin ləngiməsi ilə “İdeal İnşaat”la arasında 3 ay borc yaranmışdır. Yuxarıda qeyd etdiyi kimi söz verilən qaz xətti onlar oradan çıxana qədər çəkilmədi. Onlar da məcbur olaraq bütün vasitələrdən ancaq elektrik enerjisi istifadə etmişlər. Pandemiya müddətində işlərin ləngiməsi ilə əlaqədar aralarında borc problemi yarandı. Həmin istifadə müddəti balkonda təmir işləri onun hesabına görülüb. Eyni zamanda həmin evdə internet xəttinin olmaması ilə əlaqədar şəxsi hesabından 200 manat xərcləyib internet xətti çəkdirmişdir. O, bunları ona dediyi zaman isə bildirmişdir ki, “sən öz hesabından elə, sonra ödəniş vaxtı biz aramızda onları nəzərə alıbevin ödənişindən çıxarıq”. İddiaçı məhkəməyə göndərdiyi iddia ərizəsinə əlavədə bütün məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, onun hazırda iddiaçıya 3 ay 15 günə görə 1.050 manat borcu qalmışdır. O, həqiqətən də 2016-cı ildən iddiaçıya məxsus mənzildə ailəsi ilə birlikdə 2022-ci ilin aprel ayının sonuna qədər kirayədə yaşamış, həmin mənzili oğlu üçün almaq niyyətində olmuşdur. Lakin mənzilin çıxarışı olmadığı üçün ora təbii qazın çəkilməsi mümkün olmamış və həmin mənzili almaq fikrindən dönmüşlər. O, kirayə haqqını həmişə binanın komendantına ödəyirdi. O, kirayə haqqı olaraq 450 manat bir və 300 manat bir binanın komendantına ödəniş etmiş, lakin binanın məhkəmədə işi olduğuna və möhür də həmin işə əlavə edildiyinə görə ona ödəniş qəbzi verməmişlər. Ona görə də həmin ödənişləri təsdiq edən qəbzləri məhkəməyə təqdim edə bilmir. O, hüquq-mühafizə orqanlarına müraciət edəcəkdir ki, onun ödəniş etdiyi 750 manatın mənimsənilib-mənimsənilmədiyi araşdırılsın. 2021-ci ilin avqust, sentyabr və oktyabr aylarının ödənişləri ilə bağlı qəbzlər onda var. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Kirayəyə verən İddiaçı ilə kirayəçi Cavabdeh arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 1 D, B-2, 101 saylı mənzil sonuncuya aylıq kirayə haqqı 300 manat məbləğində ödənilməsi şərtilə kirayəyə verilmişdir. Müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərinə əsasən kirayəçi kirayəyə götürdüyü mənzili və orada yerləşən avadanlıqları yaxşı vəziyyətdə saxlamağı, yaşayış sahəsini müqavilədən kənar məqsədlərlə istifadə etməməyi, mənzildə olan avadanlıqları təhvil aldığı qaydada təhvil verməyi, mənzildə olan avadanlıqlara dəyən ziyanı ödəməyi, mənzilin kirayə haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə müddətsiz bağlanmışdır; İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 20 mart 2022-ci il tarixli xəbərdarlıqdan və 10 aprel 2022-ci il tarixli təklifdən görünür ki, İddiaçı sonuncudan 01 yanvar 2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin icra edilməsini, 2.135 manat məbləğində pulun tutulmasını xahiş etmişdir; Cavabdeh tərəfindən 12 noyabr 2021-ci il tarixdə yazılmış ərizədən görünür ki, o, Bakı şəhəri, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 1 D, B-2, 101 saylı mənzildə kirayə qalır, kirayə haqqının məbləği 300 manata razılaşmışlar. 2021-ci ilin avqust ayından vəziyyəti ilə bağlı “İdeal İnşaat” şirkətinə pulu verə bilməmişdir. Ona görə də 1450 manat borcu yaranmışdır. Borcunu ödəməsinə söz vermişdir; 17 dekabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən kirayə müqaviləsində göstərilən mənzilə görə “İdeal Compani” yə avqust ayı üçün 300 manat məbləğində pul ödəmişdir; 28 yanvar 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən kirayə haqqı olaraq “İdeal İnşaat”a sentyabr ayı üçün 300 manat məbləğində pul ödəmişdir; 21 fevral 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən kirayə müqaviləsində göstərilən mənzilə görə “İdeal Compani” yə oktyabr ayı üçün 300 manat məbləğində pul ödəmişdir; 16 may 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 51 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, tərəflər arasında kirayə müqaviləsi bağlanmış və Bakı şəhəri, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 1 D, B-2, 101 saylı mənzil iddiaçı tərəfindən cavabdehə aylıq 300 manat kirayə haqqı ödənilməsi şərtilə kirayəyə vermişdir. Lakin, cavabdeh tərəflər arasında bağlanmış müqavilə ilə müəyyənləşdirilmiş kirayə haqqının ödənilməsinə dair üzərinə düşən öhdəlikləri tam icra etməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan kirayə haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış kirayə haqqı üzrə borcunu iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehdən tutulmalı olan kirayə haqqının məbləği ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehdən iddia ərizəsində 2021-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarının, 2022-ci ilin isə yanvar, fevral ayları üçün kirayə haqqı olaraq 2.100 və sudan istifadəyə görə 35 manat borcunun olduğunu bildirsə də, daha sonra ərizə verərək cavabdehin izahatına əsaslanaraq əlavə olaraq 2022-ci ilin mart, aprel və may ayları üçün də ümumilikdə 2.650 manat məbləğində vəsaitin tutulmasını xahiş etmişdir. Cavabdeh isə məhkəməyə ünvanlamış ərizəsində və məhkəmədə verdiyi izahatında 2022-ci ilin aprel ayının sonuna qədər mənzildə kirayədə yaşadığını bildirmiş və məhkəməyə təqdim edilmiş qəbzlərdə 2021-ci ilin avqust, sentyabr və oktyabr ayları üçün onun tərəfindən kirayə haqqının ödənildiyi müəyyən edilir. Tələb olunan digər aylara görə kirayə haqqının ödənişləri ilə bağlı isə cavabdeh tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən tələb edilən 35 manat məbləğində suya görə borcla və sonradan mənzilin təmirinə çəkilmiş xərclə bağlı məhkəməyə sübut təqdim edilməmiş, iddia ərizəsinə əlavədə isə iddiaçı əlavə 3 aya görə kirayə haqqı tələb etsə də, tələb olunan məbləğdən görünür ki, həmin məbləğ 515 (2.650 – 2.135) manat təşkil edir və bu məbləğ də 3 aylıq kirayə haqqını, yəni 900 manat təşkil etmir. Göstərilənlərə əsasən məhkəmə cavabdeh tərəfindən təqdim edilən ödəniş qəbzlərini və onun izahatını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 2 ay 2021-ci ilə görə, 4 ay isə 2022-ci ilə görə kirayə haqqını təşkil edən 1.800 (300 x 6) manat məbləğində vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.800 manat məbləğində kirayə haqqı və ödənilmiş dövlət rüsumunun 35 manatı İddiaçı xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1.800 (bir min səkkiz yüz) manat məbləğində kirayə haqqı və ödənilmiş dövlət rüsumunun 35 (otuz beş) manatı İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar